16 C
Baku
Friday, April 19, 2024

Əgər gənclərin hamısı çıxıb gedərsə bəs, bu millətin gələcəyi necə olacaq?

Müsahibimiz: University of Stirling-in məzunu Rəşad Əyyubzadə

Rəşad bəy, ilk öncə müsahibə üçün təşəkkür edirəm və xahiş edərdim ki, oxucularımıza özünüz barədə qısaca məlumat verəsiniz.

Mən – Əyyubzadə Rəşad Nazim oğlu 1989-cu il mart ayının 27-si Füzuli rayonu Kürdlər kəndində anadan olmuşam.

1995-ci ildə Sumqayıt şəhəri 9 saylı orta məktəbində 1-ci sinfə getmişəm. 2006-cı ildə həmin məktəbi bitirib Bakı Slavyan Universitetinin Tərcümə fakültəsinə qəbul olmuşam. Bakalavr pilləsini bitirdikdən sonra 2011-2012-ci illərdə Şotlandiyanın Stirling Universitetində Menecment ixtisası üzrə magistr təhsili almışam.

Necə oldu ki, yolunuz Şotlandiyadan (Britaniyadan) düşdü, Stirling Universiteti ilə öncədən hər hansı bir tanışlığınız var idi, ya bunu sadəcə təsadüf adlandırmaq olar?

Yox öncədən heç bir tanışlığım olmayıb bu universitetlə, amma magistr təhsilimi Britaniyada almağa məqsədlənmişdim. 2011-ci ilin yazında Londonda “Malvern house” məktəbində İELTS kursu üzrə hazırlıq keçərkən universitet seçimləri ilə maraqlanmağa başladım və bir dostum mənə təhsil sahəsində çalışan bir türk agentliyi ilə tanış etdi. Mən onlara menecment ixtisası üzrə magistr təhsili almaq istədiyimi bildirdim. Bu agentlik İngiltərə, Şotlandiya və Uels universitetləri ilə danışıqlara başladılar. Mən İngiltərə və Uels universitetlərindən qəbul alsam da, agentlikdə mənə şəxsi hesaba oxuduğum üçün həm qiymət baxımından sərfəli, həm də reytinqi, gözəl kampusu və hər bir şəraiti olan Stirling Universitetini məsləhət gördülər. Mən də öz növbəmdə bu universitet haqqında araşdırmalarımı apardım, qəti qərarımı verdim və oxuduğum müddətdə gözəl təbiəti olan, sanki nağıllar ölkəsinə bənzəyən Şotlandiyanı seçdiyim üçün şad oldum.

Rəşad bəy, tələbələr magistr təhsilini xaricdə almaq istəyirsə, onlar neçənci kursda hazırlıq işlərinə başlamalıdır, mən hazırlıq deyəndə dil bilikləri və ya lazım olacaq digər sertifikatları, həmçinin universiteti seçib, onunla ilkin kontakta girmək prosesini və s nəzərdə tuturam.

Əgər tələbənin xaricdə təhsil almaq məqsədi varsa, 3-cü kursdan gec olmayaraq hazırlıq işlərinə başlamalıdır, vaxt baxımından da bu düzgün seçim etməyə köməkçi olacaq.

Ümumiyyətlə nəyə görə xaricdə təhsil almağın zəruri olduğunu düşünürsünüz? Əksər tələbələr xaricdə fərqli ixtisas üzrə təhsil alırlar (yəni bakalavr təhsillini davam etdirmirlər), sizdə necə, xaricdə oxumaq səbəblərindən biri də ixtisası dəyişmək ola bilərmi?

Siz xaricdə təhsil aldığınız zaman nəinki elmi biliklərini genişləndirir, yeni dərs metodları ilə tanış olursunuz, müxtəlif ölkələrdən, mədəniyyətlərdən olan insanlarla görüşürsünüz, öz fikirlərinizi bölüşürsünüz və fərqləri müqayisə etməyə çalışırsınız. Bundan maraqlı heç nə ola bilməz. Bəli məndə də ixtisas dəyişikliyi oldu.

Bakalavrda tərcümə ixtisası üzrə oxumuşdumsa, artıq burada menecment ixtisası üzrə magistr təhsili aldım.

Azərbaycanda, daha doğrusu Bakı Slavyan Universitetində aldığınız təhsil sizin Stirling-də köməyinizə çatırdımı, ya ümumiyyətlə tamamı ilə fərqli sahələr və bir-birindən uzaq aləmlərdir?

Tamam fərqli sahələr idi, amma tərcümə ixtisasında ingilis dilini inkişaf etdirməyim Stirlingdə ingilis dilli təhsilimdə çox kömək etdi mənə.

Stirling Universitetinin ən əsas özəlliyi nədədir, sizcə nəyə görə məhz orada oxumağa dəyər, təhsil prosesi, nəzəri və praktiki dərslər buradakından nə ilə fərqlənir?

