22 C
Baku
Friday, April 19, 2024

Azərbaycan Vyana Beynəlxalq Alğı-Satqı Müqaviləsi Kovensiyasına üzv olmaqla nə qazandı?

Bildiyiniz kimi, Vyana Beynalxaq Alğı-Satqı Müqaviləsi Konvensiyası 1980-ci ildə BMT-nin Beynalxalq Ticarət Hüququ Komissiyası (UNCITRAL) tərəfindən hazırlanıb qəbul edilmişdir. Bu yazıda yuxarıda adıçəkilən Konvensiyaya üzv olmanın üstünlüklərindən danışılacaq. İlk öncə bu Konvensiyanın qəbul edilməsinin tarixinə və onun əhatə etdiyi predmetə qısaca nəzər yetirək.

Bu Konvensiyanın ilk hazırlanma tarixi 1930-cu ilə təsadüf edir. Vyana Konvensiyasının ilk versiyası Romada Millətlər Cəmiyyətinin Yığıncağında hazırlanmışdır. Lakin, II Dünya Müharibəsinin baş qaldırması bu lahiyənin uğurla başa çatmasına imkan verməmişdir.

İkinci dünya müharibəsindən sonra holland höküməti 21 ölkənin iclasını cağıraraq Beynalxalq Alğı-Satqı Müqaviləsi üzrə hüquq normalarını vahid bir Konvensiyada birləşdirməyə cəhd etmişdir. Lakin, kifayət sayda ölkələr tərəfindən ratifikasiya olunmadığı üçün bu Konvensiya qəbul edilməmişdir.

Nəhayət ki, 1980-ci ildə BTM-nin Beynalxalq Ticarət Komissiyası bu konvensiyanın tam və dolğun variantını hazırlamışdır və bu Konvensiya tələb olunan sayda ratifikasiya olunduqdan sonra qəbul edilərək qüvvəyə minmişdir.

Bu Konvensiyanın predmetinə gəldikdə isə, Konvensiya Beynalxalq Alğı-Satqı Müqavilələrindən irəli gələn münasibətləri daha dolğun tənzimlənməsi üçün butün lazımı hüquq normalarını özündə cəmləyir. Konvensiyada müxtəlif hüquq normalarına; beynalxalq xüsusi hüquq, beynalxalq ümumi hüquq, müqavilə hüququ, prosessual hüquq normaları müddəalarına rast gəlinir. Bu Konvensiyanın qəbulu beynalxalq ticarətdə, beynalxalq alğı-satqı münasibətlərində bir çox hüquqi və ticari müstəvidə rast gəlinən problemləri aradan qaldırmışdır.

Konvensiyaya üzv olmağın üstünlükləri

Bu Konvensiya beynalxalq ticarət aləmində sadələşdirilmiş hüquq normalarının yaradılması üçün cox uğurlu bir addımdır. Birmənalı olaraq Konvensiyada öz əksini tapmış hüquq normalarının sadə dildə yazılmasını ön plana çəkmək lazımdır. Hüquq normalarının sadə dildə yazılması sahibkarlar və ya işgüzar adamlar üçün beynalxalq sahibkarlıq fəaliyyəti ilə daha asan və səmərəli məşğul olmağa imkan verir. Çünki, Konvensiya hüquq normaları beynalxalq ticarətdə istifadə olunan işgüzar adətlərə uyğun hazırlanmışdır (Məsələn, İNCOTERMS və s.). Həmçinin, müqavilə tərəfləri üçün vahid beynalxalq ticarətdə rast gəlinən terminalogiyadan istifadə olunması da müqavilə şərtlərinin daha tez və düzgün tərtib olunmasına imkan yaradır.

