15 C
Baku
Saturday, April 20, 2024

Azərbaycan Mərkəzi Bankı ötən il inflyasiyaya təsir edən amilləri açıqlayıb

“Ötən ilin sonuna illik inflyasiya tempinin bir qədər azalması müşahidə edilib. İl ərzində inflyasiya əsasən qeyri-tələb amillərindən təsirlənib”.

Bu, Azərbaycan Mərkəzi Bankın (AMB) ötən ilin yanvar-dekabr ayları üzrə pul siyasəti icmalında qeyd olunub.

“Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən ötən il orta illik inflyasiya 12,9% təşkil edib. İstehlak Qiyməti İndeksinin (İQİ) komponentləri olan ərzaq qiymətləri orta illik 16,5%, qeyri-ərzaq qiymətləri 11,6%, xidmətlər isə 9,4% dəyişib. Orta illik inflyasiyanın 7% bəndi ərzaq, 2,9% bəndi qeyri-ərzaq, 3% bəndi isə xidmətlərin payına düşür. Keçən ildə orta aylıq inflyasiya 0,6% təşkil etib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə (0,6% bəndi) aşağıdır. Dövr ərzində ən yüksək inflyasiya yanvar ayında olub (2,3%). İyun ayında nəinki inflyasiya olmayıb, 1%-lik deflyasiya qeydə alınıb. İstehlak səbətində qiyməti artan və azalan məhsul və xidmətlərin sayındakı fərqin dəyişim dinamikasını göstərən diffuziya indeksi də ilin əvvəli ilə müqayisədə ilin sonunda azalıb”, – deyə sənəddə vurğulanıb.

Sənəddə qeyd olunub ki, ümumilikdə, ilin sonuna 520 adda mal və xidmətdən 116-nın qiyməti azalıb, 115-nin qiyməti isə dəyişməz qalıb: “Aparılmış təhlillər göstərir ki, ötən ildə inflyasiya başlıca olaraq qeyri-monetar amillərdən irəli gəlib. İl ərzində inflyasiyanın xarici faktorlarında yüksək volatillik müşahidə olunub, inzibati qiymətlərin dəyişməsi və inflyasiya gözləntiləri inflyasiyaya təsir göstərib. Valyuta bazarının sabitləşməsi, hətta manatın məzənnəsinin müəyyən qədər möhkəmlənməsi şəraitində ticarət tərəfdaşı olan ölkələrdə gedən inflyasiya prosesləri, habelə ayrı-ayrı əmtəə qrupları üzrə tələb-təklif nisbətinin dəyişməsi inflyasiyanın mühüm amilləri olub. Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya keçən ildə 12,1% təşkil edib”.

AMB-də hesab edirlər ki, dövr ərzində istehlak qiymətlərinin dəyişməsinə təsir göstərən amillərdən biri gözləntilər olub: “Bir sıra xərc amillərinin təsiri ilə bəzi sahələrdə inflyasiya gözləntiləri yüksəlsə də, ümumilikdə dövr ərzində gözləntilərdə daha çox azalma meylləri müşahidə olunub”.

AMB tərəfindən müntəzəm aparılan real sektorun monitorinqinin nəticələrinə əsasən keçən il ərzində ticarət sektorunda növbəti 3 ay üzrə qiymət gözləntiləri məişət avadanlıqları və avtomobil seqmentində azalıb, mebel seqmentində isə artıb: “Xidmət sektorunda ümumi qiymət gözləntisi bütün sahələr üzrə yüksəlib. Bu daha çox nəqliyyat, otelçilik və turizm seqmentlərində özünü göstərib. Emal sənayesində isə qida və içki, kimya, maşınqayırma, plastik kütlə seqmentləri üzrə qiymət gözləntiləri aşağı düşüb, tikinti materialları, metallurgiya və digər qeyri-metal mineral məhsulları sahəsində isə artıb. Tikinti sektorunda ümumilikdə qiymət gözləntiləri yüksəlib”.

Son xəbərlər
Digər xəbərlər