8 C
Baku
Friday, March 29, 2024

ABŞ-ın məşhur şirkətində çalışan azərbaycanlının uğur hekayəsi

Hatəm Şükür: “Məni inkişaf etməyə, üzərimdə işləməyə sövq edən və bunu tələb edən mühitdə çalışmağı çox sevirəm”
Çalışdığı sahə günbəgün yenilənir, o da bu sürətlə ayaqlaşmaq üçün daim özünü inkişaf etdirməyə çalışır. Çətinlikləri sevir, qarşısına məqsəd qoyub reallaşdırmaq üçün əlindən gələni edir. Amma bununla belə, şansa da inanır. Yəni, bilik və bacarıqlar öz yerində, müəyyən mənada insanın bəxti də gətirməlidir. Və bu cəhətdən özünü şanslı hesab edən müsahibimiz ABŞ-ın “Cisco” şirkətinin Polşa nümayəndəliyində Müştərilərə Texniki Dəstək mərkəzində mühəndis kimi çalışan azərbaycanlı gənc Hatəm Şükürdür.

 

Qeyd edək ki, Hatəm Şükür bundan əvvəl “Azərenerji” (Mühəndis), “Xalq Bank” (Şəbəkə inzibatçısı), “Azerfon” (İP Şəbəkəsi üzrə mühəndis) və “Azerconnect” (İP Şəbəkəsi üzrə mühəndis) şirkətlərində çalışıb.

1518691895 hatem1

– Bakalavr və magistr təhsilini biznesin təşkili və idarə edilməsi üzrə alıbsınız. Amma İT sahəsində çalışırsınız.

– Demək olar ki, ali təhsil aldığım ixtisas üzrə işləməmişəm. Əslində, hələ məktəb illərindən informasiya və kommunikasiya texnologiyaları sahəsinə marağım olub. Sadəcə olaraq, ali məktəbə qəbul zamanı müsabiqə nəticəsində bu ixtisasa qəbul oldum. Təbii ki təhsilimin də İT üzrə olmasını istəyərdim.

– Maraq göstərdiyiniz sahəyə keçməyiniz necə oldu? O sahədə təhsil almamışdınız. Çətin olacağını düşünmədiniz?

– Əslində, ali məktəbə qəbul olanda niyyətim biznes və iqtisadiyyat oxumaq deyildi. Mən daha çox informasiya texnologiyaları, tətbiqi riyaziyyat üzrə təhsil almaq istəyirdim. Universitetdə oxuyarkən də dərslərlə yanaşı, İT sahəsində də biliklər əldə etməyə çalışırdım. Təxminən, 3-cü kursun sonlarında dərs saatlarından sonra İT üzrə işləyirdim. Çox sadə İT işi ilə başladım. Çətin olması ilə bağlı sualı mən də özümə verirdim, təhsilimin o istiqamət üzrə olmadığını da başa düşürdüm. Amma mən ali təhsilimlə yanaşı, İT-ni də öyrənirdim. Həm də bəxtim onda gətirmişdi ki, ətrafımda bu sahədə çalışan təcrübəli insanlar çox idi. Onlar mənə yaxşı texniki mühəndis kimi yetişmək üçün nələri oxuyub-öyrənəcəyimlə bağlı istiqamət verirdilər.

1518691893 hatem4

– Ali təhsil aldığınız sahə indi sizə lazım olur? O istiqamətə zaman sərf etdiyiniz üçün peşman deyilsiniz?

– Gələcək karyeramda gördüyüm bir məqsədim mühəndislik və texniki bacarıqla biznes və iqtisadiyyat biliyimi bir araya gətirməkdir. Bu sintez maraqlı səslənsə də, əvvəlcə o qədər də həvəsim yox idi. Məqsədyönlü addım olmasa da, hazırda düşünürəm ki, yaxşı ki, bu cür oldu. İnformasiya texnologiyalarını öyrəndim, təhsilim də iqtisadiyyat üzrə oldu. İki sahənin sintezini edə bilsəm, çox yaxşı ola bilər.

 

– Şəbəkə texnologiyalarını İT-nin maraqlı istiqamətlərindən biri olaraq qeyd edirlər. Bəs şəbəkə texnologiyaları istiqamətini nə vaxt seçdiniz?

