“Azərbaycan İnvestisiya Şirkəti”nin 2 il öncəki hesabatı indi aparılır

“Azərbaycan İnvestisiya Şirkəti” (AİŞ) ASC şirkətin 2015-2016-cı illər üçün maliyyə hesabatının beynəlxalq auditor standartlarına uyğun olaraq auditini həyata keçirəcək auditoru müəyyən edib. Banker.az xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

Məlumatda deyilir ki, “Baker Tilly Audit Azerbaycan” müvafiq tenderin qalibi elan edilib və Şirkətlə dekabrın 4-də müqavilə bağlanılıb.

2014-cü ildə AİŞ-in auditi “Ernst & Young” şirkəti  tərəfindən həyata keçirilmişdi.

Xatırladaq ki, “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli 1395 nömrəli “İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında” Sərəncamı ilə yaradılmışdır.

AİŞ-in əsas məqsədi mövcud və yeni kommersiya müəssisələrinə yerli və xarici investorlar cəlb etməklə və öz vəsaiti hesabına müddətli investisiya qoyuluşları vasitəsilə Azərbaycan ərazisində iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsidir.