15 C
Baku
Friday, March 29, 2024

Aynurə Seyidova: “Xaricdə təhsil üçün sonuncu kursu gözləmək demək olar ki, ən səhv addımdır”

Müsahibimiz Aynurə Seyidovadır: –  “Azərbaycan Dövlət İqtisad universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisasi üzrə Bakalavr və Magistratura təhsili almışam. Universiteti bitirdikdən sonra təhsil sektorunda fəaliyyətə başlamışam. Müxtəlif dövrlərdə İngiltərədə ixtisasıma uyğun kurslarda iştirak etmişəm. Hal-hazırda təhsil aldığım universitetdə müəllim və universitetimizin xarici tələbələrin qəbulu departamentinin öhdəliklərini icra edirəm. Eyni zamanda öz şirkətim var və tələbələrə xaricdə təhsil konsultasiyaları verirəm”.

Sizcə, tələbələrdə əcnəbi ölkədə təhsil almağa qarşı maraq yaradan amillər hansılardır? Belə bir ehtiyac və ya motivasiya haradan yaranır?

– Xarici ölkədə təhsil almaq indiki zamanda demək olar ki, hər bir tələbənin əsas hədəfinə çevrilib. Görüşdüyüm saysız tələbələr içərisində bu istiqamətə maraq da fərqli olub. Amma ümumiləşdirmə etsək əsasən gələcəkdə uğurlu karyera qurmaq istəyi xaricdə təhsilə maraq yaradır. Digər bir ünsür isə xaricdə daimi məskunlaşmaq və beynəlxalq karyera istəyidir.

Hansı ölkədə təhsilə əsas üstünlük verilir və buna səbəb nədir? Siz özünüz İngiltərəni seçmisiniz. Avropa ölkələri sırasında niyə məhz İngiltərə?

– Hər il tələbələrin seçimi müxtəlif olsa da, dəyişməyən prioritet ölkələr var – İngiltərə, Amerika, Almaniya kimi. Son 2-3 ildə Türkiyə, İtaliya, Avstriya da gənclərin əsasən üstünlük verdiyi ölkələrdəndir. İngiltərə və Amerika universitetlərinin seçilməsi təbii ki, reytinq cədvəlində bu 2 ölkə universitetlərinin hegemonluq etməsidir. Kim daha yaxşı universitetdə təhsil almaq istəməz ki. Əsasən bu ölkələri seçən tələbələr Dövlət proqramına müraciət edib təqaüd əldə etməyə çalışır, əks təqdirdə təhsil haqları və yaşayış xərcləri əksəriyyət üçün əlçatmaz miqdardadır. Almaniya isə təhsil haqlarının olmadığı və ya çox aşağı miqdarda olduğu bir ölkədir. Təbii ki, tək səbəb bu deyil. Almaniya təhsil sistemi tələbələrə uğurlu karyera qurmaq üçün yaxşı fürsətlər verir. Əfsuslar olsun ki, Almaniyada da maddi problemlər yenə də bir çox tələbənin yolunda əngəl olur. Belə ki, viza prosedurları üçün bank hesabı tələb olunur və bu zaman tələbə yenə də yerli və beynəlxalq təqaüdlərə müraciət etməli olur. Sadalanan digər ölkələrə maraq isə asan qəbul alına bilməsi və cazib təhsil haqlarıdır. Mənim seçimimə gəldikdə isə, qısa müddətli kurslar istənilən ölkədə ödəniş əsasında mümkündür. Seçim edərkən bir neçə ölkə arasında müqayisə etdim və kəskin ödəniş fərqi olmadığından bu ölkədə təhsilin daha perspektivli olacağına qərar verdim. Ən birincisi isə rəhbərlik etdiyim qrupla ixtisas yönümlü dil kurslarında iştirak etmişdim.

Əcnəbi universitetə hazırlıq və qəbul prosesi haqqında nə deyə bilərsiniz? Bu yolda əsas problemlər nələrdir və qəbul prosesi hansı mərhələlərdən keçir?

