Azərbaycanın 3,3 mlrd. dollarlıq müsbət ticarət saldosu qeydə alındı

2018-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 153 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, ümümilikdə 94 ölkəyə məhsul ixrac və 144 ölkədən isə idxal olub.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin, gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-aprel aylarında xarici ticarət dövriyyəsi 9 mlrd. 318,8 mln. ABŞ dolları, o cümlədən ixracın dəyəri 6 mlrd. 292,7 mln. dollar, idxalın dəyəri 3 mlrd. 26,1 mln. dollar təşkil etmişdir. Beləliklə, 3 mlrd. 266,6 mln. dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2017-ci ilin yanvar-aprel  ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 32,8%, real ifadədə isə 3,3%, o cümlədən ixrac 2,2%, idxal 5,7% artıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın

  • 24,7%-ini İtaliyaya,
  • 9,2%-ini İsrailə,
  • 7,4%-ini Türkiyəyə,
  • 5,5%-ini İndoneziyaya,
  • hər biri 4,9% olmaqla  Tayvan (Çinin əyaləti) və Almaniyaya,
  • 4,4%-ini Çexiyaya,
  • 3,7%-ini Kanadaya,
  • hər biri 3,2% olmaqla Gürcüstan və İspaniyaya,
  • 3,0%-ini Avstriyaya,
  • 2,9%-ini Portuqaliyaya,
  • 2,8%-ini Rusiyaya,
  • hər biri 2,5% olmaqla Ukrayna və Hindistana,
  • qalan 15,2%-ini  isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin

  • 17,4%-i Rusiya,
  • 15,5%-i Türkiyə,
  • 10,1%-i Çin,
  • 7,8%-i Almaniya,
  • 4,7%-i ABŞ,
  • 4,0%-i Ukrayna,
  • 3,4%-i İtaliya,
  • 3,1%-i Belarus,
  • 2,9%-i İran,
  • 2,3%-i Birləşmiş Krallıq,
  • 28,8%-i isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2018-ci ilin yanvar-aprel aylarında 485,3 mln. dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2017-ci ilin yanvar-aprel aylarına nisbətən faktiki qiymətlərlə 19,3%, real ifadədə isə 11,4% çoxdur.

2018-ci ilin yanvar-aprel aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 60,7%, meyvə və tərəvəz şirələri – 16,2%,  kartof – 2,5 dəfə, meyvə və tərəvəz konservləri – 24,3%, təbii üzüm şərabları və üzüm suslosu – 2,4 dəfə, marqarin, qida üçün yararlı digər qarışıqlar – 6,0%, polietilen – 9,6%, emal olunmamış alüminium – 9,1%, qara metallardan borular – 19,0%,  pambıq ipliyi – 32,2%, bentonit gili –19,8%  artmış, təzə tərəvəz ixracı 12,8%, şəkər – 42,2%, tütün – 17,9%, çay – 6,8%, bitki yağları – 18,3%, pambıq lifi – 9,6%, qara metallardan yarımfabrikatlar – 88,5% azalıb.

2017-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 2018-ci ilin yanvar-aprel aylarında buğda idxalı 56,3%, bitki yağları – 60,1%, təzə meyvə – 48,9%, çay – 16,6%, qara metallardan borular – 2,2 dəfə,  minik avtomobilləri – 3,0 dəfə, polad prokatı – 8,4%, mineral gübrələr – 3,4 dəfə, mebel – 2,3 dəfə, qara metallardan çubuqlar – 21,3%, hesablama maşınları, blok və qurğuları – 6,3%, rezin şinlər – 7,3%, polietilen – 63,8%, paltaryuyan maşınlar – 62,5%, yük avtomobilləri – 78,0%, sement və sement klinkerləri – 2,2 dəfə, məişət soyuducuları – 2,4 dəfə  artmış, siqaret idxalı isə 10,5%,  kərə yağı, digər süd yağları və pastaları – 18,1%, kartof – 11,6%, quş əti və onun əlavə məhsulları – 13,3%, xam şəkər və şəkər – 81,3%, mal əti – 17,3%, təzə tərəvəz – 51,9%, qara metallardan künclüklər ­– 16,7%, məişət kondisionerləri – 9,0%, avtobuslar – 11,5% azalıb.