Azərbaycandakı fürsətcil biznesmenlərə bəd xəbər: qazana bilməyəcəklər

Onlar vəziyyətdən istifadə edərək, istehsal olunan məhsulların qiymətini yüksəltməklə yanaşı istehsalı kəskin artıra və xammalın keyfiyyətini azalda bilərlər

İstehsalçılar Azərbaycan hökumətinin yerli bazarın qorunması üçün gördüyü tədbirlərə adekvat cavab verməyə hazırdırmı? Bu, istehlakçıların Azərbaycanda alkoqol və tütün məmulatları idxalına dair yeni aksizlərin tətbiqi ilə bağlı verdiyi ilk sualdır.

Yerli biznesin əsas məqsədi buraxılan məhsulun keyfiyyətinə zərər dəymədən istehsalın artırılması üçün yeni şəraitdən istifadə edilməsidir. Bizim sahibkarlar heç də həmişə buna nail ola bilmirlər.

23 yanvar 2018-ci ildə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarı qüvvəyə minib.

Xatırladaq ki, həmin tarixə qədər səməni pivəsinin 1 litr üçün 1 manat, təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla, üzüm suslosunun 1 litri üçün 2 manat, şampan şərabının 1 litr üçün 2,5 manat, qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm susloları üçün 1 litr üçün 0,1 manat aksiz dərəcəsi tətbiq olunub. Dəyişikliyə əsasən yanvarın 23-dən səməni pivəsinin 1 litr üçün 1,7 manat, təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla, üzüm suslosunun 1 litri üçün 3,5 manat, şampan şərabının 1 litr üçün 5 manat, qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm susloları üçün 1 litr üçün 0,2 manat aksiz dərəcəsi tətbiq olunmağa başlayıb.

Vermutlar və bitki və ya aromatik ekstraktların əlavəsi ilə digər təbii üzüm şərablarına aksiz dərəcəsi 1 litr üçün 2 manatdan 3,5 manata, digər qıcqırdılmış içkilər (sidr, perri və ya armud sidri, ballı içki), qıcqırdılmış içkilərin qarışıqları və qıcqırdılmış içkilərlə spirtsiz içkilərin qarışıqlarına 1 litr üçün 2 manatdan 3.5 manata, denaturasiya olunmamış etil spirtinə (80 həcm % və ya çox spirt qatılığı ilə) 1 litr üçün 2 manatdan 4 manata, üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturaralar, viski, rom və digər spirtli tinkturalar (şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan), cin və ardıc tinkturası, araq, likörlər, digər spirtli içkilərə 1 litr üçün 6 manatdan 10 manata, həcm %-i 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirtinə 1 litr üçün 2 manatdan 4 manata qaldırılıb.

Azərbaycan istehlakçılarını ilk növbədə maraqlandıran sual budur ki, alkoqol və tütün məmulatları idxalına dair yeni aksizlərin tətbiqi qiymətlərin nə qədər artmasına səbəb olacaq və bu, müvafiq olaraq, yerli məhsulların qiymətinə də təsir edəcəkmi? Qeyd edək ki, daxili tələbatın yerli istehsal hesabına təmin olunmasından hələ ki, danışmağa dəyməz.

Eyni zamanda AR Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2017-ci ildə ölkəyə idxal olunan tütün və tütün məhsullarının həcmi pulla ifadə edildikdə 166,5 milyon dollar təşkil edib. Bununla yanaşı sözügedən məhsulların ixracı 15 milyon dollar səviyyəsində olub.

Vəziyyət belədir ki, yerli sahibkarlar il ərzində təxminən 1,24 milyard siqaret istehsal edir, daxili tələbat isə 10 milyard ədəddir.

Tələblə yerli istehsal arasındakı bu disbalansın nəticəsi ölkədən idxala xərclənən 150 milyon dollardan çox vəsaitin çıxmasıdır.

