Ən yüksək riskli müştəri qrupu təqaüdçülərdir

Kredit təhlili istənilən bir bankın fəaliyyətində olduqca əhəmiyyətli yer tutur, çünki verilən kreditlərin qayıtması və bankın gələcəkdə gəlirliliyinin təmin edilməsi ilk növbədə bundan asılı olur. Hal-hazırda səriştəli kredit mütəxəssislərinə tələb olduqca yüksəkdir, amma eyni zamanda banklar hələ təcrübəsi olmayan namizədlərə bu sahədə işləmək imkanı yaradırlar. Kredit mütəxəssisləri arasında təcrübə mübadiləsi aparmaq və eləcə də bu sahədə ilk addımlarını atanlara və gələcəkdə kredit sahəsində işləmək istəyənlərə dəstək olmaq məqsədi ilə müxtəlif kredit mütəxəssislərini bu sahədəki biliklərini bizimlə paylaşmağa dəvət edirik.

İlk mövzumuz istehlak kreditlərinin təhlilidir və bununla əlaqədar olaraq Amrahbankın İstehlak kreditləri bölməsinin baş mütəxəssisi Rafael Cavadlının fikirlərini öyrənməyə çalışdıq:

Uzun müddət ərzində Azərbaycan kredit bazarında istehlak kreditlərinin daha riskli məhsul olduğu haqqında fikir formalaşıb – Siz bu fikirlə razısınızmı?

Bəli, bu fikirlə razıyam. Mənim fikrimcə, riskin yüksək olmasına səbəb mövcud istehlak kreditləri bazarının əsasən təqaüdçü və yaxud dövlət büdcəsindən maliyyələşən strukturların əməkdaşlarından ibarət olmasından yaranır. Belə ki, bu müştəri bazasının nə qədər əməkhaqqı və təqaüd aldığı hamıya məlumdur. Aşağı gəlirli müştəri bazasına təminatsız kreditlərin verilməsi istehlak kreditlərinin üzərində “riskli məhsul” adının saxlamasına zəmin yaradır.

Sizin fikrinizcə istehlak kreditlərini dərindən təhlil etməyə ehtiyac varmı? Hansı məbləğlər daha dərindən təhlil edilməlidir və yaxud hansı təminat paketinə malik insanlar daha çox araşdırılmalıdır?

Əlbəttə, ehtiyac həmişə var. Lakin istehlak kreditlərini, digər kredit növlərindən fərqli edən cəhətlərdən biri də müştəriyə kredit verilməsi ilə bağlı qərarvermə prosesinə ayrılan zaman intervalının 5-10 dəqiqədən çox olmamasıdır. Çünki bu bazarda rəqabət yüksəkdir. Lakin bu, o demək deyil ki, mütəxəssis müştərinin təhlilinə səthi yanaşsın və bu yanaşma da sonradan o kreditin qaytarılması üçün riskin artmasına səbəb olsun. Yuxarıda da qeyd etdiyim kimi bu müştəri bazasının gəlirlərinin yüksək olmaması, mənim fikrimcə, 2000 AZN-dən yüksək məbləğlərdə kredit verilərkən ailə gəlirlərinin və digər məlumatlarının çox ciddi yoxlanılmasına ehtiyac yaradır. Ən çox ehtiyacı olan və riski yüksək olan müştəri qrupu təqaüdçülərdi. Çünki tutaq ki müəllimin maaşı 150 AZN olsa da o repetitorluq kimi fəaliyyətlə məşğul olmaqla gəlirlərini yüksəldə bilir. Təqaüdçülərdə isə vəziyyət eyni deyil. Çox vaxt onların yeganə gəlir mənbəyi təqaüdləri olur.

Məlumdur ki, regiondakı müştərilər paytaxta nisbətən fərqlidirlər – necə düşünürsünüz regionlarda istehlak krediti götürən müştərilərin təhlili zamanı proses və ya müştəri xüsusiyyətinin fərqliliyi nədən ibarətdir?

