Azərbaycan Xalq Cümhuriyyəti dövründə vergi siyasəti

Cümhuriyyət hökuməti mövcud maliyyə resurslarından düzgün istifadə edilməsi istiqamətində fəal iş aparırdı

 

1918-ci ilin may ayında Şərqin ilk demokratik respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin qarşıya qoyduğu əsas vəzifələrdən biri də iqtisadi müstəqilliyin təmin olunması və müstəqil maliyyə-fiskal vergi sisteminin qurulması idi. Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzi  sifarişi ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yürüdülən vergi siyasətini şərh edib.

Cümhuriyyətin mövcud olduğu 23 ay müddətində dövlətin iqtisadi siyasətini həyata keçirəcək nazirlik və müvafiq qurumlar təsis olunmuşdu, dövlətin iqtisadi tənzimləmə fəaliyyətini təmin etmək və gücləndirmək üçün büdcə-fiskal siyasətinin istiqamətləri müəyyənləşdirilmişdi.

Mütəxəssislər Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin həyata keçirmək istədiyi maliyyə-vergi siyasətini şərti olaraq iki hissəyə bölürlər:

1. Cari dövr üçün maliyyə-fiskal siyasət. Bu dövrdə Azərbaycan Xalq Cümhuriyyəti özünün mövcud maliyyə resurslarından tam və düzgün istifadə etmək siyasəti yürüdüb.

2. Cümhuriyyətin öz imkanlarını müəyyən etdikdən sonra həyata keçirdiyi maliyyə-vergi siyasəti. Bu siyasətin əsas prioritetləri isə vergilərin artırılması deyil, tədiyə qabiliyyətinin yüksəldilməsi yolu ilə vergilərin tədricən azaldılmasına üstünlük verilməsi idi.

Nazirlər Kabineti müstəqil büdcə quruculuğuna və vergi işinin təşkilinə mühüm yer ayırırdı. 1918-ci ilin sonlarında Azərbaycanda müstəqil dövlətin büdcə quruculuğu təcrübəsinin əsası qoyuldu. Vergi siyasətini həyata keçirmək məqsədilə parlamentin 1919-cu il iyunun 17-də qəbul etdiyi qərarla Maliyyə Nazirliyinin nəzdində Vergi Müfəttişliyi təsis olundu. Yeni quruma vergi müvəkkillərinin və vergi məntəqələrinin fəaliyyətini nəzarətdə saxlamaq və təftiş etmək səlahiyyətləri verildi. Həmin dövrdə vergi polisinin yaradılması nəzərdə tutulsa da, hökumət bu qurumun təsis olunmasını məqsədəuyğun hesab etməmişdi.

Vergi Müfəttişliyinin yaradılması və fəaliyyətə başlaması ilə vergi orqanlarının mərkəzi və yerli şəbəkəsi formalaşdırıldı. Cümhuriyyətin vergi siyasəti ilə bağlı mühüm addımlarından biri həmin dövr üçün xüsusi aktuallıq kəsb edən aksiz vergilərinin toplanmasını təmin etmək idi. Bu məqsədlə aksiz idarələri yaradılmışdı. İdarələr Bakı, Gəncə, Zaqatala quberniyaları daxil olmaqla mərkəzləşdirildi, qəza rəislərinin vergi yığmaq funksiyası ləğv olundu. Vergi Müfəttişliyi ilə bərabər, şəhər özünüidarəetmə orqanları da bəzi vergilərin toplanmasına kömək edirdi. Hökumətin vergi növləri aşağıdakı tədiyələr üzrə müəyyənləşdirilmişdi:

– Müstəqim (birbaşa vergilər) – torpaq, daşınmaz əmlak, sənaye, kapital qoyuluşu, hərbi mükəlləfiyyət, notarial və dövlət gəlir vergiləri;

– Qeyri-müstəqim (dolayı vergilər) – tütün, papiros kağızları, şəkər, çay, ağ neft, benzin, kerosin, sürtkü yağlarından və digər neft məhsullarından tutulan vergi, gömrük rüsumu və gəlirləri;

– Möhür haqqı – məhkəmə, kargüzarlıq, sənəd yazışmalarından gəlirlər;

– Hökumət inhisarlarına aid vergilər – mədən gəliri, poçt gəliri, teleqraf gəliri, meşələrdən, balıq vətəgələrindən, pambıqçılıq təsərrüfatlarından gəlirlər;

– Dövlət dəmir yolundan – yük daşınmasından gələn gəlirlər.

Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətinin ilk illərində ölkənin maliyyə vəziyyəti qənaətbəxş deyildi. Xəzinənin əsas gəlir mənbəyi olan neft sənayesində durğunluq yaranmış, Batumi limanı ilə xaricə ixracın həcmi xeyli azalmışdı. Əsas alıcı ölkə olan Rusiya ilə münasibətlərin gərginləşməsi neft sənayesini ağır vəziyyətə salmışdı. Xəzinənin əsas mənbəyi olan qeyri-neft sahələrin inkişafı da zəif idi. Ölkənin ixracının əsasını təşkil edən neft sənayesi dağılmış, ağırlıq ərzaq – əmtəə məhsullarının üzərinə keçmişdi.

Parlamentdə və hökumət strukturlarında neft sənayesinin aksiz vergisinə cəlb edilməsi, yaxud dövlət inhisarına verilməsi məsələsi ətrafında geniş müzakirələr aparılırdı. Məqsəd Bakı neftindən xəzinəyə daha çox gəlir daxil olmasını təmin etmək idi. Geniş müzakirə və diskussiyalardan sonra liberal iqtisadiyyata üstünlük verilməsi, neft məhsullarının sərbəst satışı yolu ilə (aksizlərə cəlb edilməsi ilə) büdcəyə müəyyən məbləğin köçürülməsi məqsədəuyğun hesab olundu. Bununla əlaqədar aksiz rüsumları haqqında nizamnamə qəbul edildi. Neft məhsulları aksizlərinin, gömrük rüsumlarının və dəmir yolu üzrə vergi dərəcələrinin artırılması qərara alındı. Nazirlər Kabineti tərəfindən 1918-ci il oktyabrın 1-də neft sənayesinin özəlləşdirilməsi barədə dekret imzalandı və bu qərar həmin sahədə vergi tənzimlənməsində müsbət rol oynadı.

1919-cu ilin ortalarında dövlət vergi siyasətinin formalaşmasında əsas rol oynayan ən mühüm qanun (“Kapital vergisinin ödəniş möhləti və tarif dərəcələrinin dəyişdirilməsi haqqında”) qəbul olundu ki, bu da ölkənin maliyyə-iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edirdi. Qanun birbaşa vergilərin ödənilməsi üçün təyin olunmuş vaxtı və tarif dərəcələrini müəyyən edirdi. Həmin növ vergilər hər 100 manatdan 30 manat olmaqla, ilin başlanğıcında, fevralın 1-dən gec olmayaraq ödənilirdi. Digər vergilər müxtəlif rüblər üzrə, gəlir vergisi isə ilin sonunda, yəni gəlirin miqdarı məlum olandan sonra ödənilirdi.

Vergi Müfəttişliyi 1919-cu ilin büdcə zərfinin müzakirələri zamanı dövlət büdcəsinə daxil olan gəlir mənbələrini genişləndirmək məqsədilə əmtəə və xammalın istehsalını artırmaq, digər iqtisadi sahələri canlandırmaq təklifləri ilə hökumətə müraciət etdi. Hökumət gəlir mənbələrinin artırılması təşəbbüsünü yüksək dəyərləndirərək bank fəaliyyətini canlandırmaq və banklara etibarı artırmaq üçün fəaliyyət planı hazırladı. Məqsəd imkanlı şəxslərin əlində cəmləşmiş 100 milyonlarla rublun (həmin dövrdə əməliyyatlar Çar Rusiyasının ödəniş vasitəsi ilə tənzimlənirdi) milli iqtisadiyyata və ticarətə cəlb edilməsi idi.

Hökumətin həyata keçirdiyi siyasət nəticəsində 1919-cu ildə dövlət büdcəsinə ödənilən vergilərin həcmində əvvəlki illə müqayisədə artım qeydə alındı. Dolayı və neft mədənlərindən alınan vergilər büdcə gəlirlərinin 52,3 faizini təşkil edirdi. Balıqçılıq təsərrüfatından daxil olan vergilər isə ümumi vergi gəlirlərinin təxminən 30 faizinə bərabər idi. Gömrük daxilolmalarının vergilərdəki payı 15 faiz idi. Digər vergilərin ümumi payı isə 4-5 faiz təşkil edirdi.

Vergi siyasətində ən mühüm məqamlardan biri parlamentin 1919-cu il oktyabrın 2-də qəbul etdiyi qanuna əsasən, hərbi verginin ləğv edilməsi oldu. 1915-ci il aprelin 19-dan hərbi mükəlləfiyyətdən azad olunanlara tətbiq edilən verginin ləğvi hərbçilərdə yaranmış sosial narahatlığı aradan qaldırdı.