15 C
Baku
Friday, March 29, 2024

Apple-ın digər yaradıcısı Stiv Voznyak

Stiv Voznyak Stiv Jobs ilə birlikdə Apple şirkətinin yaradıcısıdır. O 1950-ci il, 11 avqustda San Xose şəhərində (Kaliforniya, ABŞ) dünyaya gəlib.

Faktiki olaraq o ilk fərdi kompüterlərin tərtibatçılarından biridir. Onun ixtira və ideyaları kompüter sistemlərinin inkişafı üçün əvəzolunmaz töhfədir. Stiv Voznyak o dövrdə istifadəçilər arasında böyük məşhurluq qazanan Apple I və Apple II fərdi kompüterlərinin yaradıcısıdır.

Öz məktəb yoldaşı Stiv Cobs ilə Voznyak 1976-cı il 1 apreldə kompüterlərin yığılması və istehsal edilməsi ilə məşğul olan şirkət təşkil edir. 1980-ci ildə satışa çıxarılan Apple II kompüterləri Voznyak və Cobsu milyoner edir. 1981-ci ildə kiçik bir təyyarədə pilotluq edən Voznyak təyyarə qəzasına uğrayır.

Qəza ilə əlaqədar olaraq onda müvəqqəti amneziya yaranır.

voznak2

Bununla əlaqədar olaraq Voznyak Apple-ı tərk etməli oldu. Buna baxmayaraq, 1983-cü ildə o geri qayıdaraq daha iki il burada işlədi. Bundan sonra o, məişətdə istifadə üçün uzaqdan idarə olunan qurğular – yəni pultların yaradılması ilə məşğul olan özəl şirkət yaratdı. Onun CL-9 firması 1989-cu ilə qədər mövcud oldu. Bu müddət ərzində Voznyak Berklidə universiteti bitirərək elektrotexnika və IT sahəsində bakalavr dərəcəsi əldə etdi. Bundan başqa, Stiv Voznyak beşinci kurs tələbələrinə könüllülük əsasında mühazirələr oxuyur.

Apple rəhbərinin evi satışa çıxarıldı

2013-cü ilin martında əvvəllər Stiv Voznyaka məxsus Los Qatosdakı ev yenidən satışa çıxarılıb. Bu ev 1986-cı ildə xüsusi olaraq Stiv Voznyak üçün inşa edilmişdi və bu evdə 6 yataq otağı və 6 hamam otağı var. Ev 7,5 min kvadrat fut ərazini əhatə edir.

Steve Woznyak house 01

Ev bu günə qədər bir neçə sahib dəyişsə də öz möhtəşəm görünüşünü qoruyub saxlayır. Evə hazırda sahib olan şəxslər ilk əvvəl 2012-ci ilin sonlarında evi 5 milyon dollara satışa çıxarmışdılar. Lakin bu zaman alıcı tapılmamışdı. Evi yenidən satmağa cəhd edərək onlar qiyməti aşağı salaraq 4,395 milyon dollar etmişdilər.

Evdə bir neçə başqa maraqlı detallar da var. Bunlara misal olaraq açıq səma altında hovuzu və uşaqların oyun oynamaları üçün geniş məkanı göstərmək olar. Evdə işıqlandırma sistemi də xüsusi olaraq quraşdırılmışdır.

Ailəsi

Voznyak həyat yoldaşı Janet Hill ilə Los Qatos şəhərində yaşayır.

wozniak 4

Sitatları

  • iPodlar böyük məşhurluq qazanaraq uzun bir zaman ərzində mövcudluğunu qoruyub saxladı. Keçmişə nəzər salsanız tranzistorlu radioqəbuledici və ilk pleerlərin qısa bir zaman ərzində yoxa çıxdıqlarını görə bilərsiniz. Bunlar elə məhsullardır ki, bir insanda bu məhsullardan iki-üç nümunə olduqda bu özlüyündə məhsulun ucuzlaşmasına və satışların sayının azalmasına gətirib çıxarır.
  • Pəncərədən atılması mümkün olmayan kompüterlərə güvənməyin.

Stiv Voznyak ilə bağlı maraqlı faktlar

  • Voznyak Polşa əsillidir və bu səbəbdən də onun əsl adı Stiven deyil, Stefan oxunmalıdır.
  • Stiv Voznyak polo üzrə (at üstündə oynanan top oyunu) Silicon Valley komandasının üzvüdür.
  • Tetris Voznyakın ən sevimli oyunudu.
  • Voznyakın sitatlarından birini (“Pəncərədən atılması mümkün olmayan kompüterlərə güvənməyin”) Civilization IV adlı kompüter oyununun tək istifadəçili rejimində görmək olar.
  • 9 mart 2009-cu ildə ənənəvi “Dancing with the Stars” şou proqramında Denis Riçards, Belinda Karlayl, Lim Kim, Stiv-O ilə yanaşı Stiv Voznyak da iştirak etmişdi. Onu rəqsdə məşhur ukraynalı rəqqasə Karina Smirnoff müşayiət etmişdi.
  • Voznyak bir müddət aktrisa Kathy Griffin ilə görüşürdü və dəfələrlə “Kathy Griffin: My Life on the D-List” serialında iştirak etmişdi. 2008-ci ilin iyununda isə Kathy rəsmi olaraq onların artıq görüşmədiklərini elan etmişdi.
  • Voznyak “Code Monkeys” adlı cizgi filminin ilk seriyasının səsləndirilməsində iştirak etmişdi. Bu cizgi filmində Stivin özü parodiya olunurdu və o özü öz personajını səsləndirmişdi. Bununla yanaşı o 12-ci seriyanın da səsləndirilməsində iştirak etmişdi.
  • Voznyak ən yaxın dostu Stiv Cobs ilə Con Dreyperin texnikasını təkmilləşdirərək Blue Box adlı qurğu yaratmışdılar. Bu qurğu siqnalları təkrarlayaraq telefon sistemlərini aldatmaq qabiliyyətinə malik idi və pulsuz zənglər etməyə imkan verirdi. Bəzi məlumatlara əsasən şəriklər bu qurğulardan satmaqla yanaşı öz aralarında həm də əylənirdilər. Belə ki, onlar çox vaxt Henri Kissendjerin adından Roma Papasına zəng edərdilər.
Son xəbərlər
Digər xəbərlər