13 C
Baku
Friday, April 19, 2024

Əcnəbilər üçün ƏDV ləğv olundu

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

APA-nın məlumatına görə, bu, bu gün Milli Məclisin növbədənkənar xüsusi sessiyası çərçivəsində keçirilən plenar iclasda qəbul edilən Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Bununla əlaqədar vergi ödəyicisinə ƏDV-nin qaytarılması şərti ilə satışı həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada ərizə ilə vergi orqanlarına müraciət etmək hüququ verilir. Müvafiq olaraq vergi orqanlarının vəzifələri sırasına isə ƏDV-nin qaytarılması şərti ilə satışı həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada vergi ödəyicilərinin qeydiyyatını aparmaq, satıcı kimi qeydiyyata alınmış vergi ödəyicilərinin müraciəti əsasında onları müvafiq proqram təminatı və texniki avadanlıqlarla təchiz etmək, ƏDV-nin qaytarılması sisteminin təşkili ilə bağlı müəyyən edilmiş gömrük-sərhəd buraxılış məntəqələrində zəruri infrastrukturun yaradılmasını təmin etmək əlavə edilib.

Qeyd edək ki, Vergi Məcəlləsinə edilən bu dəyişikliklər Azərbaycana xarici turistləri cəlb etmək və onlar tərəfindən ölkə ərazisində mal və məhsulun alışını təşviq etmək məqsədi güdür. Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkə ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilən əlavə dəyər vergisinin qaytarılması sisteminin (Tax Free) tətbiqi əmtəə dövriyyəsinin artması ilə nəticələnməlidir.

Z. Oruc qanun layihəsinin qəbuluna qarşı çıxıb və Böyük Britaniyanın Avropa Birliyindən çıxmasının da Tax Free tətbiqinin gündəmdən düşdüyünü göstərdiyini qeyd edib.

Spiker Oqtay Əsədov isə Böyük Britaniyanın Avropa Birliyindən çıxmasının bu məsələyə dəxli olmadığını vurğulayıb: “Tax Free Azərbaycanda ticarət dövriyyəsinin artmasına səbəb olacaq”.

O. Əsədov Z. Orucu mövzu üzrə danışmağa çağırıb. Z. Orucun yerdən etirazına isə spikerin reaksiyası sərt olub: “Mövzudan danış. Özünü qabiliyyətli apar. Həddini aşırsan, yerindən danışma”.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov spikerə qarşı hörmətli davranılmasını zəruri sayıb və Vergi Məcəlləsinə dəyişikliyin zəruri olduğunu qeyd edib. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov da Vergilər Məcəlləsinə dəyişikliyin günün tələbi olduğunu qeyd edib. C. Qurbanov həm də bütün məhsullara ƏDV-nin tətbiqinin düzgün olmadığını söyləyib.

Qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər