Əmək bazarında uğurlu olmaq üçün hansı xarici dilləri öyrənməli? – Gənclərə məsləhət

Nigar Kərimova: “İngilis və rus dili ilə yanaşı, üçüncü xarici dilə də ehtiyac duyulur”

Hazırda xarici dil biliyi əmək bazarında ən çox önəm verilən və tələb olunan nüanslardan biridir. Belə ki, işə qəbul üçün gedəndə, bəzən ali təhsil səviyyəsindən öncə dil biliyini soruşurlar. Əksər iş elanlarında xarici dil biliyi əsas şərt kimi qoyulur. Buna görə də, vaxtı, imkanı yetən gənclər müxtəlif dilləri öyrənməyə çalışırlar. Lakin bəzən öyrəndikləri dillər onlara işlərində o qədər də lazım olmur. Burada sual yaranır ki, iş həyatında lazım olan, uğur qazanmaqda kömək edəcək xarici dili necə müəyyənləşdirməli? Hansı xarici dilləri öyrənməliyik?
Mövzu ilə bağlı suallarımızı Böyük Britaniyanın York Universitetinin insan resurslarının idarə edilməsi və psixologiyası ixtisası üzrə magistr məzunu Nigar Kərimovaya ünvanladıq.
N.Kərimova xarici dil biliyinin sadəcə, işdə yox, ümumiyyətlə, insanın şəxsi inkişafında da əhəmiyyətli rol oynadığını deyir: “Yaşadığımız texnika və texnologiyanın inkişaf etdiyi müasir dövrün bir sıra tələbləri var. Həmin tələblərdən biri hətta deyərdim ən əsası xarici dil biliyidir. Çünki cəmiyyətə inteqrasiya olunduqca, müxtəlif xarici şirkətlər və təşkilatlarla əlaqələr qurulduqca, xarici dil biliyi olan kadrlara ehtiyac duyulur. Ona görə ki, dil biliyi olan kadr şirkətin öz imkanlarını daha da genişləndirib, inkişaf etdirməsi üçün şərait yaradır. Bundan başqa, dil biliyi sadəcə, işdə yox,  başqa ölkənin insanları ilə əlaqə qurmaqda, dünyagörüşü və intellektin inkişaf etdirməsində böyük rol oynayır”.
Müsahibimiz deyir ki, ingilis və rus dili ilə yanaşı, artıq üçüncü xarici dilə də ehtiyac duyulur: “Məlum məsələdir ki, günümüzdə ingilis və rus dili bir çox insanın ikinci ana dilinə çevrilib. Amma  təbii ki, üçüncü xaricə dilə ehtiyac duyulur. Vacib olan üçüncü seçim  fransız və alman dilidir. Misal olaraq, öz təcrübəmdən bir nüansı sizinlə bölüşə bilərəm. 2014-cü ildə Avropa Parlamentində təcrübə proqramından yararlanarkən təkcə ingilis dilini bilməyin yetərli olmadığını gördüm. Orada  ingilis dili ilə yanaşı, fransız və alman dilləri də seçilən və üstünlük verilən dillərdən idi. İngilis, rus, fransız və alman dilləri hazırda əmək bazarında ən çox tələbat olan dillərdir”.
N.Kərimova xarici dil öyrənməyin yollarından və əlavə dil biliyinin insanın işində ona verdiyi üstünlüklərdən danışdı: “Dil biliyi peşəmizdə bizə xeyli üstünlük əldə etmək imkanı verir. Belə ki, insan özünü daim mütaliə ilə inkişaf etdirə bilər. Və bu da qaçılmaz faktdır ki, hazırda istənilə sahəyə məxsus ədəbiyyatı Azərbaycan dilində tapmaq mümkün deyil. Elmi ədəbiyyatın əksəriyyəti demək olar ki, xarici dildədir. Ona görə də, biz özümüzü ixtisasımız üzrə inkişaf etdirmək istəyiriksə, mütləq xarici dili bilməliyik. Öz elmi ədəbiyyatımızla kifayətlənə bilmərik. Dil öyrənmək üçünsə, “mütləq kursa getmək lazımdır” kimi bir şərt yoxdur. Əksinə, insan özü də hər gün söz bazasını artırmaqla buna nail ola bilər. Onsuz da indi internetdə hazır dil dərsləri var. Onlardan istifadə etməklə hansısa bir dili istənilən səviyyədə öyrənmək olar.  Öyrəndiyiniz dili də danışıq klublarında iştirak edərək, inkişaf etdirə bilərsiniz”.