Azərbaycanda ilk dəfə “Mobil elektron imza” layihəsi təqdim olunub

Azərbaycanda ilk dəfə “Mobil elektron imza” layihəsi təqdim olunub.

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi ilə “Kapital Bank” arasında reallaşan “Mobil elektron imza” layihəsinin təqdimatı keçirilib.

Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Kapital bankın rəsmiləri ilə yanaşı dövlət qurumlarının nümayəndələri, startapçıları iştirak edib.

Elektron imza virtual məkanda mövcud olan, əl ilə imzalanmış imzaya bərabər tutulan imzadır və onun istifadəsi bütün dünyada olduğu kimi Azərbaycanda da artıq texnoloji trend hesab olunur.

Ölkədə elektron imza infrastrukturunun inkişafı əhalinin elektron xidmətlərə marağının yüksəlməsinə və “Mobil elektron imza” həllinin yaradılmasına zəmin yaradıb. Kapital bankla birgə əməkdaşlığın nəticəsində reallaşan bu layihə vətəndaş məmnunluğunun artmasına hesablanıb.

“Mobil elektron imza” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərəfindən hazırlanan innovativ layihədir. Bu layihə bank əməliyyatlarının rahat şəkildə aparılması ilə yanaşı, sənədlərin imzalanma prosesini sürətli, təhlükəsiz və elektron şəkildə həyata keçirilməsinə imkan yaradacaq.

Bank sektorunda hər zaman yeniliklərə imza atan ölkənin innovativ bankı “Kapital bankı”, ” Mobil elektron imza” layihəsinə qoşulan ilk bankdır. Bu gündən etibarən Kapital bank müştərisi qısa müddət ərzində “Mobil elektron imza” sertifikatlarına sahib

ola biləcək. Belə ki, bankın səlahiyyətli əməkdaşı müştərisini 5 dəqiqə ərzində mobil elektron imza ilə təmin edəcək.

Bu layihə bank əməliyyatlarının daha çevik aparılması ilə yanaşı mobil bankçılığın inkişafında da əhəmiyyətli rol oynayacaq. Həmçinin yarana biləcək bəzi neqativ hallarınaradan qalxmasına gətirib çıxaracaq.

“Mobil elektron imza”nın üstünlüklərinə sənədlərin məkanından asılı olmayaraq onlayn imzalanması, hər hansı tətbiqə inteqrasiya mümkünlüyü, imzalanmış sənədlərin təhlükəsizliyi daxildir.

“Mobil elektron imza” layihəsi konsepsiyasının əsas hədəfi ənənəvi klassik metodlardan fərqli olaraq, bank xidmətlərində biznes subyektlərinin münasibətlərini yeni elektron müstəvidə qurmaq və idarəçilik sisteminin təşkilində hüquqi öhdəliklərin təsdiqlənməsi, həmçinin təhlükəsizlik faktoru üzrə etibarlı mühitin yaradılmasını özündə əks etdirir.