Texnologiyalar iş münasibətlərini necə dəyişir?

Yeni texnologiyalar sizi və kolleqalarınızı eyni anda daha məhsuldar, daha yaxın etməklə yanaşı, tənha da edə bilər. Texnologiyaların iş mühitinə qazandırdığı müsbət və çatışmayan cəhətləri nəzərdən keçirək.

İş münasibətləri daha şəxsi xarakter alır

Əvvəllər kolleqalar ilə ünsiyyət əsas olaraq iş yeri daxilində baş verirdi və onların əksəriyyəti qeyri-iş saatlarında nə ilə məşğul olduğunuzdan xəbərsiz idilər. Lakin indi, sosial şəbəkələr dövründə kolleqalar şəxsi həyatınız haqqında daha çox məlumata sahib olmaq şansına malikdir.

İndi birlikdə işlədiyiniz insanlar həftə sonunu necə keçirdiyiniz, harada və necə istirahət etdiyiniz, hər hansı yeni filmi bəyənib, bəyənmədiyinizdən onlara bu haqda bəhs etmək istəməsəniz belə xəbərdar olacaq. Bir tərəfdən bu bəzi kolleqalarınızı yaxın dosta çevirə bilər. Digər tərəfdən isə sizi həmkarlarınızın izlədiyini xatırlamaq və onlarla iş münasibətlərinə xələl gətirə biləcək şəkil və yazılar paylaşmamağa çalışmaq lazımdır.

Tənhalıq riskini yüksəldir

Texnologiyaların inkişafı sayəsində bir çoxları evdən və yaxud freelancer olaraq işləməyə üstünlük verir. Rahatlığa baxmayaraq, belə bir iş formatının ciddi çatışmayan cəhətləri də var. Freelancer olaraq işləyən şəxslər standart qrafik ilə çalışan şəxslərlə müqayisədə insanlarla daha az canlı ünsiyyətdə olur. Onlar üçün bu ünsiyyət bacarıqlarının pisləşməsi və tənhalıq hissinin baş qaldırması ehtimallarını yüksəldir.  

Əgər ofisdən kənar işləyirsinizsə mütəmadi olaraq insanlarla canlı ünsiyyət qurmaq mütləqdir.

Həmçinin özünüzü kollektivin bir parçası olaraq hiss etmək üçün kolleqalarınız və yaxud rəhbərlik ilə videoiclaslarda, yığıncaqlarda iştirak şansını qaçırmayın.

İşgüzar qarşılıqlı münasibətlər daha məhsuldar olur

Texnologiyalar ortaq tapşırıqlar və çox sayda insanın iştirak etdiyi layihələr üzərində birgə daha effektiv və sürətlə işləmək imkanı verir. Müxtəlif tətbiqetmələr hətta planetin ayrı-ayrı nöqtələrində olsanız belə fəaliyyətləri demək olar ki, ani olaraq koordinasiya etmək, tapşırıqların icra prosesini izləmək və real zaman rejimində ortaq sənədləri redaktə etmək imkanı verir.