24 C
Baku
Wednesday, June 26, 2024

4 qanun layihəsi plenar iclasa tövsiyə olundu

İyunun 11-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirilib.

Komitənin sədri Hicran Hüseynova gündəliyə dörd məsələnin – Ailə Məcəlləsində, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında, habelə Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinin birinci oxunuşda və ikinci oxunuşda olan Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında iki qanun layihəsinin daxil edildiyini söyləyib.

Hicran Hüseynova Ailə Məcəlləsində, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini təqdim edərək bildirib ki, layihə yetkinlik yaşına çatmayanların erkən evliliyi və qohum nikahlarla bağlı ölkədə mövcud olan ciddi problemlərin qarşısının alınması məqsədilə hazırlanıb. O qeyd edib ki, qanunvericilikdə üzrlü səbəblər olduqda nikah yaşının bir yaş azaldılmasını ehtiva edən normanın mövcudluğu əksər hallarda yetkinlik yaşına çatmayanların hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə nəticələnir. Komitə sədri diqqətə çatdırıb ki, layihədə adları çəkilən məcəllələrə dəyişiklik etməklə nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğvi, erkən evliliyin təşkilinə, həmin yaşda olan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olmağa, erkən evliliklə bağlı mərasimlərin keçirilməsinə və dini kəbinkəsməyə görə geniş subyektlər dairəsi üçün məsuliyyətin müəyyənləşdirilməsi təklif edilir.

Sənədə əsasən, Cinayət Məcəlləsinin 176-1-ci maddəsinin adının dəyişdirilməsi, yəni “Qadını nikaha daxil olmağa məcbur etmə” deyil, “Nikaha və ya erkən evliliyə daxil olmağa məcbur etmə” kimi müəyyən edilməsi cinayətdən zərər çəkmiş şəxslərin dairəsini genişləndirir. Məcəlləyə təklif edilən 176-2-ci maddə 16 yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə görə valideynlər və ya yetkinlik yaşına çatmayanları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs üçün məsuliyyət müəyyən edir.

Layihədə İnzibati Xətalar Məcəlləsinə 189-1-ci maddənin daxil edilməsi təklif olunur ki, burada on altı yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxs tərəfindən nişanlanmaya və ya evliliyə dair digər sövdələşməyə daxil olmağa görə cərimə və ya işin hallarına görə, inzibati həbs tətbiq olunur.

Bununla yanaşı, qanun layihəsində aralarında nikahın bağlanması yol verilməyən subyektlər dairəsinin genişləndirilməsi ilə bağlı təkliflər yer alıb. Belə ki, Ailə Məcəlləsinin 12-ci maddəsində (Nikahın bağlanmasına mane olan hallar) yaxın qohumlarla yanaşı qardaşların və bacıların ümumi bioloji baba və nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyən yeni normanın təsbit edilməsi nəzərdə tutulur.

Məsələ ətrafında müzakirələrdə çıxış edən Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyev, deputatlar Rəşad Mahmudov, Sədaqət Vəliyeva, Tamam Cəfərova, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov layihədə təklif olunan dəyişikliklərin mütərəqqi xarakter daşıdığını bildiriblər.

Tədbirdə iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəis müavini İmran Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin Sosial Normativ Aktlar İdarəsinin aparıcı məsləhətçisi Nərgiz Məmmədli məsələyə dair bəzi qeydlərini səsləndiriblər.

 

Komitə iclasında çıxış edən parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qanun layihəsinin vacibliyini qeyd edərək, dəyişikliklərin mahiyyəti barədə öz fikirlərini açıqlayıb, habelə deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib.

 

Sonra iclasda Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb.

 

Məsələ barədə məlumatı komitə sədri Hicran Hüseynova verib.

 

Deputatlar Sevil Mikayılova və Nurlan Həsənov sənədlə bağlı öz fikirlərini səsləndiriblər.

 

İclasda, habelə Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri də ikinci oxunuşda nəzərdən keçirilib. Bildirilib ki, Məcəllənin nikahın bağlanmasına mane olan halları əks etdirən 12-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, aralarında nikahın bağlanmasına yol verilməyən şəxslərin sırasına ikisindən biri və ya hər ikisi ölkə ərazisində qanunsuz olan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin də əlavə edilməsi nəzərdə tutulur.

 

Digər layihədə Ailə Məcəlləsinin 13-cü maddəsində dəyişiklik edilməsi təklif olunur. Belə ki, Məcəlləyə əlavə edilən 13.5-1-ci maddəyə əsasən, Azərbaycanın diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində nikaha daxil olmaq istəyən Azərbaycan vətəndaşları bu Məcəllənin 13.1-ci maddəsində nəzərdə tutulmuş xəstəliklər üzrə tibbi müayinədən öz vəsaitləri hesabına müraciət etdikləri diplomatik nümayəndəliyin akkreditə olunduğu, yaxud yerləşdiyi xarici dövlətdə seçdikləri tibb müəssisəsində keçə bilərlər. 13.5-2-ci maddədə isə diplomatik nümayəndəliklərdə və ya konsulluq idarələrində nikaha daxil olmaq barədə verilmiş ərizəyə bu Məcəllənin 13.5-1-ci maddəsində nəzərdə tutulan tibb müəssisələri tərəfindən verilmiş tibbi müayinədən keçdiklərini təsdiqləyən sənədin əlavə olunması müəyyən edilir.

 

Müzakirəyə təqdim edilən qanun layihələrinin hər biri baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər