26 C
Baku
Friday, April 19, 2024

14 % inflyasiya yüksəkdir…

Milli pul vahidinin dəyərini təkcə onun digər valyutalara qarşı olan məzənnəsi müəyyən etmir. Xüsusən də, həmin məzənnə sərbəst şəkildə öz təsdiqini tapmadığı halda… Yəni, bir var, pul vahidi digər valyutalara nisbətdə öz məzənnəsini bazarda tələb ilə təklifin mövcud balansı əsasında tapsın, bir də var ki, onu Mərkəzi Bank müəyyən etsin. Və yaxud, onun nəzarətində olsun. Sözüm bunda deyil.

Pulun eyni zamanda, alıcılıq, qabiliyyəti deyilən bir şey də vardır. Bunu ölkədə inflyasiya səviyyəsi müəyyən edir, yəni istehlak qiymətlərinin indeksi… Çünki istehlak qiymətləri indeksi orta alıcılıq qabiliyyətli alıcının aldığı məhsulların və istifadə etdiyi xidmətlərin qeydə alınmış məcmusunun dəyərinin ümumi dəyişməsi göstəricisi sayılır. Qiymətlər yüksəlirsə, alıcılıq qabiliyyəti aşağı düşür, əksinə olarsa, genişlənir.

Qiymətlərsə əsasən, 2 amilə görə qalxa bilər: təklif endiyi və tələb yüksəldiyi halda… Bunların da hər birini müxtəlif amillər müəyyən edə bilər. Ancaq məqsədim heç də bunu izah etmək deyil. Təkcə, onu qeyd etmək istərdim ki, inflyasiya özü pis amil deyil. Belə ki, inflyasiya varsa, demək inkişaf var, aktivlik mövcuddur, tərəqqi nəticəsidir. Amma baxır, hansı səviyyədə… Məsələn, inkişaf etmiş ölkələrdə 2-3 %-lik inflyasiya səviyyəsi arzuolunan sayılır. Əgər, sözügedən göstərici bundan aşağı qeydə alınarsa, onlarda mərkəzi banklar mərkəzi kreditləşdirmə üzrə faiz (uçot) həddini dəyişmirlər. Yəni, qaldırmırlar, aşağı səviyyədə saxlayırlar ki, dövriyyədə pul qıtlığı yaranmasın.

Bu günlərdə, Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov bildirib ki, manatımız məzənnədən düşmə tempini dayandırıb və hətta, möhkəmlənmək imkanı əldə edib. Səbəb də odur ki, neftin orta dünya qiymətinin ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli yüksəlməsi və eləcə də, həyata keçirilmiş makroiqtisadi siyasət tədbirləri nəticəsində qeyri-neft sektoru üzrə cari hesab kəsirinin azalması sayəsində 2017-ci ilin I yarısında tədiyyə balansının cari əməliyyatlar hesabında ümumi daxili məhsulumuzun 2,5 %-i səviyyəsində profisit qeydə alınıb.

Dövriyyədən nəğd pul kütləsinin “çəkilməsinin” təsirləri

Ümumiyyətlə, bu mövzuda əvvəlki şərhlərimdə də yazmışdım ki, ölkəmizdə manatın ABŞ dollarına nəzərən məzənnəsinin artıq xeyli müddətdir sabit qalmasında bir sıra daxili və xarici faktorların rolu var ki, əvvəla, hökumətin apardığı müvafiq siyasətin, yəni sərt pul-kredit siyasəti yeridilməsinin, dövriyyədən nəğd pul kütləsinin “çəkilməsinin”, kənara valyuta axınının qarşısının alınmasının, idxalın məhdudlaşdırılmasının, o cümlədən, Neft Fondundan Mərkəzi Banka makroiqtisadi sabitlik naminə məlum transfertin buna çox böyük təsiri olub, ikincisi də, bu il xarici ticarət saldosu və tədiyyə balansında da vəziyyət keçən ilkindən fərqli olaraq, müsbətə doğru dəyişib. Buna həm neftin qiymətinin sabit qalmasının, idxalın əhəmiyyətli dərəcədə azalmasının, həm də cüzi də olsa, qeyr-neft məhsulları üzrə valyuta gəlirlərinin artması zəmin yaradıb.

