13 C
Baku
Friday, April 19, 2024

Amortizasiya – hesablanma metodu

Amortizasiya termini müxtəlif mənalarda istifadə olunur. Onlardan ən çox yayılanı bunlardır: 1) Əsas fondların, yəni binaların, avadanlıqların, qurğuların və s. bu kimi qiymətlilərin tədricən köhnələrək öz dəyərini hissə-hissə istehsal olunan məhsulun üzərinə keçirməsi; 2) Müəssisə tərəfindən pul vəsaitinin yığılması və köhnəlmiş əsas fondların yeniləri ilə əvəz edilməsi. Hazırda bir sıra ölkələrdə sürətli amortizasiya tətbiq edilir ki, bu da bir tərəfdən, vergiyə cəlb olunan mənfəətin həcmini azaldır, digər tərəfdən, müəssisənin yeni texnika və avadanlıqlarla təchiz edilməsinə şərait yaradır.

Amortizasiya –aktivlərin faydalı xidmət müddəti ərzində dəyərinin müntəzəm sürətdə azalması deməkdir. Sadə dildə desək amortizasiya köhnəlmə deməkdir. Gəlin mövzu ilə bağlı digər anlayışlara da nəzər salaq.

Ümumi balans dəyəri – aktivin yığılmış amortizasiya və yığılmış qiymətdən düşmə zərəri çıxılmazdan əvvəl balans hesabatında tanınan dəyəridir.
Balans dəyəri – yığılmış amortizasiya və qiymətdən düşmə zərərləri çıxıldıqdan sonra aktivin balans hesabatında tanınan dəyəridir.

İlkin dəyər – aktivin satın alınması və ya tikilməsi, daşınması və quraşdırılması zamanı, onun əldə edilməsi üçün ödənilmiş pul vəsaiti və ya pul vəsaitlərinin ekvivalentləri və yaxud, tətbiq edilməsi mümkün olan təqdirdə, digər Standartların xüsusi tələblərinə uyğun olaraq ilkin mərhələdə tanınmış aktivə aid edilən məbləğdir.

Amortizasiya olunan dəyər – aktivin ilkin dəyərindən və ya bu dəyəri əvəz edən digər məbləğdən son qalıq (likvidasiya) dəyərinin çıxılmasından sonra əldə olunan dəyərdir.

Amortizasiya – istismara yararlı müddətdə aktivlərin amortizasiya olunan dəyərinin müəyyən olunmuş hissələrlə müntəzəm olaraq (sistematik) paylaşdırılmasıdır (bölüşdürülməsidir).

Son qalıq (likvidasiya) dəyəri – torpaq, tikili və avadanlıqlara aid aktiv faydalı istismar müddətinin sonunda nəzərdə tutulan vəziyyətə uyğun olduqda, onun satışı ilə bağlı ehtimal olunan xərclər çıxıldıqdan sonra, müəssisə tərəfindən əldə oluna biləcək qiymətləndirilmiş məbləğdir.

Faydalı istismar müddəti – aşağıdakı meyarlara cavab verən dövrdür:

(a) müəssisə tərəfindən aktivin istifadəyə yararlı olması gözlənilən dövrdür, və ya
(b) müəssisənin aktivin istifadəsindən əldə edəcəyi ehtimal olunan məhsul vahidlərinin miqdarıdır.

Amortizasiyanın hesablanması

Mortgage Amortization Calculation

Amortizasiyanın hesablanmasını mühasibat uçotu və vergi uçotu baxımından nəzərdən keçirmək olar. Köhnə hesablar planında da əsas vəsaitlər anlayışına rast gəlmək mümkündür. Bu qaydalarda konkret yazılıb ki, 500.000 AZM-dən, yəni 100 AZN-dən artıq dəyəri olan, istismar müddəti 1 ildən yuxarı olan aktivlər əsas vəsait kimi uçota alınmalıdır. Lakin yeni hesablar planında bu ifadə “Torpaq, tikili və avadanlıqlar” adı ilə 11 saylı maddədə uçota alınır. Yəni yeni Milli Mühasibat Uçotu standartlarında artıq əsas vəsait anlayışı yoxdur. Həmçinin Milli Mühasibat Uçotu qaydalarında artıq 500 manat məhdudiyyəti yoxdur. Sadəcə 1 il məhdudiyyəti var. Belə çıxır ki, yeni standartlara əsasən, əgər hər hansı bir aktivin, əmlakın dəyəri 500 manatdan azdırsa, lakin onun istismar müddəti 1 ildən yuxarıdırsa, artıq o, “torpaq, tikili və avadanlıqlar” kimi, köhnə qaydada desək əsas vəsait kimi uçota alına bilər. Bundan əlavə beynəlxalq mühasibat standartlarında aktivlərin dəyəri ilə bağlı məhdudiyyət –yəni qiymət fərqi (500 AZN) nəzərdə tutulmur, aktivlərin əsas vəsait hesab olunması üçün onlardan səmərə əldə edilməsi və nəzarətdə tələb olunur. Qeyd edək ki, Vergi Məcəlləsində də əsas vəsaitlərlə bağlı 500 manat məhdudiyyəti vardır.