Mən xaricdə oxumazdan çox əvvəllər həmişə qərb universitetləri ilə bizim universitetləri müqayisə edərdim. Əgər bizdə universitet deyəndə bir bina, içindəki auditoriyalar nəzərdə tutulursa, amma xaricdə bu belə deyil, sanki kiçik bir şəhərdir. Stirling Universiteti həm təhsildə olan reytinqi, həm də gözəl kampusu ilə orda oxumağa dəyər sözünü deməyə adamı vadar edir. Təsəvvür edin universitetə getməyə uzun yol qət etmirsiniz. Universitet şəhərciyi hər bir şeylə təmin edilib. Şəhərcikdəki yataqxanadan dərsə cəmi bir neçə dəqiqəyə gözəl təbiətdən piyada keçərək, təmiz hava qəbul edərək daxil olursan. Universitet zəngin kitabxanaya, müasir auditoriyalara, yüksək peşəkarlıqlı müəllimlərə malikdir. Tələbələrin asudə vaxtlarını keçirmək üçün kənara getməyə ehtiyacı yoxdur. Yüksək standartlara cavab verən idman kompleksi, kinoteatr, market, bank xidmətləri, şəhərlə universitet şəhərciyi arasında tələbələrə xüsusi endirimli avtobus xidməti.

Bu yaxınlarda Azərbaycan universitetlərinin birinin tələbələrinin referat işlərinin çapına şahid oldum və bir neçə sual verdim. Deyəndəki, “Siz bu referat işini niyə bu cür səliqəsiz, iri şriftlərə heç bir istinad vermədən, sadəcə haradansa köçürüb, çap edib, verirsiniz? Bəs müəllimlər bununla qane olurmu?” – onlar cavabında müəllimlərin qane olduğunu bildirdilər. Amma orda bu heç də belə deyildi. Müəllimlər tələbələrə mənbələrlə müstəqil işləməyə şərait yaradırdılar və heç bir tələbə də haradansa nəyisə köçürməyə cəhd etmirdi, çünki ciddi yoxlanış var idi, həm də universitetdən qovulmaq təhlükəsi gözləyirdi. Ona görə də heç kim heç kimi aldatmırdı.

Xaricdə təhsil almaq arzusunda olan əksər gənclərə maddi çətinliklər bu istəyi reallaşdırmaq imkanı vermir, bəs siz bu baryeri necə aşdınız (dövlət hesabına, hər hansı bir təqaüd proqramı və s)?

Bunun üçün valideynlərimə minnətdaram, onların sayəsində mənim bu arzum gerçəkləşdi.

Azərbaycanda və eləcə də Şərqi Avropada insanlar gələcəklə bağlı uzunmüddətli planlar qurmur, bu, bir növ gələcəyə və sabahkı günə inamsızlıqla bağlıdır.
Bəs Şotlandiyada bununla bağlı vəziyyət nə yerdədir, orada insanlar həyata nikbin baxırmı?

Məncə orda vəziyyət qənaətbəxşdir, insanların işə də, təhsilə də, istirahətə də ayırmağa vaxtları və imkanları var. Onların bizdən fərqli cəhətləri ondadır ki, nə olursa olsun onlar öz istirahətlərin, əyləncələrin hər şeydən üstün tuturlar.

Karyeranızı vətəndə davam etdirmək istəyirsinizmi və əgər belə olarsa özünüzü hansı sahədə və ya hansı şirkətdə görürsünüz? Bu sualı ona görə verirəm ki, əcnəbi təhsilli əksər gənclər yenidən Azərbaycana qayıtmağı və ya burada qalmağı düşünmür.

Hal hazırda əmək fəaliyyəti ilə məşğulam və bir az təcrübə qazandıqdan sonra idarəçilik sahəsində çalışmağa hazırlaşıram. Əgər gənclərin hamısı çıxıb gedərlərsə, bəs bu millətin gələcəyi necə olacaq, səni yetişdirən bu millətdi xarici deyil, ona görə də bu millətin xeyri inkişafı üçün çalışmaq lazımdır.

Son olaraq, ənənəvi sualımız: Xaricdə oxumaq arzusunda olan tələbələrimizə hansı tövsiyələriniz vardır,
Avropa təhsil standartların uyğun olmaq və peşəkar tələblərə cavab vermək üçün tələbələrimiz nə etməlidir?

Bizim gənclər çox bacarıqlı və hər şeyə tez yiyələnməyə qadirdirlər. Sadəcə seçəcəkləri ölkəni, universiteti, ixtisası düzgün müəyyənləşdirsinlər və oxuyacaqları dillə təhsilə başlamazdan əvvəl daha çox məşğul olsunlar ki, gələcəkdə problemlər yaşamasınlar.

shotlandiya

Son xəbərlər
Digər xəbərlər