– Hər şeydən əvvəl xaricdə təhsil almaq istəyən tələbə özünə fəaliyyət planı hazırlamalıdır. Tələbələr əsasən bu məqamlara fikir verməlidirlər. Təhsil almaq istədiyiniz sahə və ölkə seçimində mütəxəssislə görüşmək məsləhətdir. Bu sizin qərar vermənizə və düzgün seçim etməyinizə kömək edəcək. Gələcək universitet və ixtisasi təyin etdikdən sonra (qeyd edim ki, xaricdə magistratura təhsili almaq istəyən tələbələr nəzərə alsın ki, əksər xarici universitetlər bakalavr ixtisasınıza uyğun fakultə seçiminə icazə verir) bu hədəfə çatmaq üçün həmin seçimlərin tələbatlarına uyğun fəaliyyət planı hazırlamaq lazımdır. Bura dil bilgisini artırmaq və uygun beynəlxalq dil sertifikati əldə etmək, universitet qiymətləri, sosial aktivlik və uyğun praktika imkanlarını düzgün tənzimləmək daxildir. Ən əsası xaricdə təhsil üçün sonuncu kursu gözləmək demək olar ki, ən səhv addımdır. Bu sizin seçimlərinizi azaldır. Bakalavr dərəcəsinin 4-cü kursunda təhsil alan tələbə uyğun təhsil ilinin dekabr ayından beynəlxalq universitetlərə müraciət edə bilər. Əksər ölkələrdə qəbul mart ayında yekunlaşır.

Xaricdə təhsil təcrübəsi sizin üçün hansı yaddaqalan cəhətlər qazandırdı? Təəssüratlarınızı bizimlə bölüşmək istərdinizmi?

– Bu təcrübə qısa olsa da, dəmək olar ki, bir çox seçimlərimə təsir göstərdi. Ən əsası karyera seçiminə. İqtisadiyyat yönümlü təhsil olduğundan ilk öncə düzgün iş seçimində köməkliyi oldu. Düzgün analiz və qərar vermə, biznesin idarəsi və öz işinin sahibi olmanın üstünlüklərinin fərqində olursan və eyni zamanda elmlə məşğul olub özünü hər tərəfli inkişaf etdirməyi öyrənirsən. Təbii ki eyni zamanda müxtəlif mədəniyyət, dil, din, irqdən olan insanlarla münasibətdə də, böyük təcrübə oldu.

Azərbaycana geri döndükdən sonra xarici təhsil diplomu tələbələrə hansı iş imkanları qazandırır?

-Bir neçə il əvvəl xaricdə təhsil almış kadrlara tələb daha çox idi. Hal-hazırda isə vəziyyət bir az dəyişib, artıq burada da rəqabət var, çünki xaricdə təhsil alan kadrların sayı çoxalıb, ona görə də rəqabət güclüdür. Buna baxmayaraq xaricdə təhsil almış tələbə daha tez iş tapa bilir, şirkətlər kadr seçimi zamanı beynəlxalq təcrübəni əsas götürürlər.

Sonda, bir xanım olaraq xaricdə təhsil arzusunda olan gənclərə və xüsusən də xanımlara nə məsləhət görərdiniz?

Çox sevindirici haldır ki, xanımlar bu işdə çox aktivdirlər və qəti şəkildə tənbəllik etmirlər. İstər xanım istərsə də bəylər olsun, sadəcə bu yolda yorulmasınlar. Unutmasınlar ki, mümkünsüz deyə bir məfhum yoxdur. Düzgün və vaxtında edilməmiş cəhd var. İxtisasi, ölkəni düzgün seçin. öz imkanlarınızı və potensialinızı düzgün dəyərləndirin. Bu zaman işiniz daha asan olacaq. Hamınıza uğurlar.

Son xəbərlər
Digər xəbərlər