Azərbaycanda işsizlik müavinəti ləğv edildi

Nazirlər Kabineti “İşsizlikdən sığorta haqqında” qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin fərmanının icrası ilə əlaqədar bəzi qərarlarını ləğv edib.

Bununla əlaqədar Nazirlər Kabinetinin “İşsizlik müavinətinin hesablanması və ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında” qərarı ləğv edilib.

Ləğv edilmə ilə bağlı qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minib.

“İşsizlikdən sığorta haqqında” qanunun müddəalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən tətbiq edilən cərimələrdən toplanılan vəsaitin 20 faizi bu nazirliyin işçilərinin sosial müdafiəsinin gücləndirilməsində və maddi- texniki bazasının yaxşılaşdırılmasında istifadə olunacaq.

Banker.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin yeni təsdiqlədiyi və bu il yanvarın 1-dən qüvvəyə minən “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanılan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nda öz əksini tapıb.

Yeni qaydalara əsasən, xüsusi vəsait nazirliyin işçilərinin kollektiv və fərdi qaydada mükafatlandırılmasına, işçilərin həvəsləndirilməsi tədbirlərinə istifadə ediləcək.

İşçilərin kollektiv mükafatlandırılması işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, mühüm dövlət tapşırıqlarının vaxtında yerinə yetirilməsi, qanunla müəyyən edilmiş milli bayram günləri, habelə digər əlamətdar hadisələrlə əlaqədar, işçilərin fərdi mükafatlandırılması vəzifə təlimatında nəzərdə tutulan vəzifələrin vaxtında və peşəkarlıqla yerinə yetirilməsi, səmərələşdirici təkliflər verilməsi, təşəbbüskarlıq göstərilməsi, işdə yeni forma və metodların tətbiqi, gənc mütəxəssislərə kömək göstərilməsi zamanı həyata keçiriliəcək.

İşçilər xüsusi əhəmiyyətli vacib tapşırıqların, mürəkkəb işlərin yerinə yetirilməsi ilə əlaqədar, həmçinin layiqli işinə görə bayramlar və yubileylər zamanı Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən birbaşa olaraq fərdi qaydada (birdəfəlik) mükafatlandırıla bilərlər. İşin nəticələrinə görə verilən mükafatların məbləği işçinin fəaliyyətinin nəticələrindən asılı olaraq nazir tərəfindən müəyyən ediləcək.