Beynalxalq ticarətdə tərəflər arasında hüqüq münasibətləri birbaşa olaraq bu Konvensiyada öz əksini tapmış hüquq normaları vasitəsilə tənzimlənməsi bir sıra hüquqi problemleri, xüsusilə beynalxalq xüsusi hüquq sahəsində əmələ gələn problemləri aradan qaldırır. Yəni, bildiyimiz kimi, tərəflər beynalxalq alğı-satqı müqaviləsi bağlayarkən hər tərəf müqaviləyə öz ölkəsinin qanunvericiliyin tətbiq olunmasını üstün tutur və təbii ki, bu tərəflər arasında mübahisələrə səbəb olur. Lakin, artıq bu Konvensiya normalarının tətbiqi bu cür müqavilələrdə neytral hüquq normaların (bu Konvensiya) razılaşdırılması üçün imkan yaradır ki, bu da öz növbəsində bu cür yaranmış problemleri aradan qaldırır. Bu və digər səbəblərdən tərəflər üçün müqavilədən irəli gələn hüquqlarını hər hansı digər bilmədikləri ölkənin qanunvericiliyinin deyil, bu Konvensiyanın tətbiqi ilə daha aydın şəkildə başa düşüb şərh etmək imkanı verir. Bundan başqa, Konvensiyanın 6-cı maddəsinə görə tərəflərə müqavilədə bu Konvensiyanın hüquq normalarını istisna etmək hüququ da verilir ki, bu Konvensiyanın üzv olan ölkələrin tərəfləri üçün daha bir üstünlükdür. Deməli, Konvensiyaya üzv olan ölkələr Konvensiya hüquq normalarının onların bağladığı müqavilələrə tətbiq olnub-olunmamasını seçə bilərlər. Bu Konvensiya beynalxalq ticarət aləmində tez-tez rast gəlinən praktik problemlərin aradan qaldırılması üçün də cox faydalıdır. Məsələn, Konvensiyaya görə öhdəliklər yerinə yetirilmədikdə bir tərəf digər tərəfə onlara məxsus olan malların saxlanılmasını tələb edə bilər ki, bir cox ölkələrin qanunvericiliyində bu məsələyə heç toxunulmur və tərəflər arasında belə bir mübahisə yarandıqda həmin seçilmiş ölkənin qanunvericiliyi susur və ya qeyri-bərabər şərtlər təklif edir. Beynalxalq ticarətdə arbitraj hüququnun da rolu danılmazdır. Yəni, tərəflər beynalxalq alğı-satqı müqaviləsi üzrə öhdəliklər götürdükdə, bu öhdəliklərin yerinə yetirilməməsi üçün və ya hər hansı mübahisə zamanı neytral arbitraj məhkəməsinə müraciət etməyi qərarlaşdırırlar. Təbii ki, beynalxalq arbitraj məhkəməsi üçün bu konvensiya normalarını tətbiq etməklə beynalxaq alğı-satqı müqaviləsindən irəli gələn mübahisəni həll etmək daha asan və məqsədəuyğundur. Konvensiya 6 rəsmi dildə yazılmışdır (İngilis, Fransız, Rus, Ərəb və İspan) ki, razılaşdırılmış müqavilə müddəalarının həm tərəflər, həm beynalxalq arbitraj məhkəməsi, həm də müvafiq yerli məhkəmələr tərəfindən daha dolğun və tam şərh edilməsi üçün çox əlverişli imkan yaradır.

Nəticə etibarilə, bu Konvensiyaya üzv olan olkələrin sahibkarları üçün lazımsız ticari xərclərin azaldılmasına və hüquqi problemlərin aradan qaldırılmasına əhəmiyyətli dərəcədə təkan vermiş olur. Bu Konvensiya artiq dünyanın 83 ölkəsi tərəfindən ratifikasiya edilib müvafiq yerli qanunvericiliyə inkorporasiya olunmuşdur. Azərbaycan da bu konvensiyaya 01.02.2016-cı il tarixdə üzv olmaqla digər ölkələrdən bu hüquq sahəsi üzrə geri qalmadığını nümayiş etdirmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, bu Konvensiyaya üzv olmaqla Azərbaycan sahibkarların beynalxalq sakibkarlıq fəaliyyəti ilə daha səmərəli məşğul olmasında və bu tip münasibətlərdən irəli gələn mübahisələrdə özlərini hüquqi çərçivədə daha dolğun beynalxalq hüquq normaları ilə sıgortalamasında, həm də bu sahə üzrə qanunvericiliyin təkmilləşdirillməsində əhəmiyyətli addım atmış olub.

Müəllif: Toğrul Quluzadə, Belçika Krallığının Qent Universitetinin LL.M elmi dərəcəli, Bakı Hüquq Mərkəzinin baş hüquqşünası

 

Son xəbərlər
Digər xəbərlər