Aydındır ki, əsas vəsait varsa onda köhnəlmə də (amortizasiya) hesablanmalıdır. Əsas vəsait vaxt ötdükcə köhnəlir, qocalır, məhsuldarlığı azalır. Buna görə də əsas vəsaitin dəyəri illər ötdüksə istehsal olunan məhsulun dəyərinə salınmalıdır.

Torpaq istisna olmaqla “Torpaq, tikili və avadanlıqlar”ın müəyyən istismar müddətinə malik olduğu üçün onlara bu müddət ərzində sistematik və rasional qaydada amortizasiya hesablanmalıdır.

Beynəlxalq standartlara əsasən torpaq sahələri və binalar özü-özlüyündə ayrıca aktivləri təmsil etdiklərindən, onların hətta bir yerdə əldə edilməsi halları baş verməsinə baxmayaraq, ayrı-ayrılıqda uçota alınırlar. Daş karxanası və zibilin tökülməsi üçün ayrılmış torpaq sahələri kimi bəzi istisnalardan başqa torpaq sahələri məhdud olmayan faydalı istifadə müddətinə malikdirlər və bu səbəbdən də amortizasiya olunmurlar. Binalar və yaxud tikililər məhdud faydalı istismar müddətinə malik olduqlarından amortizasiya olunurlar. Tikilinin yerləşdiyi torpaq sahəsinin dəyərinin artması tikilinin amortizasiya edilmiş dəyərinə təsir etmir.

Əgər torpaq sahəsinin ilkin dəyərinə demontaj, obyektin ləğvi və sahənin bərpası məsrəfləri daxildirsə, onda torpaq aktivinin həmin hissəsi bu kimi məsrəflərin çəkilməsindən səmərənin əldə edilməsi müddəti ərzində amortizasiya olunmalıdır. Belə halda həmin torpaq sahəsinin dəyəri onun istifadəsindən gözlənilən səmərəni əks etdirən tərzdə amortizasiya edilməlidir.

Qeyd edək ki, mühasibat uçotu standartlarına əsasən amortizasiya ayırmalarının 3 metodu var. Bunlar düz xətt metodu, azalan qalıq metodu və maşın saatı metodudur. Düz xətt metodu, aktivin son qalıq dəyərinin dəyişmədiyi təqdirdə, onun faydalı istismar dövrü ərzində daimi ayırmaların həyata keçirilməsi ilə nəticələnir. Azalan qalıq metodu aktivin faydalı istismar dövrü ərzində ayırmaların azalması ilə nəticələnir. Maşın saatı və ya istehsal vahidi metodu isə aktivin istehsal gücü və ya ehtimal olunan istifadəsinə əsaslanan ayırmalar ilə nəticələnir. Müəssisə aktivlə bağlı gələcək iqtisadi səmərələrin istifadəsi üzrə ehtimal olunan istehlak sxemi daha dəqiq əks etdirən metodu seçir. Bu metod, gələcək iqtisadi səmərələrin istifadəsi üzrə ehtimal olunan istehlak sxemi dəyişməyənə qədər dövrdən dövrə müntəzəm olaraq tətbiq edilir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən isə amortizasiyaların hesablanmasında düz xətt metodu tətbiq edilir. Yəni faktiki olaraq yerli müəssisələrin hamısında bu metoddan istifadə olunur.

Sizə daha aydın olması üçün bu metodların hər birini sadə misalda nəzərdən keçirək:

Tutaq ki, müəssisənin balansında 10.000 manatlıq avadanlıq var. Avadanlığın faydalı istifadə müddəti 10 ildir.

Düz xətt metodu

10.000 /10 il = 1.000 manat

Müəssisə hər il 1.000 manat amortizasiya ayırmaları edəcək və bu məbləği xərclərə siləcək.

Azalan qalıq metodu

Birinci il: 10.000 x 25% = 2.500 manat

İkinci il: (10.000 -2.500) x 25% = 1.875 manat

Bu şəkildə hər il üçün amortizasiya ayırmaları hesablanılır.

