Azərbaycanda Korporativ Hüquq Münasibətlərinin Perspektivləri

Banker.az-ın  Belçika Krallığının Qent Universitetinin LL.M elmi dərəcəli, Bakı Hüquq Mərkəzinin baş hüquqşünası Toğrul Quluzadə ilə müsahibəsi.

– Toğrul müəllim, Korporativ hüquq nədir və onun Azərbaycanda perspektivləri və bazar imkanları barəsində məlumat verə bilərsinizmi?

Korporativ Hüquq ən mürəkkəb və maraqlı hüquq sahələrindən biridir. Bəzən, hüquqşünaslar və digər sahədə çalışan ekspertlər tərəfindən korporativ hüquqa çox dar məna verilir.  Lakin, korporativ hüquq özü özlüyündə hüququn bir çox sahələrini birləşdirərək müyyən hüquq münasibətlərini tənzim edir. Bu cür hüquq münasibətlərinə – müqavilə, şirkətlər, vergi, əqli mülkiyyət, əmək, beynalxalq kommersiya və digər hüquq sahələrini tənzim edən hüquq münasibətlərini aid etmək olar. Deməli, korporativ hüquqşünaslar tərəfindən yuxarıda adıçəkilən hüquq sahələrini bilmək əhəmiyyətli dərəcədə vacibdir.

İlk növbədə onu qeyd edim ki, korporativ hüquq Azərbaycan üçün yeni inkişaf edən bir sahədir və hal-hazırda dinamik inkişaf mərhələsindən keçir. Bazar imkanlarına gəldikdə isə, bu cür imkanlar həm zaman intervalı baxımından, həm də digər ölkələrin bazar imkanlarına nisbəti ilə müqayisəsi baxımından izah oluna bilər.

Belə ki, 10 il bundan əvvəl ilə müqayisədə bu gün Azərbaycan korporativ hüquq sahəsinin perspektivləri məhz bazar imkanlarının artması ilə bir arada inkişaf edir. Bu cür bazar imkanları iqtisadiyyatın digər sahələrinin inkişaf tendensiyasından asılı olaraq dinamik şəkildə dəyişir, yəni, Azərbaycanda əgər əvvəl neft sektorunın tendensiyalı inkişafı daha qabarıq özünü biruzə verirdisə, bu günlərdə isə qeyri-neft sektorunun da dinamik inkişafına rast gəlirik. Bu da, təbii ki, korporativ hüququn inkişaf perskpetivlərinin artmasına bir işarədir. Çünki, kommersiya münasibətləri korporativ hüquq normaları ilə tənzimləndiyi üçün, kommersiya münasibətlərinin əhatə dairəsi genişləndikcə, korporativ hüququnun perspektivləri də dinamik qaydada inkişaf edərək dəyişir.

Azərbaycanın bir sıra beynalxalq iqtisadi və sosial təşkilatlara üzv olması, bundan başqa, bir sıra əhəmiyyətli layihələrin iştirakçısı olması digər inşikaf etməkdə olan ölkələrlə müqayisədə bazar imkanlarının daha cox artmasına gətirib çıxarır. Məsələn, Azərbaycanın Avropa Birliyi ilə ‘Şərq Tərəfdaşlığı’ layihəsində iştirak etməsi Avropa Birliyi ilə Azərbaycan arasında olan kommersiya münasibətlərinin əhatə dairəsinin genişlənməsinə öz təsirini göstərir və bu, nəinki Azərbaycan korporativ bazar münasibətlərinə yeni perspektivlər gətirir, həmçinin, Azərbaycan korporativ hüquq qanunvericiliyinin təkmilləşməsində əhəmiyyətli dərəcədə rol oynayır.

– Necə olduki bu sahəyə gəldiniz?

Bu sahəyə çox mürəkkəb və sınaqlı mərhələlərdən keçərək gəlmişəm.

Belə ki, artıq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 3-cü kurs tələbəsi olarkan, bu sahə üzrə ixtisaslaşacağım qərarına gəldim.

