Aİ 17 ofşordan ibarət qara siyahını təsdiq etdi

Banker.az Reuters agentliyinə istinadən xəbər verir ki, Avropa İttifaqı 17 ofşor ərazidən ibarət qara siyahının tərkib hissəsini təsdiq edib. Siyahıda yer alan ərazilərə qarşı sanksiyalar tətbiq edilə bilər.

Siyahıda yer alan ölkələr aşağıdakılardır: Bəhreyn, Barbados, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri, Qrenada, Guam, Marşal adaları, Makao, Monqolustan, Namibiya, Palau, Panama, Samoa, Amerika Samoası, Müqəddəs Lusiya, Trinidad və Tobaqo və Tunis.

Daha əvvəl, Financial Times nəşrinin verdiyi məlumatda qeyd edilirdi ki, Avropa şurası nəzdində davranış kodeksinin yaradılması üzrə işçi qrupu 25 ölkə və ərazinin daxil olduğu “ofşor ərazilərin qara siyahısı” layihəsini hazırlamışdı.

Lakin nəşr qeyd edir ki, son qərar elan edilə qədər lazımi islahatları həyata keçirəcəyinə vəd verən şübhəli olaraq bilinən ölkələr siyahıdan çıxarıla bilər. Qeyd edək ki, qonşu Türkiyənin də sözügedən bu qara siyahıda yer alacağı bildirilirdi.