Analitiklər: Dolların dünyada hegemonluğu uzun çəkməyəcək

ABŞ dollarının dünyada hegemonluğu uzun sürə bilməz.

“Vestifinance.ru” saytına istinadən, bu barədə “Alhambra Partners” investisiya şirkətinin informasiya texnologiyaları üzrə direktoru Cefri Snayder (Jeffrey Snider), “Forest for the Trees” makroiqtisadi araşdırmalar şirkətinin təsisçisi Lyuk Qromen (Luke Gromen) və “Morgan Creek Capital Management” investisiya şirkətinin təsisçisi Mark Yuşko (Mark Yusko) “Macro Voices” həftəlik maliyyə proqramına müsahibələrində bildiriblər.

L.Qromen hesab edir ki, əsas addım 2016-cı ilin III rübündə dünya ticarətində dolların rolunun azaldılması ilə atılıb. Qromen bu prosesin davam edəcəyini və ABŞ-ın maraqlarına uyğun olaraq, dolların ucuzlaşmağa davam edəcəyini bildirib. 2014-cü ilin III rübündən 2016-cı ilin III rübünə qədər dollar möhkəmlənib, LIBOR faizləri artıb. Nəticədə ABŞ-ın vergi gəlirləri azalmağa, büdcə kəsiri artmağa başladıqdan sonra qlobal böhran baş verib.

C.Snayderə görə isə, avrodollar sistemi inkişaf etməkdə olan ölkələrin iqtisadi artımına mane olur və hər dəfə monetar sərtləşdirmə qərarı verildikdə qlobal maliyyə sistemi daha da zəifləyir.

M.Yuşko dolların hegemonluğunun bitməsi ilə əlaqədar maraqlı araşdırmalar apararaq qeyd edib ki, dollar 1944-cü ildə dünya ehtiyat valyutası rolunu əldə edib. Ona qədər Britaniya funt sterlinqi  dünyanın lider valyutası olub. 1913-cü ildə Britaniya Mesopotamiyaya müdaxilə etdikdən sonra borcları artıb və funt sterlinq hegemonluğunu itirib. 31 il sonra dollar hegemonluğu ələ alıb. 2013-cü ildə isə ABŞ Mesopotamiyaya müdaxilə edib, borclar artıb, nəticədə dollar ucuzlaşmağa başlayıb. Bu dəfə isə Çin yuanı möhkəmlənməyə başlayıb. Yuşko əminliklə bildirib ki, 2050-ci ilə yaxınlaşdıqca yuan dolları dünya ehtiyat valyutası kimi əvəz edəcək.

– Report