Təbi ki, bu sahə üzrə ixtisaslaşıb ekspert olmaq – nəinki Azərbaycan, beynalxalq (müqayisəli) və avropa kommersiya/biznes hüququnun incəliklərini bilməyi, həm də iqtisadiyyatın/kommersiyanın müəyyən sahələri üzrə lazimi biliklərə malik olmağı tələb edir. Məsələn, rəqabət hüquq münasibətlərində iqtisadiyyatın tələb və təklif və ya digər bu kimi qanunauyğunluqlarının işləmə mexanizmini və ya şirkətlər hüquq münasibətlərində qiymətli kağızlar bazarındakı qanunauyğunluqları və s. bu kimi bazar münasibətlərində mövcud olan iqtisadi və ya kommersiya qanunauyğunluqları barədə müəyyən biliklərə malik olmaq hər bir korporativ hüquqşünas üçün üstünlükdür.

Bu səbəbdən də, Azərbaycanda əldə etdiyim təhsil ilə kifayətlənməyərək, Avropanın bir nəçə tanınmış universitetlərində iqtisadiyyat və beynalxaq (və avropa) kommersiya/bizness hüququ üzrə təhsilimi davam etdirərək hüquq elmləri üzrə magistr dərəcəsinə (LL.M) yiyələnmişəm. Bir sıra Avropa şirkətlərində korporativ hüquq sahəsi üzrə peşəkar fəaliyyət ilə məşğul olduqdan sonra Azərbaycana qayıtmışam və hal-hazırda Azərbaycanda mövcud olan və hüquq şirkətləri arasında ilk beşliyə daxil olan Bakı Hüquq Mərkəzinin baş hüquqşünası vəzifəsində korporativ hüquq sahəsi üzrə peşəkar fəaliyyətimi davam etdirirəm.

– Azərbaycan banklarının korporativ hüquq sahəsində daha çox hansı işləri görürlər? Onların daha çox rastlaşdığı problemlər hansılardır?

Azərbaycan banklarının korporativ hüquq sahəsi üzrə təcrübələri genişdir. Banklar nəinki müqavilə hüquq münasibətlərinin, həmçinin, şirkətlər və digər yuxarıda adiçəkilən hüquq münasibətlərinin iştirakçılarıdırlar. Azərbaycan banklarında hal-hazırda korporativ hüquq sahəsində mövcud olan əsas problemlərindən biri beynalxalq və avropa kommersiya/biznes hüquq sahəsi üzrə lazimi ekspertlərin olmamasıdır. Bu səbəbdən, çox zaman banklar beynalxalq kommersiya müqavilələrinin və ya digər ölkələrdə müqavilələrin bağlanması zamanı, beynalxalq qiymətli kağızlar bazarında iştirak zamanı və digər bu cür korporativ hüquq münasibətləri çərçivəsində çətinliklər ilə qarşılaşırlar.  Bu cür problemlər də, təbii ki, çox zaman hüquq şirkətlərinin korporativ hüquqşünasları tərəfindən həll olunur.

 

– Bildiyimiz qədər siz peşəkar fəaliyyətdən əlavə, elmi-pedoqoji fəaliyyətlə də məşğul olursunuz, öz tələbələrinizə və ya bu sahə üzrə ixtisaslaşmaq istəyən hüquqşünaslara nə tövsiyə edərdiniz?  

– İlk növbədə onu qeyd edim ki, hüquq fakültəsinin tələbələrinin artıq qərb standarlarına uyğun təhsil almaları və əvvəlki illər ilə müqayisədə hüquq tələbələri arasında bu sahəyə marağı olanların sayının artması çox sevindirici haldır. Korporativ hüquq sahəsi üzrə ixtisaslaşmaq istəyən hər bir hüquqşünasa tövsiyəm odur ki, Azərbaycan, beynalxalq və avropa kommersiya hüququnun incəliklərini oyənməkdən əlavə, iqtisadiyyat və kommersiya sahəsi üzrə də müəyyən biliklərə yiyələnməyə cəhd göstərsinlər. Bu, gələcəkdə onların korporativ hüquq sahəsi üzrə perspektivlərini daha da genişləndirəcək.