Azərbaycanda Energetika naziri təyin olundu – Sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev Pərviz Şahbazovun Azərbaycan Respublikasının energetika naziri təyin edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə Banker.az-a Prezidentin rəsmi səhifəsindən məlumat daxil olub.

“Pərviz Oqtay oğlu Şahbazov Azərbaycan Respublikasının energetika naziri təyin edilsin.” – deyə sərəncamda deyilir.

Haqqında

Pərviz Şahbazov Azərbaycan Respublikasının Almaniyadakı keçmiş səfiri olub. O, 2016-cı ilin sentybrında səfir vəzifəsindən geri çağırılmışdı.

Pərviz Oqtay oğlu Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1988-1989-cu illərdə hərbi xidmətdə olub.

1991-ci ildən diplomatik xidmətə qəbul olunub.1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib.

1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub. 2005-ci ilin avqust ayında Azərbaycanın Almaniyadakı fövqaladə  və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.
2016-cı il sentyabrın 6-da səfir vəzifəsindən geri çağırılıb.

Ailəlidir, iki övladı var.