HR: Nəyə görə əməksevərlər irəli getməkdə çətinlik çəkir

Ağıl və əməksevərlik bizə uğura nail olmağa kömək edən heç də yeganə amillər deyil. Bütün gücünüz ilə çalışdığınız halda belə arzusunda olduğunuz məqsədə nail ola bilmirsinizsə, ola bilsin bunun əsas səbəbkarı özünüzsünüz.

  1. Yeni tanışlıqlar qurmursunuz

Köhnə dostlarla ünsiyyət qurmaq çox asandır. Bir-birinizi artıq uzun müddətdir ki, tanıyırsınız, ortaq çox sayda xatirələriniz, maraqlı tarixçələriniz və zarafatlarınız var. Problem ondadır ki, yenə və yenə köhnə mövzuları müzakirə edərək keçmişə köklənmisiniz. Və bu sizə yeni nə isə tanımaq, əldə etmək şansı vermir.

Yeni insanlarla tanış olmaq sizin üçün çətindirsə, kiçik olanından başlayın. Hər həftə tanımadığınız bir adamla söhbət etməyə cəhd edin. Daha sonra bu sizə bir o qədər də qorxulu gəlməyəcək.

  1. Dəyişikliklərdən qaçırsınız

Hər gün sizi eyni şeylər əhatə edirsə, yeni bir şey əldə etmək bir o qədər də çətinləşir. Dəyişikliklər isə yeni imkan və perspektivlərdir. Buna görə də, dəyişikliklərdən qaçmaq əvəzinə, onlardan fayda qazanın. Açıq və hər şeylə maraqlanan bir şəxs olun.

  1. Riskə getməkdən qorxursunuz

Bəzən ağıllı insanlar komfort zonasından çıxmağa qorxurlar, axı bura tanış və təhlükəsiz yerdir. Onlar artıq başqaları tərəfindən tapdalanmış cığır ilə gedir və ətraflarında populyar olan ixtisası seçirlər. Nəticədə bir çoxları işin onları məmnun etmədiyini etiraf edirlər. Onlar daim arzuladıqları işlə məşğul olmaqdan qorxurlar.

Nəyisə etməkdə tərəddüd edirsinizsə və qərar verə bilmirsinizsə, bunun sizin gələcəyinizə necə təsir edəcəyini təsəvvür edin. Əldən buraxdıqlarınıza təəssüf edəcəksinizmi?

  1. Prioritet təyin edə bilmirsiniz

İlk ciddi sınaqlardan keçmək üçün səbirli olmaq lazımdır. Bizlərdən bəziləri hər hansı bir işə girişir, çətinlik ilə üzləşir, təslim olur və başqasına keçir.

İstənilən başlanılan məsələ və yaxud iş zaman və güc kimi dəyərli resurslar tələb edir. Onları boşa sərf etməyin. Hazırda sizin üçün vacib olan məsələyə köklənin.

  1. Qərar verməyi bacarmırsınız

Ağıl və əməksevərlik bir çox qapıları açır. Təəssüflər olsun ki, çox sayda imkan bəzən seçim etməyi çətinləşdirir. Bu ən uyğun variantı tapmaq üçün sonsuz cəhdlərə və ən yaxşını əldən vermək qorxusuna səbəb olur. Bəziləri universiteti bitirdikdən 10 il sonra belə kim olmaq istədiklərini bilmirlər.

Vacib qərar verməzdən əvvəl, sizi maraqlandıran məşğulluq sahəsinə yaxşı bələd olan biri ilə məsləhətləşin. İşinizin professionalları ilə söhbət edin, sahəniz ilə bağlı faydalı kitab və yaxud məqalələr oxuyun.

  1. Özünüzə inanmırsınız

İnanılmaz olsa da, bu faktdır: ağıllı insanlar öz bacarıqlarını lazımi səviyyədə qiymətləndirməyə bilər. Əksər hallarda onların öz işlərinə qarşı tələbləri həddindən artıq yüksəkdir. Özünütənqid və perfeksionizm də məhz buradan yaranır.

İlk baxışdan bunlar faydalı keyfiyyət kimi görünə bilər. Əslində isə, onlar bizə daxildən boşluq hissi yaşadır, özümüzə olan lazımi inam və gücdən məhrum edir.