8 C
Baku
Thursday, March 28, 2024

Azərbaycan Respublikası iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi məsələləri

Müəllif: Ceyhun Ramiz oğlu Yusifov, Vergilər Nazirliyinin Tədris Mərkəzinin Elmi-tədqiqat işləri üzrə rəis müavini,vergi xidməti müşaviri     ,«İqtisadiyyat» qəzeti, 4-10 dekabr, 2009-cu il

 Azərbaycanda əldə edilmiş siyasi sabitlik şəraiti, həmçinin son illər islahatların gələcək irəliləyişi üçün yaradılmış uğurlu sosial-iqtisadi baza, zənnimizcə, artıq bu gün iqtisadiyyatımız qarşısında rəqabət qabiliyyəti daha yüksək olan ilk əlli ölkə sırasına daxil olmaq imkanını gündəmə gətirir. Bu, real və eyni zamanda, irimiqyaslı məqsəddir. 

Çoxillik beynəlxalq təcrübə göstərir ki, iqtisadiyyatın modernləşdirilməsinin davam etdirilməsi və Azərbaycanda innovasiya sisteminin formalaşması iqtisadiyyatımızı üstün xammal ixracı inkişafı zonasından çıxarmağa imkan verəcək və emal sahələrinin artım dinamikasına güclü təkan verəcək, ölkənin dünya birliyində rəqabətqabiliyyətliliyini və onun dünya iqtisadi məkanına bərabərhüquqlu inteqrasiyasını tam mənada təmin edəcək.

Dünya İqtisadi Forumunun (WEF) reytinq qiymətlərinə əsasən 2009-2010-cu illər üçun Azərbaycan 2008-2009-cu illər ərzində üçün illik göstəriciləri ilə müqayisədə öz mövqelərini kəskin surətdə yaxşılaşdırmışdır. Bir il ərzində Azərbaycan Respublikasının müasir beynəlxalq rəqabətqabiliyyətliliyi 134 dövlət arasında 4.10 rəqabətqabiliyyətlilik indeksi ilə tutduğu 69-cu yerdən 4.30 indekslə 51-ci yerə qalxmışdır ki, bu da fikrimizcə, ölkəmiz üçün bu günə görünməmiş, müsbət nəticədir. Müqayisə üçün qeyd edək ki, siyahıda birinci yeri 5.60 indeksi ilə İsveçrə tutmuşdur. Onun ardınca ABŞ, sonra Sinqapur, İsveç, Danimarka, Finlandiya və Almaniya gəlir. Bu onluğu Yaponiya, Kanada və Niderland qapayır. Mənzərənin tamlığı üçün qeyd edək ki, MDB ölkələri arasında Azərbaycan lider mövqe tutur, bütövlükdə postsovet məkanında isə yalnız 4.56 indeksi ilə 35-ci yerdə olan Estoniyanın göstəricilərindən geri qalır. Litva 53-cü, Rusiya 63-cü, Ukrayna 82-ci, Latviya isə 68-ci yerdədir, MDB-nin qalan ölkələri isə, o cümlədən regional Gürcüstan və Ermənistan reytinq cədvəlinin sonunda yerləşmişlər.

VEF indeksləri göstəricilərinin bu dinamikası bu gün Azərbaycan iqtisadiyyatı üçün nəinki mövcud rəqabət üstünlüklərinin saxlanmasının önəmli olduğunu, həm də yeni, yüksək texnologiyalara və «biliklərin iqtisadiyyatı»na əsaslanan innovasiyalı iqtisadiyyatın tətbiqi yolu ilə daha yüksək üstünlüklərə keçmək üçün mümkün olan hər şeyi etmək haqqında danışmağa imkan verir. Bununla yanaşı, VEF reytinqlərinin təhlili göstərir ki, bunu yalnız uğurlu makroiqtisadi göstəricilər hesabına etmək mümkün olmayacaq. Azərbaycanın müasir iqtisadiyyatının keyfiyyətli artımı ilə hər yeni addım daha çox qüvvə tələb edir və burada ümumi rəqabətqabiliyyətliliyə təsir edən bütün amillərin yalnız tarazlı və kompleks yaxşılaşdırılması bu uğurun zəmini ola bilər.

Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin artım amillərindən biri ölkənin müasir infrastrukturunun yaradılmasının əsas tərkib hissələri, o cümlədən vergi sistemi, bu prosesin dövlət tənzimləməsinin əsas instrumenti, təkmilləşdirilməsinin davam etdirilməsi zəruridir.

