25 C
Baku
Friday, April 19, 2024

ADIF xarici valyutada əmanəti olanlara müraciət edib

Əmanətlərin Sığortalanması Fondu xarici valyutada əmanəti olan şəxslərə müraciət edib.
Fonddan verilən məlumata görə, “Əmanətlərin sığortalanması haqqında” qanununa əsasən qorunan əmanətçilər kateqoriyasına aid olan fiziki şəxslər xarici valyutada olan əmanətlərinin tam sığortalanmasını istədikdə, əmanət müqavilələrinə Fondun Himayəçilik Şurasının 2016-cı il 1 mart tarixli qərarına əsasən müəyyən olunmuş xarici valyutada illik faiz dərəcəsi 3% olmaqla müvafiq dəyişikliklər edilməsi üçün əmanət müqavilələri bağlanmış banklara müraciət etməlidirlər. Bu zaman müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb ödənilir.

Belə dəyişikliklərin edilməsində maraqlı olmayan, yəni mövcud əmanət müqaviləsində əmanətçinin əmanətlərinin məbləği 30 min manatdan çox deyilsə və faiz dərəcəsi 12%-dən artıq deyilsə, deməli onun əmanəti qorunur və sığorta olunur. Belə ki, əmanət müqaviləsinin müddəti bitənədək əvvəlki şərtlərlə sığortalanır və müqavilə müddəti bitdikdən sonra əmanətinin müddətini artırmaq istədikdə həmin günə mövcud olan  şərtlərə uyğunlaşdırır. Bu halda Əmanətlərin Sığortalanması Fondunun iştirakçısı olan bankında sığorta hadisəsi baş verdikdə kompensasiyalar Fond tərəfindən əvvəlki miqdarda, yəni 30 min manata qədər məbləğdə ödənilir. Milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya avroda olmadıqda kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir.

Məsələn: A əmanətçi  9 yanvar 2016-cı il tarixində bir il müddətinə X bankda 12 faizlə 10 min ABŞ dolları yerləşdirib. Bu əmanətçinin əmanətinin müddəti bitənədək onun əmanəti qorunur və sığortalanır. Sığorta hadisəsi baş verdikdə 10 min ABŞ dolları və faizləri Fond tərəfindən kompensasiya edilir.
B əmanətçi 15 yanvar 2016-cı il tarixində 12%-lə bir il müddətinə 100 min ABŞ dollarında əmanət yerləşdirib. Onun əmanətinin yalnız 30 min manata qədər olan hissəsi sığortalanır və kompensasiya məbləği 19 124 ABŞ dolları (30 000/1,5687=19124) təşkil edəcəkdi və qalan vəsaiti (80 876 ABŞ dolları) sığorta hadisəsi baş vermiş bankdan almalı idi. Əgər bu əmanətçi əmanətinin tam sığortalanmasını istəyirsə, banka müraciət edir. Bank müraciət gününə qədər hesablanmış faizləri hesablayır və müştəriyə ödəyir. Müştərinin istəyini nəzərə almaqla qorunan əmanətlər üçün faiz dərəcəsini (ABŞ dolları və ya digər xarici valyutalar üçün 3%) tətbiq etməklə yeni müqavilə bağlayır və müştərinin əmanəti  tam qorunur. Sığorta hadisəsi baş verdikdə 100 min ABŞ dolları və faizləri tam şəkildə Fond tərəfindən kompensasiya  edilərək ödənilir.

Fonddan o da bildirilib ki, əmanət müqavilələrinin müddəti qurtardıqda həmin günə qorunan əmanətlər üçün hansı faiz dərəcəsinin qüvvədə olmasına diqqət yetirmək vacibdir. Bəzi hallarda əmanət müqavilələri eyni şərtlərlə təkrar uzadılır və həmin  günə Fond tərəfindən qorunan əmanətlər üçün maksimal faiz dərəcəsi nəzərə alınmır və nəticədə faiz dərəcəsinə görə qorunan əmanət  qorunmayan əmanət statusunu alır və kompensasiya ödənişi zamanı müştəriyə kompensasiya ödənişindən imtina edilir.

APA-Economics

Son xəbərlər
Digər xəbərlər