Azərbaycanda şirkət rəhbərlərinin 66%-i gəlirlərin artacağından əmindir

Business meeting

“Azərbaycanda fəaliyyət göstərən şirkətlərin 66 faizi gəlirlərin artacağından əmindirlər”

Bunu “PricewaterhouseCoopers Global”ın (PwC) Azərbaycan üzrə 2-ci “İllik CEO Araşdırması” təqdimatında “PwC” audit şirkətinin Azərbaycan üzrə idarəedici partnyoru Mövlan Paşayev deyib.

Sorğunun əsas nəticələri CEO-lar, yüksək vəzifəli şəxslər, dövlət rəsmiləri və diplomatların qatıldığı tədbirdə biznes və kütləvi informasiya vasitələrinə təqdim edilib. Azərbaycan hesabatı Davosda keçirilən Dünya İqtisadi Forumunda təqdim olunan PwC-nin 21-ci İllik Qlobal CEO Sorğusunun bir hissəsidir. Sorğuda Azərbaycan iqtisadiyyatının aparıcı sektorlarında fəaliyyət göstərən 40 özəl və dövlət şirkətinin CEO-ları iştirak edib, iqtisadi tendensiyalara, biznes məsələləri və imkanlarına dair fikirlərini bölüşüblər.

“İki il əvvəl, 2016-ci il sorğusunu keçirdiyimiz vaxtda, qlobal və yerli CEO-ların nikbinlik səviyyəsi kifayət qədər aşağı idi. 2 il qədər qısa bir müddət ərzində Azərbaycanın iqtisadiyyatında üzləşdiyi bir çox çağırışların və geosiyasi oyunların öhdəsindən gələ bilməsini görmək çox ruhlandırıcıdır. 2018-ci il sorğusu göstərir ki, şirkət rəhbərlərinin 66% şirkətlərinin gəlir perspektivlərindən əmindirlər”,- deyə PwC Azərbaycan Şirkətinin Ölkə üzrə İdarəedici Partnyoru Mövlan Paşayev mətbuat konfransında qeyd edib.

Bildirilib ki, qlobal və yerli səviyyədə CEO-lar arasında müşahidə olunan nikbinlik göstəricisi 2010-cu ildən bu günə kimi ən yüksək səviyyədədir və sonuncu sorğudan sonra iki dəfəyə qədər artıb: “İqtisadiyyatın və əmtəə qiymətlərinin sabitləşməsi, ölkələrin institusional islahatlar və diversifikasiyanın başlaması fonunda “CEO”lar qısa və orta müddətli inkişaf perspektivlərini görürlər. Son böhran proseslərin pozulmasına gətirib çıxardı və eyni zamanda dəyişikliyin əsas katalizatoru kimi çıxış etdi, habelə həm özəl, həm də dövlət sektoru müəssisələrinə müsbət təsir göstərərək onları strategiyalarını və biznes modellərini yenidən nəzərdən keçirməyə məcbur etdi”.

📝 RƏY BİLDİR