Hazırda Azərbaycan iqtisadiyyatının infrastrukturuna kapital investisiyalarının başlıca obyektləri mənzil, avtomobil magistralları, yolların inşası, su təchizatı və kanalizasiya sistemlərinin tikintisi, nəqliyyat, energetika və rabitədir. Bu zaman dövlət həmin investisiyaları tam həcmdə maliyyələşdirməli deyil, belə ki, həmişə alternativ mənbələr mövcuddur. Bunun üçün yalnız bu bazarın çevik tənzimlənməsi tələb olunur. Bunun bariz nümunəsi Azərbaycanda mənzil tikintisi ola bilər ki, bu sahə tamamilə özəl mənbələrdən maliyyələşdirilir. Bununla bərabər, fikirimizcə, ölkə infrastrukturunun dövlət maliyyələşdirilməsinə olan tələbatı da qalacaqdır. Məsələn, Qərbin qabaqcıl ölkələrində son 40 il ərzində ÜDM-də dövlət xərclərinin payının 6-12%-dən 45-55%-ə qədər artdığı qeydə alınmışdır (2008-ci ildə maliyyə böhranı dövründə 80%-ə qədər). Bu da, müvafiq olaraq, iqtisadiyyatda, xüsusilə, yüksək texnologiyalar sektorunda dövlətin tənzimləyici rolunun güclənməsini təmin etdi.

Azərbaycanda iqtisadiyyatda dövlətin rolu, ötən əsrin 80-ci illərinin sonundan başlayaraq demək olar ki, sıfıra bərabər idi və bu, kənardan düşünülmüş, qurma bir şey idi. Belə hesab edilirdi ki, bazar özü hər şeyi yerinə qoyacaq və dövlət iqtisadiyyatdan getməlidir. Yalnız 90-cı illərin ortalarında, Prezident Heydər Əliyevin iqtisadiyyatının islahatlaşdırılması prosesi zamanı aydın oldu ki, sabit iqtisadi islahatlar, xüsusilə də texnoloji inkişaf səmərəli maliyyə institutları, güclü dövlət olmadan mümkün deyildir. 90-cı illərin sonunda dünya maliyyə institutları, xüsusilə Dünya Bankı da bu qərara gəldi. Bu bank dünya üzrə öz layihələri üçün vəziyyətin faciəliliyini nəzərə alaraq dövlətin iqtisadiyyatda rolunun artması barədə siqnal verdi.

Hamıya məlumdur ki, daxili resursların çatışmadığı halda iqtisadiyyata xarici investisiyaların cəlb edilməsi üzrə dövlət siyasəti investisiya qoyuluşu probleminin aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb edir və işgüzar fəallığın canlanması üzrə makro və mikroiqtisadi tədbirlər kontekstində nəzərdən keçirilir. Aydındır ki, iri dövlətlər daha çox investisiya cəlb edə bilər. Kapitalın yerləşdirilməsi zamanı bazarın ölçüsü və artımı iki başlıca amil kimi nəzərdən keçirilir. Lakin xarici ölkələrin təcrübəsi göstərir ki, əlverişli investisiya mühiti, institusional əsaslar, əməyin və infrastrukturun keyfiyyəti, siyasi sabitlik və dəqiq stimullaşdırıcı iqtisadi artım siyasəti kimi rəqabət üstünlüklərinə malik olan bütün ölkələr investisiyalar cəlb edilməsi üzrə rəqabət apara bilər. Bunlarla yanaşı, fikrimizcə, indiki dövrdə cəlb olunan xarici investisiyaların rolunu qəbul edərkən onların mənfi nəticələrini də nəzərə almaq və daxili yığım mənbələrinə böyük diqqət yetirmək lazımdır və bu məsələdə birmənalı qiymət ola bilməz. 1998-ci il böhranından dərhal sonra Harvardda biznes məktəbinin professoru, VEF Qlobal Rəqabətqabiliyyətliliyi İndeksinin (Global Competitiveness Index) hesablanması metodologiyasının banisi Maykl Porter xəbərdarlıq edirdi ki, xarici investisiyalar heç də avtomatik olaraq iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin təmin edilməsi problemlərinin hamısını həll etmir və xarici mənbələrlə müqayisədə milli mənbələrin də prioritetini vurğulayırdı. Xarici kapitalın iri axınları, əgər bu axınlar müəyyən edilmiş valyuta kursunun saxlanması ilə stimullaşdırılarsa, bu zaman ciddi problemlər doğura bilər. Xarici borcların, xüsusilə də qısamüddətli kreditlər üzrə artması makroiqtisadi sabitlik məsələsinin həllini çətinləşdirir, inflyasiya təzyiqini və ixracın rəqabətqabiliyyətinin aşağı düşməsini gücləndirir. Qısamüddətli likvid aktivlərin iri yığımları maliyyə resurslarının qəfil axını riskini yaradır.

Qeyd etmək lazımdır ki, bunun nəticələrini tam həcmdə 2008-ci il böhranından zərərçəkmiş dövlətlər hiss etmişlər ki, bu zaman investorların kütləvi surətdə «qaçış»ı iqtisadiyyatda mənfi proseslərin güclənməsinə səbəb olmuş və bunun nəticəsi olaraq fond bazarlarının çökməsini göstərmək olar. olmuşdur. Eyni zamanda, Azərbaycanın topladığı daxili iqtisadi potensial, tətbiq edilmiş çevik və səmərəli mexanizmlər başlanmış böhranın iqtisadiyyatın makroiqtisadi inkişafına və maliyyə sabitliyinə təsir göstərməməsinə kömək etmişdir. Bunun başlıca səbəbi Azərbaycan dövləti tərəfindən iqtisadiyyatda, o cümlədən müəssisələrin fəaliyyətində mümkün risk amillərinin neytrallaşmasının qarşısını almaq məqsədilə iqtisadi siyasət çərçivəsində səmərəli tədbirlərin həyata keçirilməsidir. Beləliklə, böhrandan sonrakı dövrdə Azərbaycan iqtisadiyyatına, daxili investorlara daha çox diqqət ayırmaq lazımdır. İqtisadi artımın hərəkətverici qüvvəsi kimi xarici investisiyalardan istifadəyə əsaslanan alternativ strategiyaya – öz imkanlarına (xüsusilə də iqtisadi modernləşdirilmənin başlanğıc mərhələlərində) əsaslanmaqdır. Daxili bazarda öz problemlərini həll etmək bacarığı qlobal iqtisadi sarsıntılar dövründə rəqabət mövqelərinin saxlanmasının yaxşı təminatıdır. Yuxarıda deyilənlərdən irəli gələrək, hazırda Azərbaycan iqtisadiyyatının beynəlxalq rəqabətqabiliyyətliliyinin artımı vəzifələrindən biri ölkənin vaxtında, dünya standartlarına cavab verən infrastrukturunun yaradılmasıdır.

Hələ 2004-cü il noyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin adını daşıyan tankerin istismara buraxılmasına həsr edilmiş mərasimdəki çıxışında qeyd etmişdi: «Azərbaycanda bütün infrastruktur modernləşdirilməlidir. Mən dəfələrlə bu barədə demişəm və yenə də təkrar etmək istəyirəm: hər yeni yaradılan, yeni tikilən obyekt, infrastruktur ən yüksək dünya standartlarına cavab verməlidir. Azərbaycanda hər yeni iş elə həyata keçirilməlidir ki, ən yüksək meyarlara cavab versin. Biz ölkəmizi inkişaf etdiririk, modernləşdiririk. Biz istəyirik ki, Azərbaycan güclü, müasir dövlətə çevrilsin».

Ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələrin ardıcıl həlli nəinki Dünya İqtisadi Forumunun (WEF) reytinqlərində qeyd olunan, həmçinin Dünya Bankı (“Doing Business 2009”) və Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq maliyyə institutlarının hesabatlarında iqtisadiyyatın bütün sahələrində tərəqqi və inkişafı müşahidə etməyə imkan verir.
Göstərilənlər Azərbaycanda müasir vergi sisteminin formalaşdırılması istiqamətində həyata keçirilən islahatların davamlı və ardıcıl olmasını ön plana çəkir. Vergi sisteminin inkişafı üzrə yeni mərhələ “Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramı (2005-2007-ci illər)”nın Ölkə Prezidentinin 12 sentyabr 2005-ci il tarixli Sərəncamı ilə təsdiq edilməsindən sonra başlanılmışdır.

Bütövlükdə, Azərbaycanda özünün müasir potensialı ilə uğurlu, dünya standartlarına cavab verən infrastrukturun formalaşması ölkənin nəinki XXI əsr texnologiyalarının tətbiqi və inkişafına əsaslanan modernləşdirilməsini sürətləndirəcək, həm də Azərbaycan iqtisadiyyatının beynəlxalq rəqabətqabiliyyətliliyinin artmasına kömək edəcək.
Yekunda qeyd etmək olar ki, Azərbaycan Respublikası iqtisadiyyatının rəqabətqabiliyyətliliyini yüksəltmək üçün ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin müasir amillərinin formalaşmasının gücləndirilməsi zəruridir. Bu əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasının, Azərbaycan Respublikasının sosial-iqtisadi sabitliyinin və milli təhlükəsizliyinin təmin edilməsi üçün həlledici amilə çevrilməlidir.

Son xəbərlər
Digər xəbərlər