Region müştərilərinin əksəriyyəti yetərincə maliyyə savadlılığına malik deyil. Onlara bir az çətin olur, öz ailə gəlirləri barədə məlumat vermək və bir az da çəkinirlər öz gəlirləri, ailə gəlirləri haqda danışmağa. Bundan başqa, bildiyimiz kimi bizdə əhalinin gəlirlərinin yarıdan çoxu ərzaq məhsullarına xərclənir. Bu isə region müştərisi ilə Bakı şəhərində yaşayan müştərinin təhlili zamanı özündə göstərir. Çünki regionlarda müştərilərin əksəriyyəti kənd yerlərində yaşayır və onlar da ərzaq məhsullarına demək olar ki, xərc çəkmirlər, hər bir şeyi şəxsi təsərrüfatdan əldə edirlər. Bu da müştərinin ailə xərclərinin hesablanması zamanı hökmən nəzərə alınmalıdır. Bundan başqa əgər müştəri düzgün təhlil olunursa, regionlarda müştərilərin problem yaratma riski bir az şəhərə nisbətən azdır. Çünki regionlarda az da olsa “qohum-qonşudan ayıbdır” kimi ictimai qınaq qalmaqda davam edir..

Sonuncu qeyd etdiyimiz nüans, zaminliklə verilmiş kreditlərdə kreditin qaytarılmasında mütəxəssisin daha çox köməyinə çatan amillərdən biridir.

Bu tip kreditlər ilə bağlı diqqətinizi çəkən nüans və məqamları oxucularımız ilə paylaşmağınız çox maraqlı olardı.

Bu gün ölkəmizdə istehlak bazarında “istehlak kreditləri bumundan” sonra zəifləmə var. Belə ki, bazarın əsas iştirakçıları olan banklar müştəriləri əksəriyyətini kreditlərlə belə demək olarsa “yükləyiblər”. Az adam tapmaq olar ki, onun MKR hesabatında 2-3 banka borcu çıxmasın. Ona görə mütəxəssislərə müştəri seçmək bir az çətinləşib.

Ən vacib olan məsələlərdən biri də bankların problemli müştərilər kredit verilməməsi barədə həmrəylik göstərməsi olardı. Bu da müştərilərə kredit ödəmə mədəniyyətinin formalaşdırılmasına kömək olardı.

Yəqin kredit təhlili zamanı MKR-dən geniş istifadə edirsiniz – həmin xidməti daha da yaxşılaşdırmaq üçün hansı təklifləri verərdiniz?

MKR xidməti istehlak kreditlərində müştəri barədə qərar vermək üçün ən vacib olan vasitələrdən birincisidir – desəm yanılmaram. Qısa müddət öncə bu xidmət müəyyən qədər təkmilləşib və müştərinin aylar üzrə ödəniş məlumatlarının da MKR hesabatlarında görünməsi müsbət hal idi.

Lakin, yenə də bu xidmətlə bağlı bəzi çatışmazlıqlar var. Birinci növbədə kredit ittifaqları da tez bir zamanda bu xidmətə qoşulmalıdırlar. Bu ehtiyac bəlkə də şəhərdə o qədər vacib deyil, amma regionlarda belə təşkilatların çoxluğu bu zərurəti yarardır. Bundan başqa müştərinin zaminliyi ilə bağlı məlumatların da bu hesabatda əks olunması çox yaxşı olardı.

Digər məsələ bankların bu xidmətə verdikləri hesabata nəzarət gücləndirilməlidir. Ən çox da bəzi banklarda məlumatın gec yenilənməsi və səhv hesabatların verilməsi müştərilərdə narazılığın yaranmasına səbəb olur və kredit işçisi üçün də faktiki borcun müəyyənləşdirilməsində (qısa zaman müddətində) çətinlik yaradır.