13 C
Baku
Wednesday, May 8, 2024

Ailə biznesinin təşkil edilməsi

Ailə biznesinin təşkil edilməsi zamanı iki ziddiyyətli nəzər nöqtəsi mövcuddur. Birincisi, qohumlar aralarında yaranmış münasibətlərə görə uğurlu və çiçəklənən biznes yarada bilməzlər. İkincisi isə, məhz qohumlar sabit inkişaf edən struktur yarada bilərlər. Bəs bu fikirlərdən hansı doğrudur?

Nə qədər təəccüblü olsa da, hər iki ideya təcrübədə özünü doğruldur. Eyni suala iki ziddiyyətli cavabın mövcud olmasının səbəbi nədir? Ailə biznesində mübahisələrdən necə qaçmaq olar?

Ailə biznesi yaratmağa qərar verərkən mümkün ola biləcək çətinliklikləri əvvəlcədən düşünmək və maksimum şəkildə onları ixtisar etmək lazımdır. Bu zaman ata biləcəyiniz ən doğru addım özünüz və qohum-kolleqalarınız üçün dəqiq qaydalar yaradın və onları birlikdə müzakirə edərək yekdilliklə son qərarları qəbul edin. Və xoşagəlməz problem və anlaşılmazlıqlar yaşamamaq üçün hər kəs bu qaydalara ümumilikdə riayət etməlidir:

Müəssisə yaradılarkən ilk olaraq nizamnamə sənədləri qeydiyyatdan keçirilir. Ailənin hər bir üzvünün yeni yaradılan biznesdə rolunu nəzərə alaraq nizamnamə sənədlərində təsisçiləri və onların nizamnamə kapitalında sahib olduqları payı qeyd etmək mütləqdir. Bu əmlakın bölüşdürülməsi zamanı mübahisələrin qarşısını almağa kömək edir.

Ailənin hər bir üzvünə razılaşdırılmış vəzifə təyin edildikdən sonra, ştatın hər bir üzvü üçün vəzifə təlimatlarını yaratmağı məsləhət görürük. Bu təlimatlarda isə bir qayda olaraq hər bir vəzifəyə uyğun gələn tapşırıq və məsuliyyət növləri qeyd olunmalıdır. Vəzifə təlimatları əmək resurslarını sistemləşdirməyə, əmək prosesini rasionallaşdırmağa, həmçinin “kimsənin digərinin işinə qarışması” kimi mənfi halın qarşısını almağa kömək edəcək. Bu da öz növbəsində yersiz mübahisələrdən xilas olmaq üçün düşünülmüş bir vasitədir.

Bununla yanaşı, qohumlardan kimsənin özünə əlavə səlahiyyət götürməməsi üçün dəqiq təyin edilmiş rəhbərlik olmalıdır. Çünki belə davranışlar kollektivdə əməkdaşların “yola getməməsinə” və əmək intizamının pozulmasına gətirib çıxarır.

Ailə biznesinin təşkil edilməsi zamanı riayət etməli olduğunuz qaydalardan biri də, şirkət daxili iş qrafikinin təşkil edilməsi və maksimum şəkildə həmin qrafikə uyğun davranmaqdır. Belə ki, biznesdə iştirak edən ailə üzvləri və yaxud qohumlar məhz bu qohumluq əlaqələrindən istifadə edərək işə istədikləri zamanda gəlir və istədikləri vaxt işi tərk edirlər. Bu isə kollektivdə digər əməkdaşlar arasında iş yükünün qeyri-bərabər paylanmasına səbəb olmaqla, haqlı narazılıqlara səbəb olur. Biznesin qohum iştirakçıları digər əməkdaşlardan heç bir fərqlərinin olmadığını anlamalıdırlar. Əks halda kollektivdə yerinə yetirilmiş layihələr əvəzinə, xoşagəlməz narazılıq və mübahisələr hökm sürəcək. Bu zaman bu məsələni ədalətli şəkildə həll etmək rəhbər şəxsin öhdəliyinə düşür. Bu zaman əməkdaşların hər birinə, ailə üzvü və yaxud qohum olub-olmamaqlarından asılı olmayaraq ədalətli şəkildə yanaşmaq lazımdır.

Biznesiniz artıq geniş miqyas aldıqda və işləri əvvəlki kimi idarə edəcək gücə sahib olmadıqda bu məsuliyyətli vəzifəni məqsədəuyğun şəkildə professional planda fərqlənən qohuma həvalə etmək məsləhətdir. Özünüz isə yaranan boş zamandan istifadə edərək özünüzə və ailənizə daha çox zaman ayıra bilərsiniz.

Yuxarıda sadalanan qaydalara riayət etməklə ailə biznesinin təşkil edilməsinə uğura nail ola bilərsiniz!

Son xəbərlər
 ⁠
Digər xəbərlər