Ən iri investisiya fondundan rekord həcmdə kapital axını baş verib

Ən iri birja investisiya fondu olan “SPDR S&P 500″dən ötən həftə rekord həcmdə kapital axını baş verib.

“Bloomberg”ə istinadən, Fond aktivlərinin 8%-ni, yəni 23,6 mlrd. dollarını itirib və bu, 2010-cu ilin avqust ayından sonra ən yüksək templi azalma olub.

ABŞ-ın nüfuzlu “JPMorgan” bankının analitiklərinin fikrincə, investisiya fondlarının mövqelərini bağlamaları gələcəkdə satışların kəskinləşə biləcəyinin işarəsi kimi qəbul oluna bilər.

“Bloomberg”ə görə, ötən həftə fond birjalarından kapital axını son 9 ayda daxil olan vəsaitlərin həcminə bərabər olub. Kapital axını ilə bərabər səhmlərin qiymətinin düşməsi “SPDR S&P 500” fondunun vəsaitlərinin 12,9% və ya 38,6 mlrd. dollar azalmasına səbəb olub.

Qlobal fond bazarları isə ötən həftə 5,2 trln. dollar itirib. Qalan vəsaitin yarısı ABŞ-da qeydə alınıb. ABŞ-ın 500 ən iri şirkətini təmsil edən “S&P 500” indeksinin yanvarın 26-dakı pik səviyyəsindən 10,16% geriləməsi ABŞ şirkətlərinin kapitallaşmasının 2,49 mlrd. azalmasına gətirib çıxarıb.