AR Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin yekunlarına əsasən siqaret istehsalı 1,6 milyard ədəddən 1,24 milyard ədədə qədər endirilib. Bu isə 2016-cı illə müqayisədə 25% azdır. Bununla yanaşı, ötən il fermerlər 3,415 min ton fermentləşdirilmiş tütün istehsal ediblər. Bu isə 2016-cı ilin göstəricilərindən 75% çoxdur. Yəni, xammal — fermentləşdirilmiş tütün mövcuddur, lakin yerli tütün zavodlarının siqaretin istehsalını artırmaq arzusu yoxdur. Ən pis halda yerli tütündən 3 milyard ədəddən artıq siqaret istehsal etmək mümkündür. Yerli istehsalçıların siqaret istehsalını artırmaq istəməməsinin səbəbini onunla izah etmək olar ki, siqaret çəkənlər əsasən xarici siqaretləri alırlar. Çünki onlarda belə bir stereotip yaranıb ki, xarici siqaretlər daha keyfiyyətlidir.

Amma 2018-ci ildə siqaret bazarında qüvvələr nisbətən dəyişəcək. AR İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ötən il müasir Tabaterra QSC-nin müasir siqaret fabrikinin əsası qoyulub. Bu fabrik cari ildə 7 milyard ədəd həcmində üç növ siqaret istehsal edəcək.

Beləliklə, digər mövcud tütün fabriklərinin potensialını da nəzərə alsaq, yerli istehsal yerli tələbatı tam əhatə edə bilər. Bundan başqa, ictimai yerlərdə siqaret qadağasının tətbiqi ilə əlaqədar qanunvericiliyin sərtləşdirilməsi kontekstində tütün məmulatlarının istehlakı aşağı düşməyəcək.

Bununla yanaşı, yerli siqaret istehsalçılarının vəziyyətdən sui-istifadə edərək öz məhsullarının qiymətini qaldıracağı təhlükəsi var. Ölkə daxilində siqaret qaçaqmalçılığının da artma təhlükəsi mövcuddur.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2017-ci ildə ölkəyə idxal edilən spirtli və alkoqolsuz içkilərin həcmi 66,8 milyon dollar təşkil edib. Eyni zamanda ixrac olunan məhsulların həcmi 21,9 milyon dollar olub. Bununla belə, qeyd etmək lazımdır ki, yerli alkoqol istehlakçıları, siqaretçəkənlərə nisbətən idxal məhsullarından daha az asılıdırlar.

Təxmin etmək çətin deyil ki, spirtli içkilərin idxalına görə aksiz dərəcələrinin artırılması, xarici alkoqolun qiymətinin artmasına, ona olan tələbatın isə azalmasına səbəb olacaq və azərbaycanlı sahibkarlar tərəfindən spirtli içki istehsalının artması üçün “pəncərə” açılacaq.

Tamamilə mümkündür ki, bir sıra fürsətcil sahibkarlar vəziyyətdən istifadə edərək, istehsal olunan məhsulların qiymətini yüksəltməklə yanaşı, istehsalı kəskin artıra və xammalın keyfiyyətini azalda bilərlər.

Aksiz vergisinin artması səbəbindən idxal edilən siqaret və alkoqollu içkilərin qiymətlərində artımın qarşısını almaq mümkün deyil. Amma istehlakçılar əmin olmalıdırlar ki, yerli tütün məmulatları və alkoqollu içkilərin qiymətləri qalxmayacaq və onların keyfiyyəti xarici analoqlarından çox da fərqlənməyəcək.

Yeri gəlmişkən, siqaret və alkoqollu məmulatlar bazarında, xüsusilə də qiymət və keyfiyyətdə bundan sonra baş verəcək inkişaf, istehlak bazarına məsul olan yeni yaradılmış Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi üçün yaxşı bir sınaq olacaq.

AR Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə ölkədə sözügedən sahədə istehsal olunan məhsulların statistikası belədir: şampan şərabı – 1,2 min dekalitr (2016-cı ildə 40%), araq – 549,2 min dekalitr (96,2%), brendi – 6,3 тmin dekalitr (42%), üzüm şərabı — 1,02 milyon dekalitr (102,4%), pivə – 4,552 milyon dekalitr (139,7%), alkoqolsuz içkilər – 18,152 milyon dekalitr (101%), fermentləşdirilmiş tütün – 3,415 min ton və siqaret 1,241 milyard ədəd (75%).

📝 RƏY BİLDİR