– İT-də birinci işim kompüterlərdə baş verən problemləri həll etmək idi. Tələbə olaraq işləməkdə əsas məqsədim İT-ni öyrənmək idi. Və işləyərkən məndə şəbəkə texnologiyalarına maraq yaranmışdı, gələcəkdə karyeramı sırf bu istiqamətdə görürdüm. Düşünürdüm ki, ali məktəbi bitirəndən sonra bu işi öyrənmək üçün mənə çox vaxt lazım ola bilər. Ona görə tələbə vaxtı o sahədə işləyib təcrübə yığmaq istədim. Birinci ümumi İT üzrə başladım, sonra artıq şəbəkə texnologiyalarına keçdim. O vaxt mənim iş saatlarım da məhdud idi, dərsdən sonra haradasa 4 saat işləməyə imkan olurdu. Maddi cəhətdən elə də böyük qazanc gətirmirdi, amma əsas məqsəd təcrübə olduğu üçün işləyirdim. Şəbəkə texnologiyaları sahəsinə marağım sonsuzdur. Ümumilikdə, İT-ni seçməyimə səbəb o oldu ki, bu sahə mənim üçün maraqlı idi. Hələ orta məktəb illərində düşünürdüm ki, necə olur ki, dünyanın bir nöqtəsində olan şəxslə o biri nöqtəsində olan şəxs real zamanda əlaqədə olurlar? Yaxud biz faylları necə göndəririk? İlkin maraq belə başlamışdı. Sonra da işin dərinliyinə getdikcə daha da sevdim. Bu sahəni seçdiyimə görə heç də peşman deyiləm.

 

– Çalışdığınız iş yerlərinə baxanda görünür ki, çoxunda bir ildən bir az çox işləyibsiniz. İş yerlərində nədənsə, çox qalmırsınız…

– Sonuncu iki iş yerim – “Azerfon” və “Azerconnect” əslində, eyni şirkətdir. Sadəcə olaraq, struktur dəyişikliyi baş verdi deyə, rəsmi olaraq iş yerim dəyişdi. İki il yarım bir şirkətdə işləmişəm. Bundan əvvəlki işdə isə haqlısınız, bir il altı ay qaldım. Bilirsiniz, bu gün İT sahəsində kifayət qədər dinamika var. Bu sektorda işləyən adam öz üzərində daha çox çalışmalıdır. 2-3 il bu sahədə çalışıb öz üzərinizdə işləməsəniz, yeni texnoloji bilikləri öyrənməsəniz, Böyük ehtimalla, mütəxəssis kimi sizə tələb aşağı düşəcək. 2014-cü ildə mən bank sahəsində şəbəkə üzrə işləməyə başlayanda bu, mənim üçün böyük təcrübə idi. Çünki orada təhlükəsizliyin təmin olunması üçün istifadə olunan avadanlıq və texnologiyalar mənim üçün maraqlı və həmin zaman üçün çox mürəkkəb idi. Onları öyrənib, təhlil edirdim. Bir qədər qeyri-təvazökar səslənə bilər, amma müəyyən müddətdən sonra o işdə özümü rahat hiss etməyə başladım. Sanki komfort zonaya düşmüşdüm. İT-də isə komfort zona heç də yaxşı hal deyil. Bu sahədə çalışan adam gərək qarşısına məqsəd qoysun, yaxşı mənada özünə çətinliklər yaratsın. Bu çətinlikləri yaratmaq üçün mobil operator sahəsinə keçmək qərarına gəldim. Şəbəkə texnologiyaları sahəsində işləyən bir şəxs kimi təcrübə baxımından mobil operator, yaxud servis provayder kimi şirkətlərdə işləmək çox önəmlidir. Bunları nəzərə alaraq, qarşıma məqsəd qoymuşdum ki, növbəti iş yerim mobil operatorlardan biri olsun. 2015-ci ildə artıq iş yerimi dəyişib bank sektorundan mobil operator sahəsinə keçdim. İnsan resursları mütəxəssisləri də mənə iş yerimi tez-tez dəyişməklə bağlı sualı verirdilər (gülür). Amma İT sahəsi elədir ki, işləməklə yanaşı, dinamikanı qoruyub saxlamaq lazımdır.

