27 C
Baku
Wednesday, April 24, 2024

2018-ci il büdcəsində neftin qiymətin 45-50 dollar olacaq?

2018-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələri, habelə növbəti üç il üçün icmal büdcənin göstəriciləri Nazirlər Kabinetinə təqdim olunub. Bu barədə  Maliyyə Nazirliyindən məlumat verilib.

Hələ ki büdcə layihəsinin detalları ictimaiyyətə açıqlanmayıb. Bununla belə, növbəti ilin büdcəsində prioritet sahələrin nələr olacağı iqtisadçılara bəllidir. Cəmiyyəti maraqlandıran məqamlardan biri 2018-ci ilin büdcəsində neftin qiymətinin neçə dollardan götürüləcəyidir. Digər bir məqam isə sosial xərclərin artıb-artmayacağı ilə bağlıdır.

2018-ci ilin büdcə proqnozlarını dəyərləndirən iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, növbəti ilin dövlət büdcəsi hazırlananda ötən ilin və bu ilin dövlət büdcəsində olduğu kimi hökumət daha  ehtiyatlı mövqe nümayiş etdirməyə çalışacaq: “Xüsusilə investisiya xərcləri 2017-ci ildən heç də çox artıq olmayacaq. Burada həssas məqamlardan biri də neftin qiymətidir. Neftin qiymətinin müəyyənləşdirilməsi daha ehtiyatlı bir indiqator üzərində aparılacaq. Bu göstəricinin  45-50 dollar arasında müəyyən edilməsi proqnozlaşdırılır”.

İqtisadçı vurğuladı ki,  büdcənin sosial yükü  onun ümumi həcmində əvvəlki illə müqayisədə artacaq: “Çünki sosial xərclərdə  2017-ci ildə baş verən inflyasiya nəzərə alınacaq. Bu inflyasiyaya uyğun olaraq, ola bilsin ki, ilin son aylarında biz 2018-ci il üçün dövlət sektorunda çalışanların əmək haqlarına  müəyyən korrektələrin edilməsinini  proqnozlaşdıraq. Bu korrektələr də  son nəticədə dövlət büdcəsinin sosial yükünü artıracaq. Daha  doğrusu, dövlət büdcəsində sosial xərclərin payının cari illə müqayisədə daha artıq olmasını şərtləndirəcək. Böyük ehtimalla Neft Fondundan köçürmələrin həcmində də ehtiyatlılıq nümayiş etdiriləcək. 2018-ci il üçün Neft Fondundan köçürmə təxminən 6-7 milyard manat  arasında olacaq”.

İqtisadçı daha bir məqama diqqət çəkərək bildirdi ki,  2018-ci ildə dövlət büdcəsi hazırlanarkən strateji yol xəritələrində nəzərdə tutulan müəyyən hədəflərə uyğun xərclərin öz əksini tapması ehtimalı vardır: “Bugünlərdə yaradılması nəzərdə tutulan  Zəmanət Fondunun nizamnamə kapitalının formalaşması istiqamətində xərclər də çox güman  ki, büdcədə öz əksini tapacaqdır. Digər bu kimi strateji yol xəritələrində nəzərdə tutulan fəaliyyətlərin icrası ilə bağlı xərclər də öz əksini tapacaqdır. Sahibkarlığın inkişafına hədəflənən istiqamətlər üzrə ayırmaların həcmində də artımlar gözlənilir”.

Həsənovun sözlərinə görə, gələn ilin büdcə layihəsində xarici borcların ödənilmə limiti 2017-ci ildə olduğu kimi, yenə də yüksək olacaq: “Çünki 2018-ci ildə dövlətin borc yükü daha çox olacaq. Beynəlxalq Bankın borc öhdəlikləri üzrə ödənişlərin yerinə yetirilməsi, eyni zamanda hazırda dövlətə məxsus müəssisələrin zərərlə işləməsi nəticəsində yaranan dövlət zəmanətli borcların icrası ilə bağlı xərclərin daha çox olması, bunun yükünün də büdcənin üzərinə düşməsi 2018-ci ildə xarici borclar üçün ayırmaların 15-20 faiz ətrafında artmasına gətirib çıxaracaq”.

Ekspert vurğuladı ki, büdcədə həmçinin kənd təsərrüfatının inkişafına ayrılan xərclər də artacaq: “Çünki il ərzində kənd təsərrüfatında  subsidiyalaşma  ilə bağlı qərarlar, sərəncamlar imzalanıb. Bu da son nəticədə kənd təsərrüfatı fəaliyyətində subsidiyalaşma xərclərini artıracaq. Hökumətin son 3  ildə aqrar sektorun inkişafına daha çox fokuslandığını nəzərə alsaq, ilk növbədə kənd təsərrüfatı yanında xidmət göstərən fond üçün ayırmaların da həcmində artım nəzərdə tutula bilər”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər