“Aksiz dərəcələrinin artırılması heç bir ciddi problem yaratmayacaq” – İqtisadçı deyir

“Bu qərarın benzinə o qədər də aidiyyətı yoxdur, tütün məmulatları və alkoqollu içkilərin qiymətinə müəyyən təsirləri ola bilər”

Nazirlər Kabinetinin  aksiz dərəcələrinin artırılması ilə bağlı verdiyi 23  yanvar tarixli qərarı idxal olunan tütün məmulatları, spirtli içkilər və bəzi benzin növlərinin bahalaşması anonsu kimi qəbul olundu.

Yanvarın 23-də qüvvəyə minən qərar artıq müvafiq məhsulların qiymətinə təsir etməyə başlayıb.

Bir çox iqtisadçı ekspertlər isə aksiz dərəcələrinin artırılmasını tənqidlə qarşılayıb. Onlar bu qərarın bahalaşmaya və inflyasiyanın artmasına səbəb olacağını bildiriblər. O cümlədən müvafiq məhsulların qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi hallarının artacağını, o cümlədən bazara keyfiyyətsiz məhsulların xarici markaların adı altında yol açacağını bildirənlər də olub.

Bəs görəsən, hökumətin siyasətini dəstəkləyən tanınmış iqtisadçılar qiymət artımına səbəb olacaq bu qərarı necə dəyərləndirirlər?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov qeyd edib ki, bu qərarın bazara ciddi təsiri olmayacaq: “Mən inanmıram ki, burada ciddi bahalaşma olsun və ya inflyasiya səviyyəsinə təsir göstərsin. Bu qərarın benzinə o qədər də aidiyyətı yoxdur. Tütün məmulatları və alkoqollu içkilərin qiymətinə müəyyən təsirləri ola bilər. Bunun da alternativi var. Çünki Azərbaycanın özündə kifayət qədər tütün və alkoqollu içkilər istehsal olunur. Xaricdən idxal olunan məhsulların isə keyfiyyətində də müəyyən problemlər var. Əksər hissəsini Dağıstanda istehsal edirlər, Azərbaycana Rusiya məhsulu adı ilə gətirirlər. Bu məhsulların keyfiyyətində problem var”.

Vahid Əhmədov həmçinin tütündən istifadənin məhdudlaşmasına gətirib çıxaran qərarın tərəfdarı olduğunu bildirdi: “Biz Milli Məclisdə qanun qəbul etmişik, çox yerdə tütündən istifadəyə qadağa qoymuşuq. İnsanlar başa düşməlidir ki, tütün, ümumiyyətlə, sağlamlığa ziyandır. Kim deyirsə bu, qiymət artımına və ya inflyasiyaya səbəb olacaq, mən buna inanmıram. Elə bir ciddi problem olmayacaq”.

Sözügedən məhsulların ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsi hallarının artacağı ehtimalına münasibət bildirən deputat bu kimi halların hər zaman olduğunu bildirdi: “Qaçaqmalçılıq guya indi yoxdurmu? Hər gün mətbuatda Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti tərəfindən qaçaqmalçılıq yolu ilə ölkəyə məhsul gətirmək istəyən şəxslərin tutulduğu ilə bağlı xəbərlər yayılır. Bu keçərli arqument deyil və mən bunu qəbul etmirəm. Onu da qeyd etməliyəm ki, son vaxtlar Azərbaycanda istehsal olunan spirtli içkilərin keyfiyyəti artıb. Bu bir faktdır”.

Sabiq maliyyə naziri Fikrət Yusifov da açıqlamasında bildirdi ki, tütün və alkoqollu içkilərin aksiz dərəcələrinin artırılmasını normal qarşılamaq lazımdır: “Bəzi məhsullara aksiz vergilərinin artırılması ilə bağlı qərar keçən ilin dekabr ayının sonlarına yaxın qəbul edilmişdi. Onun qüvvəyə minməsi ilə tütün məmulatlarının və spirtli içkilərin qiymətləri nə qədər bahalanacaq? Bu sual ilk növbədə həmin məhsullardan mütəmadi istifadə edənləri daha çox düşündürür. Bizim ticarət adamları belə məsələlərdə çox ”həssasdırlar”. Heç şübhəsiz həmin məhsulların ticarəti ilə məşğul olanlar onların qiymətlərini bir ay öncə qəbul edilmiş qərara uyğun olaraq artıq artırıblar. Bütövlükdə isə idxal olunan tütün və spirtli içki məhsullarına aksiz vergilərinin artırılmasını normal qarşılamaq lazımdır. Bu məhsullar əsas istehlak məhsulları hesab oluna bilməz və onların istehlakının azaldılması daha çox insanların sağlamlığı üçün faydalıdır”.

F.Yusifov vurğuladı ki, qiymət artımı təkcə büdcəyə əlavə vəsait toplamaq məqsədi güdmür: “Burada məqsəd eyni zamanda həmin məhsulların yerli istehsalını stimullaşdırmaqdan ibarətdir. ”Premium” və “Super” markalı avtomobil yanacağı isə bir qayda olaraq daha bahalı avtomobillər üçün istifadə olunur. Bu səbəbdən onların qiymətlərində baş verəcək artımların başqa qiymətlərə təsir imkanları yoxdur”.

📝 RƏY BİLDİR