8 C
Baku
Thursday, March 28, 2024

“Azərbaycan millisinin yeni formaları həm ucuz, həm də keyfiyyətlidir”

Futbol üzrə Azərbaycan millisinin yeni formaları 3 rəngdə hazırlanıb. Bu barədə AFFA-nın Marketinq və Sponsorluq Şöbəsinin müdiri Tural Piriyev məlumat verib. Onun sözlərinə görə, AFFA-nın rəsmi saytı vasitəsilə təqdim olunan göy rəngli forma ev oyunları üçündür. Azərbaycan millisi səfər matçlarında qırmızı, forma rəngləri rəqiblərlə üst-üstə düşəcəyi təqdirdə isə ağ rəngli geyimdən yararlanacaq.

T.Piriyev bildirib ki, yeni formalar “Nike” şirkətinin buraxdığı eyni dəst-xəttə daxildir. O, formaya müəyyən element artırmağın əlavə vəsait tələb etdiyini bildirib: “Əvvəllər bütün ölkələr müxtəlif dizayn formasını seçirdilər. Amma indi dəyişiklik etmək əvvəlki kimi mümkün deyil. Müəyyən elementlərin artırılması əlavə xərc deməkdir. Bizim istəyimiz həm keyfiyyətli, həm də daha ucuz qiymətə forma seçmək idi ki, buna da nail olduq”.

AFFA rəsmisi yeni formaların keyfiyyətli olduğunu da vurğulayıb. T.Piriyevin sözlərinə görə, formalar texniki heyət tərəfindən yuyulub-yoxlanılıb, milli komandanın baş məşqçisi Robert Prosineçkiyə göstərilib və hamı tərəfindən razılıqla qarşılandıqdan sonra onların alınmasına qərar verilib.

Şöbə müdiri seçmə tsiklin ortasında geyim dəyişikliyi etmələrinin səbəbini də açıqlayıb: “Razıyam ki, bir forma əvvəldən sonadək geyinilməlidir. Amma ötən seçmə tsikldən formalarımız qaldığı üçün bu mərhələnin ilk 5 rəsmi oyununda da “Umbro”dan yararlandıq. Amma yeni forma alma zərurəti yaranmışdı. “Nike” şirkəti ilə daha sərfəli təklif ünvanladıqları üçün müqavilə bağladıq. Təbii ki, azarkeşlər də top-brendin təqdim etdiyi forma ilə oynamağımızı istəyirlər. Adətən, “Nike” öz geyimlərini yüksək nəticələr göstərən ölkələrin yığmalarına təqdim edir. Yəqin ki, bizimlə əməkdaşlıqda Azərbaycan millisinin cari seçmə tsikldəki nəticələri də rol oynayıb”.

Qeyd edək ki, Azərbaycan millisini yeni formada ilk oyunu Şimali İrlandiya yığmasına qarşı olacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər