15 C
Baku
Friday, March 29, 2024

10-a yaxın bank bağlana bilər

Azərbaycanda bəzi banklar Mərkəzi Bankın məcmu kapitalın minimum həcmi ilə bağlı tələbinə əməl edə bilməyəcək.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov açıqlamasında deyib ki, 2015-ci ilin yanvarın 1-nə qədər kommersiya banklarından bəziləri məcmu kapitalın həcmini 50 mln. manata çatdıra bilməyəcək. Onun fikrincə, məhz bu səbəbdən 10-a yaxın bank bazardan çıxa bilər.

“Bilirsiniz ki, 2013-cü ildə bankların məcmu kapitalı 10 mln. manat idi. Mərkəzi Bank qərar verdi ki, 2014-cü ilin yanvarın 1-dən məcmu kapitalı 50 mln. manat olsun. Amma müəyyən səbəblərdən sonradan bu vaxtı dəyişdirdi və müddəti 2015-ci ilin yanvarın 1-nə kimi uzatdı. Mən hesab edirəm ki, bu, səhv addım idi. Bu müddət saxlanılmalı idi. 2015-ci ilin yanvarın 1-ə qədər məcmu kapitalı 50 mln. manat olmayan banklar bunu yığa bilməyəcək. Mən bilirəm ki, bu bankların əksəriyyəti üçün mümkün deyil. Onlar məcbur olacaq ki, başqa banklarla birləşsinlər”, – deyə V. Əhmədov vurğulayıb.

Millət vəkili hesab edir ki, bankların konsolidasiyası bazara müsbət təsir edə bilər. Bu, ilk növbədə kreditlərin faiz dərəcələrinin aşağı düşməsinə gətirib çıxaracaq.

“Azərbaycanda bu gün 44 bank var. Elə banklar var ki, zərərlə işləyirlər. Zərərlə işlədikləri, əhalidən külli miqdarda əmanət toplaya bilmədikləri üçün faizləri də yüksək verirlər. Misal üçün, Azərbaycanda elə bank var ki, 30-35%-lə əhaliyə kredit verir. Hansı ki, əhalidən misal üçün  əmanətləri 10%-lə qəbul edir. Yəni, burada çox ciddi problem var. Banklar birləşdikdən sonra isə kapitalları çox olacaq, dövriyyə vəsaitləri, likvidlik artacaq. Onda banklar kredit faizlərini də aşağı salmağa məcbur olacaq”, – deyə V. Əhmədov vurğulayıb.

Xatırladaq ki, Mərkəzi Bankın tələbinə əsasən 1 yanvar 2015-ci ilə kimi fəaliyyətdə olan 44 bankının hər birinin məcmu kapitalı ən azı 50 mln. manat olmalıdır. Bu tələbi yerinə yetirə bilməyən təşkilat bank kimi fəaliyyət göstərə bilməyəcək.

Qeyd edək ki, avqustun 19-da Mərkəzi Bank “Bankların yenidən təşkili qaydaları”nı təsdiqləyib. Avqustun 29-dan qüvvəyə minən Qaydalar bankların bir-biri ilə birləşməsini, başqa banklara qoşulmasını (yəni, başqa bank tərəfindən udulmasını), eləcə də bank kimi fəaliyyətini dayandırıb bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsini nəzərdə tutur.

Qaydalara əsasən, bankların yenidən təşkil olunması mərhələli şəkildə həyata keçiriləcək. Yəni, əvvəlcə Mərkəzi Banka yenidən təşkil üçün icazə alınması məqsədi ilə ilkin və yazılı müraciət edilməlidir. Sonra bankların yenidən təşkil üçün səhmdarların ümumi iclası çağırılmalı və qərar qəbul edilməli və kreditorlar bu barədə məlumatlandırılmalıdır. Daha sonra yeni bank və yaxud BOKT dövlət qeydiyyatdan keçirilməli və yeni xüsusi razılıq (lisenziya) alınmalıdır.

Mərkəzi Banka bankın yenidən təşkil olunması barədə ilkin və rəsmi müraciət arasında 90 gündən artıq müddət olmamalıdır. Bununla yanaşı, bankın BOKT-a çevrilməsi 3 ay ərzində həyata keçirilməlidir. Sənədə görə, bankın BOKT-a çevrilməsi üçün keçid dövrünə 6 ayadək vaxt ayrılır.

Son xəbərlər
Digər xəbərlər