Azəbaycanı xarici şirkətlər niyə tərk edir?

Ötən günlərdə 3 xarici şirkət Azərbaycandakı nümayəndəliyinin bağlanması ilə bağlı məlumat yayılmışdı.  “Vergilər” qəzetində dərc olunan məlumatda bildirilir ki, bunlar “Euro Architects and Engineers European Economic İnterest Grouping” şirkəti, “Compass Development Holdings VII Limited” şirkəti və “Toyo Engineering Corporation” şirkətləridir. Bu xəbərdən öncə isə, sentyabr ayında daha 7 şirkət Azərbaycan bazarında fəaliiyətinə xitam vermişdi.

Bu şirkətlərin ölkəni niyə tərk etməsinin səbəbləri açıqlanmır. Lakin bəlli olan odur ki, bu, ilk belə hal deyil. Daha öncə də bir neçə dünyaca məşhur şirkət, o cümlədək hotellər ölkəmizdəki fəaliyyətini dayandırmışdı.

Bəs görəsən, bunun səbəbi nədir?

İqtisadçı ekspert Rəşad Həsənov ki, müşahidə olunan bu dinamika normal haldır: “Bəzi hallarda xarici şirkətlər hansısa ölkədə fəaliyyətlərini düzgün proqnozlaşdıra bilmirlər. Nəticədə onlar düşdükləri şəraitdə uğursuz olduqları üçün filiallarını bağlayırlar. Ancaq nəzərə alsaq ki, son günlər Azərbaycanda bağlanan xarici şirkətlərin sayı artmaqda davam edir, bu, iqtisadi vəziyyətlə əlaqədardır. Faktiki olaraq bu şirkətlərin böyük əksəriyyəti hansısa tenderlərin iştirakçıları idilər. Xüsusilə də Azərbaycanda icra edilən layihələrdə iştirak edə, pay ala bilirdilər. Ölkəmizdə iqtisadi subyektlərin təkmil olmaması, onların müxtəlif sferalarda fəaliyyətlərinin zəifliyi və digər bu kimi məqamlar ötən dövr ərzində xarici şirkətlərin fəaliyyət imkanlarını artırırdı”.

R.Həsənovun sözlərinə görə, 2015-ci ildən sonra situasiya dəyişdi, dövlətin satınalmalarında, eyni zamanda layihələrin həcmində kəskin azalma baş verdi:

“O cümlədən real sektorda da geriləmə var. Bu səbəbdən sözügedən şirkətlər Azərbaycanda fəaliyyətləri səmərəli olmadığı üçün filiallarını bağlamaq qərarına gəliblər. Lakin əvvəlki illərdə də xarici şirkətlərdən ölkəni tərk edənlər olmuşdu. 1990-cı illərin sonlarında Azərbaycanda 30 min nəfərə yaxın türkiyəli iş adamı olub. Ancaq 2010-cu illərdə onların sayı kəskin şəkildə azalmışdı. Bu proseslər hər zaman gedir. Bu gün baş verənlərdə əsas səbəb məhz iqtisadi geriləmədir”.


©Musavat.com