 

– Şəbəkə texnologiyaları sahəsindən danışanda dünyada əsas şirkət olaraq “Cisco”nun adı çəkilir. Bu şirkətə getməyiniz necə oldu?

– Şəbəkə texnologiyaları sahəsində işləyəndə “Cisco” şirkətinin icad etdiyi infrastruktur və texnologiyalarla çox rastlaşırsan. Başqa şirkətlərin də avadanlıqları, texnologiyaları və infrastrukturu bu sahədə istifadə olunur. Amma “Cisco” bu sahədə böyük və lider şirkətdir. Şəbəkə texnologiyaları sahəsində işləyən əksər mütəxəssislərin bu şirkətdən sertifikatları var. Mən də istisna deyildim, karyeramla bağlı qarşıma məqsəd qoymuşdum ki, şirkətin sertifikatlarını alım, bu sahə üzrə özümü inkişaf etdirim. Bir il öncə isə məndə bu şirkətdə çalışmaq istəyi yarandı, özümü bu mühitdə də sınamaq fikrinə düşmüşdüm. Müəyyən mənada özüm üçün çətinliklər axtardığımı da demək olar (gülür). Böyük şirkət olduğu üçün strukturu da çoxşaxəlidir. Özümə uyğun vakant yer tapıb, müraciət etdim. Onlar mənimlə müsahibə etmək istədiklərini dedilər. “Cisco”da çalışmağı istəyirdim, amma müsahibə prosesi o qədər peşəkar aparılırdı ki, içimdəki o istək daha da böyüməyə başladı. Çox yaxşı ki, məni seçdilər və indi burda çalışıram.

 

– Müsahibə prosesi necə idi ki, işləmək istəyinizi daha da artırdı?

– Birinci telefonla zəng edib, ingilis dili biliyimi yoxladılar. Sonra iki texniki imtahan oldu. Birində müəyyən tapşırığı həll etməli idim. İkincidə isə şəbəkə texnologiyaları barədə spesifik suallar verirdilər. Biliklərimin nə dərəcədə dərin olmasını yoxlamaq üçün əvvəlcə çox sadə suallardan başlayırdılar, cavablandırdıqca daha çətinlərini verirdilər. Maraqlı, stressli, eyni zamanda əyləncəli bir mərhələ oldu. Həm də müsahibə prosesində yalnız onlar sual vermirdilər, mənim də sual vermək imkanım var idi. İşə götürəcəkləri adamın kadr olaraq onlara nə dərəcədə uyğun olduğunu yoxlamaq üçün sual verdikləri kimi, şirkət olaraq çalışacağım yerlə bağlı da mənim suallarım vardı. O suallara səmimi və dolğun şəkildə cavab verilirdi.

 

– Çətinlikləri sevən adam olduğunuz qənaətinə gəlmək olar?

– Bəlkə də, demək olar. Bu, adamın həyatını maraqlı edir. Burada söhbət rasional çətinliklərdən gedir. İnsan hansısa çətinliyi üzərinə götürəndə rasional bir dəyərləndirmə aparmalıdır ki, üzərimə götürürəm, bunu həqiqətən bacaracağam? Bunu əvvəlcədən tam dəqiqliklə təyin edə bilmərik, amma yenə də insan özü üçün müəyyən bir ölçü götürməlidir. Rasional çətinlikləri sevirəm və inkişaf etməyi, üzərimdə işləməyi məndən tələb edən mühitdə çalışmağı çox sevirəm. Hər şeyin mənə aydın və rahat olduğu yerdə çox qala bilmirəm. İş həyatımın kifayət qədər dinamik olması üçün nəsə yeni bir şey kəşf etməyə çalışıram. İşimdə dinamika olmayanda özümü rahat hiss edirəm. Bu isə məni narahat edir. Bir qədər gülməli səslənir, amma belədir. Bütün sahələrdə düşünürəm ki, belə olmalıdır və mən də daim öz qarşıma müəyyən məqsədlər qoyuram.

1518691837 hatem2

– “Cisco”dan danışaq. Böyük şəbəkəsi olan şirkətdir, gündəlik işiniz, iş rejiminiz necədir?

