22 C
Baku
Thursday, April 25, 2024

Nobel mükafatı laureatından dörd maliyyə dərsi

Richard Thaler Çikaqo universiteti nəzdində Biznes məktəbinin Davranış elmləri və iqtisadiyyat professorudur. 2017-ci ildə “Davranış iqtisadiyyatının araşdırılmasına verdiyi tövhəyə görə” Nobel mükafatına layiq görüldü.

Thaler 1980-ci illərin əvvəlində ilk baxışdan kifayət qədər radikal ideyalarını cəmləşdirdiyi araşdırmasını nəşr edir. Universitetdən olan kolleqalarının əksəriyyəti bunları qəbul etmir. Lakin Richard Thalerin ideyaları nəticəsində özündə iqtisadi və psixoloji elementləri birləşdirən müasir davranış iqtisadiyyatının inkişafına böyük tövhə verildi. Davranış iqtisadiyyatının məqsədi insanların bu və ya digər qərarları niyə verməsini aydınlaşdırmaqdır.

Richard Thalerin bir çox araşdırma və kəşfləri elm ilə yanaşı, ümumilikdə cəmiyyətə böyük fayda qazandırır.

Banker.az bu yazıda Richard Thalerin dörd əsas maliyyə dərsini təqdim edir:

  1. Hərrac qalibləri tez-tez öz pullarını itirir

Thalerin ən populyar erkən işlərindən biri “Qalibin lənəti” adlanır. Bu araşdırmanın əsas mahiyyəti ondan ibarətdir ki, hərrac qalibləri əldə etdikləri əşyaya görə dəyərindən artıq pul ödəyirlər.

Qalibin lənəti iki halda yaranır: insan hər hansı əşyaya görə real dəyərindən daha çox ödədikdə və yaxud son nəticədə gözləntilərini doğrultmayan hər hansı bir şey aldıqda. Thaler əmindir ki, bu anlayış hərrac iştirakçılarının qeyri-rasional davranışlarını sübut edir.

Onun sözlərinə görə, qalibin lənəti insanların hərracda düzgün qiymət təklif etmək cəhdlərində səhvə yol verməyə meyillilikləri ilə izah olunur. Bununla yanaşı, çox sayda hərrac iştirakçısının olması faktı insanları daha aqressiv edir və bir-biri ilə rəqabətə girərək qiymətləri artırırlar.

  1. İnsanlar şəxsi əşyalarının dəyərini gözlərində böyüdürlər

Thaler tərəfindən populyarlaşdırılan konseptlərdən biri də “Sahibolma effekti” adlanır. Bu fenomen insanın öz əşyalarına möhkəm şəkildə bağlı olmasından və dəyərini gözündə həddindən artıq böyütməsindən ibarətdir.

Professor iqtisad tələbələrinin iştirak etdiyi eksperiment keçirib. O bu tələbələrin bir yarısına qəhvə fincanları paylayır və daha sonra bütün tələbələrdən bu fincanlara qiymət təyin etməyi tələb edir. Belə məlum olur ki, fincana sahib olan tələbələr, fincanı olmayan tələbələrdən daha yüksək qiymət təyin edib.

Bu fenomen itirmək qorxusu ilə bağlı ola bilər. Bu zaman insanlar hər hansı bir şeyin itkisindən yaranan ağrını şişirdir və bu əşyaya sahib olmağın məmnunluğunu qiymətləndirmir.

  1. Uzaqgörənlik çox faydalı keyfiyyətdir

Richard Thalerə nəyə görə Nobel mükafatının verilməsi qərarının əsas səbəblərindən biri onun özünüidarə mövzusu üzərindəki işidir.

Hər birimiz təqaüd üçün pul ayrılmasının mütləq olduğunu bilirik, lakin çox az insan həqiqətən bunu edir. Bütün bunlar ona görədir ki, insanlar gündəlik tələbat və tamah ilə uzun müddətli hazırlığı bir arada uyğunlaşdırmaqda çətinlik çəkir.

Thaler bu anlayışı izah etmək üçün psixologiya və neyrobiologiyada geniş istifadə olunan “planlaşdıran/icra edən” adlı model təklif edib. Bu model məsələn, nəyə görə insanların siqareti tərgitsələr əhəmiyyətli miqdarda vəsaitə qənaət edə biləcəklərini anlamaqlarına baxmayaraq, yenə də siqaretə pul xərcləməyə davam etdiklərini izah edir.

4.İnsanlar pis xəbərlərə həddindən artıq kəskin reaksiya verir və yaxşı xəbərləri qiymətləndirmir

Thalerin ideyalarının investisiya strategiyalarına da təsir etməsi heç də təəccüblü deyil. Məsələn, son zamanlar yatırımlar az gəlir qazandırdıqda, investor bu xəbərə kəskin reaksiya verir və həyəcanlanaraq sadəcə vəziyyəti pisləşdirir. Bu birja məzənnələrinə mənfi təsirsiz ötüşmür. Thalerin fikrincə, bir çox investor aylıq maliyyə hesabatlarını əldə etməsələr yaxşıdı.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər