“Alfa Sığorta”nın üçüncü növbə tələbləri üzrə ödənişlər həyata keçirilir

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 26 avqust 2016-cı il tarixli qərarı ilə lisenziyası ləğv edilmiş “Alfa Sığorta” ASC  tərəfindən hazırda üçüncü növbə kreditor tələbləri üzrə ödənişlər həyata keçirilir.

Aktivlərin məhdud olması səbəbindən ləğvetmə komissiyası tərəfindən “Sığorta fəaliyyəti haqqında” Qanunun tələblərinə uyğun olaraq ödənişlərin kreditor tələblərinin mütənasib olaraq 23 faizi həcmində ödənilməsi qərara alınıb.

Qeyd edək ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2016-cı il tarixli qərarı ilə “Alfa Sığorta” ASC müflis elan edilmiş və onun iflası proseduruna başlanılmışdır. Bu müddət ərzində ləğv prosesində olan “Alfa Sığorta” ASC-nin kreditorlarının tələblərinin reyestri tərtib edilmiş və məhkəmə tərəfindən təsdiq edilmişdir. Məsələyə yekun olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılmışdır. Hazırda sığorta şirkətinin ləğvetmə prosesi davam edir.