ADIF-in üzvlərinin səlahiyyət müddəti artırılıb

Bu gün Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin iclasında Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında iştirakçı bankların nümayəndələrinin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar Şuraya ABA tərəfindən üzvlər təyin edilib.

ABA-dan verilən məlumata görə, seçkidə 22 bank iştirak edib.

Qeyd edək ki, iştirakçı bankların nümayəndələri onların yarısından çoxunun iştirakı ilə maliyyə bazarlarına nəzarət orqanın təşəbbüsü əsasında keçirilən yığıncaqda gizli səsvermə qaydasında iştirakçıların sadə səs çoxluğu ilə seçilir.

Himayəçilik Şurası Əmanətlərin Sığortalanması Fondunun ali idarəetmə orqanıdır. 7 nəfərdən ibarət olan Şuranın tərkibinə Mərkəzi Bankın 3, müvafiq icra hakimiyyəti orqanlarının 2 və iştirakçı bankların 2 nümayəndəsi daxildir. Himayəçilik Şurası Fondun təşkilati strukturunu, fondun illik büdcəsini, fondun qaydalarını təsdiq edir və qanunla nəzərdə tutulmuş digər səlahiyyətləri yerinə yetirir.

Əlavə edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda “Azericard” MMC ABA-nın üzvüdür.