Maşın saatı metodu

Nəzərə alaq ki, avadanlığın faydalı istifadə müddəti 6.000 saatdır. Bu, birinci il üçün 800 saat, ikinci il üçün isə 700 saatdır.

Onda birinci il üçün: 10.000 manat / 6.000 x 800 = 1.333 manat, ikinci il üçün 10.000 manat / 6.000 x 700 = 1.166 manat amortizasiya ayırmaları hesablanmalıdır.

İlin sonuna qalıq dəyəri əsasında hesablanmış aktivlər üzrə üzrə amortizasiya ayırmaları gəlirdən çıxılır.

1329390556 main 109627 e5683f1c42664a916d07852d13e5b1f4Vergi baxımından amortizasiyanın önəmi nədir?

Vergi uçotu amortizasiyanın hesablanmasını sistematik, bölüşdürülmüş şəkildə həyata keçirilməsini ona görə tələb edir ki, müəssisənin əsas vəsaitin alınmasına sərf etdiyi vəsaiti birdən-birə məsrəf olaraq silməsi, müəssisənin real olaraq nə dərəcədə mənfəət əldə etməsini qiymətləndirməyə imkan vermir. Belə olduqda müəssisənin ardıcıl illərdəki zərər və mənfəət hesabatında kəskin fərqlər olur.

Əsas vəsaitlər — istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, amortizasiya edilməli olan maddi aktivlərdir.

Torpaq, incəsənət əsərləri, nadir tarixi və memarlıq abidələri olan binalar, qurğular (tikililər) və aşağıda qeyd edilən köhnəlməyə məruz qalmayan digər aktivlər amortizasiya olunmur:

  • elmi-tədqiqat, tədris və təcrübə məqsədi üçün kabinetlərdə və laboratoriyalarda istifadə edilən avadanlıqlar, eksponatlar, nümunələr, fəaliyyətdə olan və olmayan modellər, maketlər və başqa əyani vəsaitlər;
  • məhsuldar heyvanlar (damazlıq inəklər, camışlar, madyanlar, dəvələr, marallar, donuzlar, qoyunlar, keçilər, döllük buğalar, kəllər, ayğırlar, nərlər, qabanlar, qoçlar, təkələr və bunlar kimi digər məhsuldar heyvanlar);
  • heyvanxanalarda və digər analoji müəssisələrdə olan heyvanat aləminin eksponatları;
  • istismar vaxtı çatmayan çoxillik əkmələr;
  • kitabxana fondları, kinofondlar (video, audio, foto), səhnə rekvizitləri, muzey sərvətləri (eksponatları);
  • tam amortizasiya olunmuş əsas vəsaitlər, onlar istismara yararlı olduğu hallarda;
  • konservasiya edilmiş əsas vəsaitlər;
  • ümumi istifadədə olan avtomobil yolları;
  • ümumi istifadədə olan parklardakı avadanlıqlar;
  • istismara verilməmiş anbarda olan əsas vəsaitlər.

Amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir (Vergi Məcəlləsinin 114-cü maddəsinə əsasən):

  • binalar, tikintilər və qurğular — 7%-dək;
  • maşınlar, avadanlıq və hesablama texnikası — 25%-dək;
  • nəqliyyat vasitələri — 25%-dək;
  • iş heyvanları — 20%-dək;
  • geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər — 25%-dək;
  • qeyri-maddi aktivlər — istifadə müddəti məlum olmayanlar üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə;
  • digər əsas vəsaitlər — 20%-dək;

Əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.

Hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər.

Binalar, tikililər və qurğular (bundan sonra tikililər) üçün amortizasiya ayırmaları hər tikili üzrə ayrılıqda aparılır.
Amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər (vəsait) üzrə vergi ilinin sonuna qalıq dəyəri aşağıdakı qaydada müəyyənləşdirilən (lakin sıfırdan aşağı olmayan) məbləğdən ibarət olur:

  • əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyərinə (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq cari ildə daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri, habelə cari ildə bu Məcəllənin 115-ci maddəsinə əsasən müəyyən edilən təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir, vergi ilində təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır.

Əsas vəsaitlərin (vəsaitin) təqdim edilməsindən əldə olunan məbləğ həmin əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərindən artıqdırsa yaranmış fərq gəlirə daxil edilir.

İlin sonuna əsas vəsaitin qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərinin 5 faizindən az olduqda, qalıq dəyərinin məbləği gəlirdən çıxılır.

Əsas vəsaitlərin (vəsaitin) təqdim edilməsindən əldə olunan məbləğ, həmin əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərindən azdırsa, yaranmış fərq gəlirdən çıxılır.

Son xəbərlər
Digər xəbərlər