12 C
Baku
Friday, March 29, 2024

İcbari Sığorta Bürosu müraciət etdi

İcbari Sığorta Bürosu (İSB) icbari sığorta müqaviləsi olmayan avtonəqliyyat vasitələrinin səbəb olduğu yol qəzaları zamanı bədən xəsarəti alan şəxslərə, eləcə də həyatını itirən şəxslərin yaxınlarına kompensasiya ödənişi ilə bağlı açıqlama yayıb. 

Açıqlamada bildirilir ki, bəzən vətəndaşların düşdüyü durumun həssaslığından, eləcə də onların məlumatlı olmamasından sui-istifadə edən, son məqsədi zərərçəkənə düşə biləcək kompensasiya ödənişinin bir hissəsini (hətta yarısını və ya daha çox qismini) qanunsuz yolla mənimsəmək olan dələduz “vasitəçilər” peyda olur və vətəndaşları aldatmaq yolu ilə guya Bürodan kompensasiyanın alınması prosesinin mürəkkəbliyini, hətta mümkünsüzlüyünü iddia edərək vətəndaşları onların adından vasitəçi kimi çıxış etməyə razı salırlar.

“Adətən bu cür “vasitəçilər” vətəndaşın verdiyi etibarnamə əsasında hərəkət edirlər və tərəflər arasında münasibətləri tənzimləyən hər hansı hüquqi razılaşma və ya müqavilə mövcud olmur. Burada digər acınacaqlı məqam isə ondan ibarətdir ki, vasitəçiyə etibarnamə verərkən vətəndaşlar əksər hallarda etibarnamənin əhatə etdiyi hüquqların dairəsinə diqqət etməyərək tələb olunandan daha geniş səlahiyyətlər verən etibarnamə təqdim edirlər, bununla da vasitəçiyə təmsilçilik hüququ ilə yanaşı, özlərinin adından maliyyə əməliyyatları aparmaq hüququnu da ötürmüş olurlar.

İSB heç bir halda kompensasiya ödənişlərini vasitəçilərə ödəmir. Bütün ödənişlər yalnız zərərçəkənlərin (və ya onların müraciət etmiş ailə üzvlərinin) adına (poçt vasitəsilə) və ya bank hesabına (olduqda) edilir. Lakin vətəndaşlar bilməlidirlər ki, müqavilə ilə bərkidilməyən münasibətlər nadürüst vasitəçinin vətəndaşı ona çatmalı olan kompensasiya ödənişinin müəyyən hissəsindən qanunsuz olaraq məhrum etməsi ilə nəticələnə bilər. Belə ki, əgər zərərçəkənin adından çıxış edən vasitəçi müqavilə ilə deyil, etibarnamə üzrə hərəkət edirsə və etibarnamənin əhatə etdiyi hüquqların dairəsi yalnız təmsilçiliklə məhdudlaşdırılmamışdırsa, bu halda həmin şəxs etibarnaməyə uyğun olaraq zərərçəkənə çatacaq vəsaiti almaq və onun üzərində sərəncam vermək səlahiyyətinə də malik olur. Bir sıra hallarda vasitəçilər bundan sui-istifadə edərək dələduzluq edir və vətəndaşa çatacaq həmin vəsaitin əhəmiyyətli hissəsini mənimsəyir, zərərçəkənə isə özlərinin istəyinə görə bir məbləği verərək yalnız bu qədər kompensasiya ödənildiyini söyləyirlər. Zərərçəkənlər isə bunun fərqinə varmayaraq nəticədə özlərinin də xəbəri olmadan bu cür nadürüst vasitəçilərin qurbanına çevrilmiş olur.

İSB vətəndaşları qəti şəkildə bu cür dələduz vasitəçilərin toruna düşməməyə və vasitəçi ilə mülki münasibətlərini yalnız öncədən bağlanılan və notarial qaydada təsdiqlənmiş ikitərəfli müqavilə ilə rəsmiləşdirməyə çağırır. Büro vətəndaşların nəzərinə çatdırır ki, hər hansı səbəbdən kompensasiya ödənişi ilə bağlı Büroya şəxsən müraciət edə bilmədikdə, eləcə də vasitəçi ilə müqavilə bağlamaq mümkün olmadıqda, vasitəçiyə veriləcək etibarnamə ona yalnız zərərçəkəni Büro qarşısında təmsil etmək hüququ verməli, vasitəçiyə daha geniş səlahiyyətlər həvalə etməməlidir, əks halda yuxarıda təsvir edilən arzuolunmaz halların baş verməsi ehtimalı mövcud olacaq. Zərərçəkənlə vasitəçi arasında bağlanılan ikitərəfli müqavilə əsasında əməkdaşlıq isə bu kimi mənfi halları istisna edir, belə ki bu zaman vasitəçinin zərərçəkənə ödənilən kompensasiyanı almaq imkanı olmur və ona yalnız öncədən razılaşdırılmış və müqavilədə qeyd olunmuş xidmət haqqı çatır. Həmçinin, etibarnamədən fərqli olaraq müqavilə tərəflər arasında mülki münasibətləri dəqiq müəyyən edir, eləcə də vasitəçinin zərərçəkənə göstərdiyi hüquqi xidmətlərin keyfiyyətinə dair sonradan yarana biləcək mübahisələrin hüquqi müstəvidə həlli üçün zəmin yaradır”, – deyə qurumun elanında deilir.

Son xəbərlər
Digər xəbərlər