15 C
Baku
Friday, April 26, 2024

Apteklərdə dərman qıtlığına səbəb nədir?

Müəllif: Xəyal İsmayılov

İqtisadiyyatla siyasət bir-birini tamamlasa da, bir-biri ilə qarşılıqlı əlaqədə və qarşılıqlı vəhdətdə olsa da onların hansının birinci və ilkin olması haqqında müzakirələr uzun müddət ərzində siyasətçilərlə iqtisadçılar arasında müzakirə obyekti olmuşdur.  İqtisadçıların fikrincə, iqtisadiyyat ilkindir, müəyyənedicidir və əsasdır. Marksist baxışa görə siyasət-iqtisadiyyatın təmərküzləşmiş ifadəsidir. Elmi nöqteyi-nəzərdən yanaşdıqda qəbul etmək lazımdır ki, siyasət iqtisadiyyatdan üstün sayıla bilməz. Əsl siyasət həmişə iqtisadiyyata söykənməlidir.

Siyasətçilər insanların güzəranının yaxşılaşması üçün müxtəlif iqtisadi siyasətlər həyata keçirsələr də, bu siyasətlər həmişə gözlənilən nəticəni vermir. Çünki siyasətçilər bazarın “görünməz əl”ini nəzərə almırlar. Əks nəticə verən belə bir qərar NK tərəfindən verildi: dərmanlara qiymət maksimumu təyin edildi.

Məsələni şərh etməmişdən öncə, qısaca qiymətin necə mühüm olmasına diqqət edək. Əgər bazar iqtisadiyyatı dahi ingilis iqtisadçısı Adam Smit tərəfindən deyildiyi kimi, gözəgörünməz bir əllə idarə olunursa, onda qiymətlər bu iqtisadi orkestri idarə etmək üçün həmin gözəgörünməz əlin istifadə etdiyi çubuqdur.

Qiymət iqtisadi kateqoriya kimi mühüm əhəmiyyətə malikdir. Qiymət vasitəsi ilə manevr etməklə iqtisadiyyatda köklü dəyişikliklərə nail olmaq mümkündür. Bazar iqtisadiyyatı şəraitində əsas məsələlərdən biri hər bir əmtəə üçün mənfəət marjası və satış miqdarı arasında ideal nisbəti yaradan nöqtəni tapmaqdır. Bu nöqtəni isə dahi ingilis iqtisadçısı Adam Smitin dili ilə desək, gözə görünməz əl tapır.

Bir çox hallarda bazarlar iqtisadi fəaliyyətin təşkili üçün ən yaxşı üsul hesab edilir. İqtisadi fəaliyyəti tənzimləməkdə mühüm rol oynayan qiymət hər hansı təsadüfi bir prosesin nəticəsi deyil. Qiymət həm də tələb və təklifi tarazlaşdırma mexanizmi kimi çıxış edir.

Bir çox iqtisadçılar dövlət tənzimlənməsi olmayan rəqabətli bazarda qiymət maksimum və minimumları təyin etmək vasitəsi ilə tələb və təklifi tarazlaşdırmaq cəhdlərini qəbul etmirlər.

İndisə dərmanlara qiymət maksimumunun təyin edilməsinin nəticələrinə diqqət edək. Burada iki hal baş verə bilər: 1) Qiymət maksimumu təyin edilən dərmanın bazar qiyməti qiymət maksimumundan aşağı ola bilər; 2) Qiymət maksimumu təyin edilən dərmanın bazar qiyməti qiymət maksimumundan yuxarı ola bilər.

2015-08-28-00-48-37

Hazırda dərmanların bahalı olduğu üçün Nazirlər Kabineti qiymətlərin aşağı salınması üçün qiymət maksimumunu müəyyən etmişdir. Nəticəni daha aydın görmək üçün qrafikə diqqət edək.

Tutaq ki, Amlipinin tarazlıq qiyməti 9 manatdır və bu tarazlıq qiymətində Amlipinə olan tələb 800 ədəddir. Nazirlər Kabineti Amlipinə fərz edək ki, qiymət maksimumu kimi 6 manat müəyyən edir. Qiymətin azalması özünü təklif və tələbdə necə göstərəcək? Aşağı qiymət bazarda daha az Amlipinin təklifinə şərait yaradacaq və Amlipinin təklifi 1000 ədəddən 600 ədədə qədər azalacaq. Azalan qiymətə isə artan tələb cavab verəcək ki, tələbdə 800-dən 1000-ə qədər artacaq və nəticədə bazarda qıtlıq yaranacaq. 400 nəfərin Amlipinə olan tələbi ödənilməyəcək.

Göründüyü kimi rəqabətli bazarda dövlət (NK) tərəfindən icbari qiymət maksimumunun təyin edilməsi nəticəsində bazarda çatışmazlıq yaranır və əmtəə (dərman) satıcıları (apteklər) isə qıt olan məhsulu bu və ya digər yolla çox saylı alıcılar arasında bölüşdürməli olurlar. Bu zaman bir sıra arzuolunmayan hallar ortaya çıxır. Satıcılar alıcılara qarşı ayrıseçkiliyə yol verir, qanunsuz olaraq hüquqazidd ödənişlər tələb edir, uzun növbələrdə alıcılar vaxt itkisinə məruz qalır və son nəticədə də bazarda çatışmazlıq olduğu üçün hamı əmtəəni (dərmanı) əldə edə bilmir. Bundan fərqli olaraq azad rəqabətli bazarda isə kredit faiz dərəcəsi tarazlığa çatdıqda tarazlıq faiz dərəcəsini ödəmək istəyən hər kəs kredit əldə edə bilər.

Buna görə də sonda qeyd edək ki, dövlət qiymət maksimumu təyin etmək əvəzinə, idxalda olan neqativ halları aradan qaldırmalı və rəqabətli bazar formalaşması istiqamətində səylərini durmadan davam etdirməlidir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər