“Azərbaycan İpoteka Fondu” 50 mln. manat cəlb edir

“Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) ipoteka istiqrazlarının 50 mln. manatlıq emissiyasının birinci tranşının yerləşdirilməsi baş tutacaq. Banker.az-a bu barədə Fonddan məlumat daxil olub.

Məlumata görə, 8 dekabr 2017-ci il tarixində Bakı Fond Birjasında AİF-in 15 000 000 manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarılacaqdır.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan İpoteka Fondu” ASC-nin adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 10 noyabr 2017-ci il tarixində qeydə alınmışdır. Emissiyanın ümumi həcmi 50 000 000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.