Azərbaycan Kredit Bürosu kredit təşkilatları ilə məlumat mübadiləsinə başlayıb

“Azərbaycan Kredit Bürosu” (Büro) ölkədə fəaliyyət göstərən banklar və bank olmayan kredit təşkilatları (BOKT) ilə Büroya üzvlüklə bağlı müqavilələrin imzalanması prosesini başa çatdırıb.

Bürodan “APA-Economics”ə verilən məlumata görə, müvafiq müqavilələr kredit tarixçəsini təşkil edən məlumatların kredit təşkilatları tərəfindən Büroya təqdim edilməsi və Bürodan əldə edilməsi qayda və prosedurlarını əhatə edir.

Büro 06.03.2018-ci il tarixindən Kredit təşkilatları ilə məlumat mübadiləsinə başlayıb. Bununla əlaqədar “Kredit büroları haqqında” qanunla müəyyən edilmiş təşkilatlara Büro ilə əməkdaşlıq məqsədilə müraciət olunub. Kredit təşkilatları ilə yanaşı, artıq ölkədə fəaliyyət göstərən 21 sığorta və 1 təkrarsığorta şirkəti ilə müvafiq əməkdaşlığı nəzərdə tutan müqavilələrin bağlanmasına nail olunub və yaxın müddət ərzində bütün sığorta şirkətlərinin Büronun xidmətlərindən istifadə etməsi planlaşdırılır.

Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanması, saxlanması, təhlili, kredit hesabatlarının formalaşdırılmasını, habelə borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edəcək.

📝 RƏY BİLDİR