– “Cisco” çox böyük bir korporasiyadır. 90-dan çox ölkədə 600-ə yaxın ofisi var. ABŞ, Avstraliya, Rusiya, Polşa, Hindistan, Belçika, Meksika, Almaniya və s. ölkələri qeyd etmək olar. Heç də bütün nümayəndəliklər eyni işlə məşğul olmurlar. Şirkət həddindən artıq böyükdür deyə, bəzi spesifik departamentlər var ki, onlar yalnız bəzi ölkələrdə olur, onların işi heç də başqa nümayəndəliklərlə üst-üstə düşmür. Azərbaycanda da ofisi var, amma oradakı daha çox nümayəndəlikdir, satış işi ilə məşğuldurlar. İşə gəlincə, iş saatım səhər saat 8-dən axşam 4-ə qədərdir. Bizim qrupun işi sırf müştərilərdə baş verən “Cisco” avadanlıqları və texnologiyaları ilə əlaqədar olan problemləri həll etməkdir. Problem isə sadə bir şey deyil. “Cisco”nun müştəriləri banklar, mobil operatorlar kimi böyük şirkətlərdir və onların özlərində işləyən mütəxəssislər kifayət qədər bilikli və bacarıqlı peşəkarlardır. Əgər onlar hər hansı mürəkkəb problemlə üzləşiblərsə və onu öz resursları ilə həll etməkdə müəyyən çətinliklərlə rastlaşırlarsa, istehsalçı şirkət kimi bizə müraciət edirlər. Elə texniki problem olur ki, onun həlli aylarla uzanır. Burda elə iş mühiti var ki, ən böyük mürəkkəb problemlə üzləşsən belə, özünü tək hiss etmirsən. Bu sahədə müəyyən iş təcrübəsinə malik olan şəxslər var ki, köməklik göstərirlər.

 

– Siz “Cisco”nun Polşada yerləşən ofisində çalışırsınız. Baş ofisdə çalışmaq kimi istək var, yoxsa bunun fərqi yoxdur?

– Şirkətin baş qərargahı Kaliforniyada yerləşir. İşin təşkili, tərkib hissəsi baxımından elə də böyük fərq yoxdur. Şirkətin siyasəti, prosedurları ofisin harada yerləşməsindən asılı olmayaraq, tətbiq olunur.

 

– Sizə görə uğur nədir? Əldə etdiklərinizə əsasən özünüzü nə dərəcədə uğurlu hesab edirsiniz?

– Uğurun konkret meyarı olduğunu düşünmürəm. İnsana və vəziyyətə görə dəyişə bilər. Ümumilikdə, uğur, insanın qarşısına qoyduğu məqsədləri reallaşdırması hesab oluna bilər. Burada əsas məqam isə odur ki, həmin reallaşdırdığın planların cəmiyyətə xeyri dəysin. Özümü uğurlu insan hesab etməkdə bir az çətinlik çəkirəm. Daha çox şanslı deyərdim. İndiki işimə düzələndə seçim prosesində tək mən olmamışam, müəyyən qədər insanın içindən seçiblər. Hər mənada onların hamısından yaxşı kadr olduğumu düşünmürəm, amma nəticədə elə alındı ki, mən seçildim. Şanslıyam və uğurlu olmağa çalışıram.

 

– Bəs uğura gedən yolda nələr insana mane ola bilər?

– Öz üzərində işləmək və mövcud imkanları real dəyərləndirmək lazımdır. İnsan uğur qazanmasına mane olacaq ən böyük çətinlik tənbəllik, işləmək istəməməkdir. Karyerada uğur qazanmaq xüsusi bir bacarıq deyil. Öz üzərində işləyən hər kəsin uğurlu olması normaldır. Bir də insanın uğurlu olmasına mane olacaq digər faktor təkəbbürdür. Öz imkanlarını real dəyərləndirmək lazımdır. Müəyyən bir nailiyyət əldə edəndən sonra təkəbbür insana çox böyük maneçilik törədə bilər. Hər nailiyyətdən sonra növbəti nailiyyətin daha çətin olduğunu bilmək önəmlidir. İnsan bunu anlayırsa, uğura nail olmaq yolundadır.

Son xəbərlər
Digər xəbərlər