12 C
Baku
Thursday, March 28, 2024

Ayıq sürücü avtomobilinizlə qəza tərədərsə, Sizə sığorta ödənişi veriləcəkmi?

Müəllif: Ramin Məmmədov , sığorta eksperti

Son zamanlar ayıq sürücü xidmətindən istifadə edənlərin sayında ciddi artım olduğunu qəbul edə bilərik. Ən azından bu xidmət bazarına yeni şirkətlərin daxil olması bunu deməyə əsas verir. Nəzər alsaq ki, ən bahalı aktivlərimizdən (bəziləri üçün bu öhdəlik də ola bilər) olan avtomobilimizi içkili olduğumuz zaman profesionallıq dərəcəsindən əmin olmadığımız sürücülərə etibar edirik, bu zaman işin riskli olan tərəfi ilə bağlı da ayıq ikən düşünməliyik.

      Tutaq ki, ayıq sürücü xidmətini sifariş vermişik və yolda sürücü qəza törədir. Burada bir neçə variantı nəzərdən keçirək:

  • Qəza ayıq sürücünün günahı olmadan baş verib və avtomobilinizin KASKO sığortası yoxdur.

Bu zaman əgər qarşı tərəfin (günahkar tərəfin) İcbari sığortası vardırsa və avtomobilinizə dəymiş zərər 5 000 manatdan artıq deyilsə, Siz əlavə heç bir xərc çəkmədən, avtomobiliniz İcbari sığortanı satmış şirkət tərfindən təmir edilir.  Yəni qarşı tərəf sığorta yolu ilə avtomobilinizi təmir etdirir. Bu zaman ayıq sürücü ilə Sizin aranızda heç bir maddi mübahisə yaranmadan məsələ həll edilir.

  • Qəza ayıq sürücünün günahı olmadan baş verib, avtomobilinizin KASKO sığortası yoxdur və avtomobilinizə dəymiş zərər  5 000 manatdan artıqdır. (tutaq ki, 7 500 manatdır)

   Bu halda, Siz İcbari sığorta yolu ilə dəymiş zərərin 5 000 manatını alırsınız. Geridə qalan 2 500 manatını isə ya günahkar tərəfdən ya da ki, ayıq sürücünün çalışdığı şirkətdən tələb edə bilərsiniz. Burada bir məqamda var ki, əgər konkret hal nəzərdə tutulmayıbsa və ayıq sürücü xidməti göstərən şirkət könüllü şəkildə ödəniş etmək istəmirsə, Sizin həmin şirkətdən geri qalan 2 500 manatı almaq hüququnuz yaranmır. Demək, məsələ qalır ancaq günahkar tərəfədən bu məbləğ almaqda. Bu proses də çox uzun zamanınızı alacaq və nəticədə məhkəmə proseslərində kifayət qədər stress qazanacaqsınız.

Əgər ayıq sürücü xidməti göstərən şirkət öz işçilərinin Mülki Məsuliyyətini könüllü formada sığortalayıbsa, şirkət özü Sizə dəymiş zərəri qarşılayacaq və avtomobiliniz təmir olunacaq.  (Ayıq sürücü xidməti göstərən şirkət,  şirkəti və ya ayrılıqdə hər bir sürücünü mülki məsuliyyətdən sığortalaya bilər. Əgər sürücülərdən kimsə müştərinin avtomobili ilə qəza törədərsə, şirkət özü müştərisinin avtomobilinə dəymiş zərəri sığorta yolu ilə qarşılaya bilər. )

  • Qəza ayıq sürücünün günahı ilə baş verib və KASKO sığortasınız yoxdur.

Bu zaman əgər icbari sığortanız varsa və qarşı tərəfə dəymiş zərər 5 000 manat qədərdirsə, sığorta şirkətiniz qarşı tərəfə dəymiş zərəri ödəyəcək. Öz maşınınızı isə özünüz təmir edəcəksiniz ya da ki,  ayıq sürücü şirkətinin mülki məsuliyyət sığortası varsa həmin şirkət təmir edə bilər.

  • Qəza ayıq sürücünün günahı ilə baş verib və KASKO sığortasınız vardır.

Bu zaman qarşı tərəfə dəymiş zərəri icbari sığorta şirkətiniz, Sizin avtomobilinizi isə KASKO sığorta şirkətiniz təmir edəcəkdir (hər ikisi eyni sığorta şirkəti də ola bilər).

Göründüyü kimi bütün halları nəzrdən keçirdiyimizdə KASKO sığortasının olmasının vacibliyi ön plana çıxır. Lakin, KASKO sığorta müqaviləsi bağlayarkən bir məqama diqqət edin: əgər müqavilədə avtomobili idarə edən şəxsin adı yoxdursa sığorta şirkəti ödəniş verməkdən imtina edəcəkdir. Nəzərə alsaq ki, Sizə hansı ayıq sürücü şirkətinin hansı sürücüsünün xidmət göstərəcəyini qabaqcadan bilmirsiniz, demək olar ki, ayıq sürücü avtomobili idarə etdiyi zaman Sizinavtomobiliniz SIĞORTALI DEYİL. Bu riskin qarşısını almaq üçün müqavilə bağlayarkən avtomobilinizi qanuni yollarla idarə edən bütün sürücüləri SIĞORTALNAN olaraq qeyd etdirməlisiniz. Bu şərt sığorta şirkətləri tərəfindən qısa olaraq “any driver” kimi bilinir. Yəni, əgər bu şərt müqavilənizdə varsa, Sizin avtomobilinizi qanununi əsaslarla idarə edən istənilən şəxs sığortalı hesab edilir. Nəticədə, bu şərti daxil etməklə, ayıq sürücü avtomobilinizlə qəza tərədərsə KASKO sığorta müqaviləniz üzrə təminatınız oacaqdır. Nəzərə alın ki, bu şərtə görə sığorta şirkətləri Sizdən əlavə xidmət haqqı tələb edə bilər.

Məsləhətlər:

  1. Əgər ayıq sürücü xidmətindən istifadə edirsinizsə KASKO sığorta müqavilənizi yenidən gözdən keçirin. Qeyd etdiyim şərt müqavilənizdə yoxdursa, mütləq əlavə etdirin.
  2. Ayıq sürücü xidmətindən istifadə etdiyiniz şirkətin Mülki Məsuliyyət sığortası olub olmadığını öyənin. Mümkündürsə, müqavilə ilə tanış olun.
Son xəbərlər
Digər xəbərlər