“Anglo Asian Mining plc” I rübdə qızıl hasilatını 49% artırıb

Britaniyanın “Anglo Asian Mining plc” (ААМ) şirkəti 2018-ci ilin I rübündə $19 mln. 861,568 min məbləğində qızıl satıb. Bu barədə şirkətin məlumatında deyilir.

“2018-ci ilin I rübündə şirkət 1 unsiyası 1,328 min dollar olan 14,956 min unsiya qızıl satıb (2017-ci ilin yanvar-mart aylarında 1 unsiyası $1,22 min olan 8,283 min unsiya qızıl satılıb)”, – deyə məlumatda bildirilir.

Beləliklə, satışların həcmi 96,6% artıb.

Bundan başqa, “Anglo Asian Mining plc” bu ilin I rübündə $1,7 mln. məbləğində mis konsentratı satıb (2017-ci ilin I rübündə $4,2 mln.).

2018-ci ilin I rübündə şirkət 16,479 min unsiya qızıl (2017-ci ilin yanvar-mart ayları ilə müqayisədə artım 49%) və 40,583 min unsiya gümüş (artım 3,1%), 255 ton mis (ötən ilin I rübündə 606 ton) hasil edib.

«2018-cilin yanvar-mart aylarının göstəriciləri şirkət üçün yüksək olub. Çünki qış fəslində hökm sürən hava şəraiti ilə əlaqədar ilin I rübünün göstəriciləri hər zaman çox aşağı olur. Hasilat göstəricilərinin əhəmiyyətli dərəcədə artımını 2017-ci il ərzində həyata keçirdiyimiz optimallaşma və genişlənmə təşəbbüsləri, eləcə də “Uğur” yatağında hasilatın başlaması ilə izah etmək olar”, – deyə “Anglo Asian Mining”in baş direktoru Reza Vəziri qeyd edib.