Ancaq məsələ bundadır ki, bütün dünyada ərzaq məhsullarının qiymətləri qalxır və bu, heç də yaxşı tendensiya deyil. Çünki, istehlak artır, istehsal isə bir çox ölkələrdə düşür. Nəzərə alsaq ki, bu, ölkəmizdə məhz valyuta gəlirlərimizin azaldığı bir dövrə, yəni qeyri-neft sektorunu hələ yenicə inkişaf etdirmək istədiyimiz bir dövrə təsadüf edir, bizim üçün böyük çətinliklər yaradır.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2017-ci ilin 8 ayında orta illik inflyasiya 14% təşkil edib. Bu, çox böyük rəqəmdir. Özü də ki, dövriyyədə nəğd manat kütləsinin qıt olduğu bir məqamda… Yəni, ölkədə sərt pul-kredit siyasəti həyata keçirildiyi bir dövrdə… Deməli, qiymətlər intensiv yolla yüksəlir. Və qarşıda bizləri daha böyük bahalaşma gözləyə bilər. Düzdür bu, ehtimaldır…. Sözüm bunda deyil.

AMB sədri E. Rüstəmov isə deyib ki, ölkədə inflyasiyanın səviyyəsiylə bağlı proqnoz vermək çətindir. Sədr güman etdiyini bildirib, mövsümi amillərdən, yəni, yay fəsli ilə əlaqədar ərzaq məhsullarında ucuzlaşmadan sonra qarşıdakı aylarda inflyasiya “sıçrayışı” olmayacaq.

Ancaq, qiymət yüksəlişinin əsas səbəblərindən biri, ölkəyə turist axını və idxalın azalması, yerli istehsalın isə az təşkil etməsi sayılır. Təsadüfi deyil ki, ən çox artan da ərzaq məhsullarıdır.

Yeri gəlmişkən, açıqlanır ki, 2017-ci ilin yanvar-avqust aylarında ölkə əhalisinin ayliq gəliri 7,6 % artib. Əhalinin aylıq gəlirlərinin artmasına dair statistika nominal göstəricidir… Bu, ayrı-ayrı sahələrdə əməkhaqqlarının artması ilə bağlıdır. Ümumən, əhalinin xərcləri də artmışdır. Biz xərclərin strukturuna fikir versək, əhalinin ən çox ərzaq məhsullarına pul sərf etdiklərini görərik. Bu isə heç də yaxşı hal deyil. Əgər, əhalinin gəlirləri nominal deyil, real ifadədə artmış olsaydı, xərclərin strukturunda ərzaq ən çox pul xərclənilən məhsullar olmazdı.

Ona görə də qəbul etmək lazımdı ki, nominal ifadədə artım həmişə olub və olacaqdır və bu bir dinamik xarakter daşıyan prosesdir. Əsas inflyasiyadır. Son 1 ilin ərzində ölkədə inflyasiyanın səviyyəsi çox yüksədir. Və azalmaq əvəzinə, artır… Bu isə real artımı yeyir. Təkrar edirəm, AMB-nin rəhbəri bəyan edib ki, hələlik bu barədə proqnoz vermək çətindir. Yəni, sərt-pul kredit siyasətinə rəğmən, inflyasiya davam etdiyi üçün əhalinin gəlirlərinin artması effektliliyini itirir…

Odur ki, ölkədə inflyasiya təcili dayandırılmalıdır.

Yoxsa, manatın dəyərdən düşmə prosesi davam edəcəkdir. Nə fərqi vardır ki, bu devalvasiya yolu ilə oldu, yoxsa alıcılıq qabiliyyətinin daralması yolu ilə…

14 %-lik inflyasiya yüksək rəqəmdir…


Müəllif: Pərviz Heydərov

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər