14 C
Baku
Wednesday, April 17, 2024

Azərbaycan Şirkətlər Hüququnda Paradoksal Məqamlar

Bir sıra məsələlər Azərbaycan şirkətlər hüququnda qeyri-müəyyənlik, hətta paradoksal vəziyyətlər yaradıb.

Belə ki, Azərbaycan Respublikasında hüquqi şəxs formasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikasının mülki məcəlləsində və digər qanunlarda öz əksini tapan hüquq normalarının tələblərinə uyğun olaraq cəmiyyətlər yaradılaraq formalaşdırılır.

Bir çox hüquq sistemlərində olduğu kimi, Azərbaycan qanunvericiliyində də cəmiyyətlərdə iştirakçı sayı ilə bağlı minimum və/və ya maksimum say həddələrinin müəyyən edilməsinə cəhd göstərilmişdir.

Photo
Toğrul Quluzadə

Hüquqi şəxs formasında olan cəmiyyətlərdə iştirakçıların sayının nə qədər olması ilə bağlı qanunvericilikdə təzadlı məqamlara rast gəlinir. Təcrübədə bu məsələ hüquqşünaslar və hətta bununla əlaqəli olan müvafiq icra hakimiyyətlərinin mütəxəssisləri arasında qeyri-müəyyənlik yaradır.

Deməli, Azərbaycan Respublikasının Mülki Məcəlləsi Məhdud Məsuliyyətli Cəmiyyətlə (MMC) bağlı belə bir tələb müəyyən edir:

Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının sayı qanunvericilikdə müəyyənləşdirilmiş həddi keçməməlidir. Əks halda o, bir il ərzində səhmdar cəmiyyətinə çevrilməli, bu müddət bitdikdə sonra isə, əgər onun iştirakçılarının sayı azaldılıb qanunla müəyyənləşdirilmiş həddə endirilməzsə, məhkəmə qaydasında ləğv edilməlidir.

Səhmdar Cəmiyyətləri ilə bağlı isə Mülki Məcəllədə belə bir müddəa vardır:

Qapalı Səhmdar Cəmiyyətinin iştirakçılarının sayı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş həddi keçməməlidir, əks halda, o, bir il ərzində açıq səhmdar cəmiyyətinə çevrilməli, bu müddət bitdikdən sonra isə, əgər onların sayı azaldılıb müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş həddə endirilməzsə, məhkəmə qaydasında ləğv edilməlidir.

Qapalı Səhmdar Cəmiyyətində (QSC) iştirakçıların say məhdudiyyəti ilə bağlı Nazirlər Kabinetinin qərarı olmasına baxmayaraq, MMC-də olan iştirakçıların say məhdudiyyəti ilə bağlı isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən heç bir hüquq norması müəyyən edilməmişdir. Lakin, bu təzadlı məqam Konstitutsiya Məhkəməsinin 16 Dekabr 2011-ci il qərarında şərh edilərək öz həllini tapmışdır.

Konstritutsiya Məhkəməsi bildirmişdir ki, MMC və QSC-nin eyni və ya oxşar bazar münasibətlərinin iştirakçıları olmalarını nəzərə alaraq, MMC-də olacaq iştirakçıların say məhdudiyyəti Nazirlər Kabinetinin QSC-lər ilə bağlı qərarında olan iştirakçıların say məhdudiyyəti ilə eyni qəbul edilməlidir. Yəni, MMC-də iştirakçıların say məhdudiyyəti maksimum 50 olaraq müyyən edilmişdir.

Lakin, 27 Aprel 2017-ci il tarixində Mülki Məcəlləyə edilən dəyişiklik Konstitutsiya Məhkəməsinin qərarını bir növ tamamilə təkzib edir və ya təzadlı hüquq münasibətlərinin yaranmasına səbəb olur. Belə ki, Mülki Məcəllənin 91.4-cü maddəsinə görə:

 İştirakçılarının sayı əllidən çox olan cəmiyyətlərdə, habelə ictimai əhəmiyyətli qurumlarda daxili audit siyasətinin və strategiyasının hazırlanması, həyata keçirilməsi və auditor nəzarətinin təşkili üçün direktorlar şurası (müşahidə şurası) tərəfindən audit komitəsi yaradılır. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda iştirakçıların sayı əllidən çox olmayan cəmiyyətlərdə də audit komitəsi yaradılır.

Bu o deməkdir ki, MMC-də iştirakçıların say həddi 50-dən də cox ola bilər. Bununla da, qanunvericilik bir növ MMC-nin iştirakçılarının sayının 50-dən çox olmasına icazə vermiş olur.

Göründüyü kimi, MMC-də iştirakçıların say həddi ilə bağlı təzadlı və hələ də öz həllini tapmamış məqamlar vardır. Konstitutsiya Məhkəməsinin bu məsələ ilə bağlı həlledici şərhi olmasına baxmayaraq, qanunvericilik sonradan onu təkzib etmişdir.

Nəticə etibarı ilə, qanunvericilikdə bu cür boşluqların və təzadların qarşısını almaq üçün lazımi dəyişikliklərin edilməsi zəruridir. Bu cür dəyişikliklərin həyata keçirilməsi təkcə hüquqi nöqteyi nəzərdən yox, bazar münasibətlərinin inkişaf qanunauyğunluqları baxımından da böyük əhəmiyyətə malikdir.

Müəllif: Toğrul Quluzadə, Belçika Krallığının Qent Universitetinin LL.M elmi dərəcəli, Bakı Hüquq Mərkəzinin baş hüquqşünası

Son xəbərlər
Digər xəbərlər