23 C
Baku
Friday, April 19, 2024

Avtomobil sığortasında böyük paradoks

Xəyal Məmmədxanlı: “Burada sadəcə, sığorta üzərində ciddi nəzarət aparılmalıdır”

Ərşad Hüseynov: “İnsanlar nəqliyyat vasitəsini sığortalamağa texniki baxış yaxınlaşan zaman gedirlər”

Bu ilin noyabr ayında 78185 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb edilib. İcbari Sığorta Bürosunun məlumata görə, bu dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə 6,1 milyon manatdan çox sığorta haqqı toplanıb. Məlumat üçün bildirək ki, 2013-cü ilin noyabr ayı ilə müqayisədə sığorta müqavilələrinin sayı 2,95 %, sığorta haqlarının məbləği isə 3,45 % azalıb. Ümumilikdə isə, 2014-cü ilin ilk 11 ayı ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 858 mindən çox sığorta müqaviləsi bağlanılıb və bu müqavilələr üzrə 65,2 milyon manat sığorta haqqı toplanıb. Amma 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 0,34% artım, sığorta haqlarının məbləğində isə 0,16% azalma müşahidə edilib. Müqavilələrinin sayı ilə məbləğlər arasındakı bu paradoksu mütəxəssislər müxtəlif səbəblərlə izah edir. Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı bildirir ki, bunun çox sadə səbəbi var: “Məlumdur ki, ötən ildən etibarən, yeni avtomobillər 4 il texniki baxışdan azad edildilər.

Texniki baxışdan keçmədiklərinə görə onların bir çoxu əvvəlki illər kimi icbari sığortadan yayınırlar. Çünki, əvvəllər texniki baxışdan keçən zaman məcburən sığortalanırdılar. İndi isə yalnız yolda Dövlət Yol Polisi (DYP) əməkdaşı tərəfindən saxlanılan zaman onun sığortasının olub-olmadığı bilinir. Bəzən isə heç DYP əməkdaşı sığortanın olub-olmadığı soruşmur. Yığılan sığorta məbləğinin əsas hissəsi isə yeni avtomobillərin payına düşürdü”.

Xəyal Məmmədxanlı təklif edir ki, burada sadəcə, sığorta üzərində ciddi nəzarət aparılmalıdır: “Çünki, bu gün bir çox hallarda DYP əməkdaşı nəqliyyat vasitəsinin icbari sığortasını yoxlamır. Amma əvvəllər bildiyimiz kimi, avtomobil texniki baxışdan keçibsə, deməli sığortalanmış hesab olunurdu. İndi isə sığorta məsələsində məcburetmə mexanizmi yoxdur. Yeganə yol, DYP nəzarətinin gücləndirilməsidir. Bundan başqa, insanlar arasında maarifçiliyin aparılmasıdır ki, könüllü şəkildə nəqliyyat vasitələrini sığortalasınlar”.

Nəqliyyat məsələləri üzrə hüquqşünas Ərşad Hüseynov bildirir ki, bu rəqəmləri fərqləndirmək üçün ilin sonunu gözləmək lazımdır: “Çünki, adətən, insanlar nəqliyyat vasitəsini sığortalamağa texniki baxış yaxınlaşan zaman gedirlər. Texniki baxışın da dövriliyi yanvarın 1-dən başlayıb, 31 oktyabrda qurtarır. Yəni, noyabr və dekabr ayında icbari sığorta üçün müraciətlər nisbətən azalır. Amma digər tərəfdən, “Bonus-manus” sistemi ilə əlaqədar ola bilər ki, güzəştlər artıb. “Bonus-manus” sistemində intizamlı sürücülər üçün sığorta haqqının qiyməti aşağı salınır. Bu ödəniş hətta 45%-ə qədər enə bilər. Ola bilsin ki, o sistemə görə, yığılan sığorta haqqı azalıb. Həmçinin, sığorta yığımları nəqliyyat vasitələri mühərrriklərinin işçi həcminə görədir. Mühərrikin işçi həcmi az olduğu halda nəqliyyat vasitəsinin sığorta xərci azalır. Azərbaycanda icbari sığorta haqqı 50-300 manat arasında dəyişir. Yəqin, mühərrikinin işçi həcmi az olan avtomobillər çoxluq təşkil edib. Ona görə də sığorta müqavilələrinin sayı artsa da, yığılan məbləq azalıb. Digər səbəb isə məsələnin qeyri-rəsmi tərəfidir. Yəni, həmin məbləğləri hansısa üsulla hesabatdan yayındıra bilərlər”.

Movqe.az

Son xəbərlər
Digər xəbərlər