16 C
Baku
Thursday, April 25, 2024

Azərbaycanda 5 səhmdar cəmiyyət satışa çıxarlıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 18 iyul 2017-ci il tarixində keçiriləcək yeni hərrac elan edilib.

Komitədən verilən məlumata görə, hərraca ümumilikdə 124 əmlak çıxarılıb. Bunlardan 25-i səhmdar cəmiyyəti, 21-i kiçik dövlət müəssisə və obyekti, 73-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye və digər sahələrə aiddir. Bu əmlaklardan 4-ü paytaxtın Sabunçu rayonunda, digərləri isə Gəncə, İmişli, Şirvan, Qazax, Sumqayıt və başqa bölgələrdə yerləşir. Kiçik dövlət müəssisələrinin əksəriyyəti torpaq sahəsi ilə birgə özəlləşdirilməyə çıxarılıb.

Hərracda yüksək start qiyməti ilə seçilən əmlak İmişlidə yerləşən Yardımçı təsərrüfatdır. Adıçəkilən əmlak 375 min manata təklif olunur. Bu əmlakın torpaq sahəsi 190 min kvadratmetrə yaxındır. Ümumi faydalı sahəsi isə 533,3 kvadratmetrdir. Bundan başqa, Gəncə şəhərində yerləşən Xronika kinoteatrı torpaq sahəsi və ilkin start qiymətinə görə fərqlənir. Belə ki, 978 kv.m olan əmlakın ilkin start qiyməti 139 min 500 manatdır.

Hərracda özəlləşdirməyə çıxarılan Gəncə şəhərində yerləşən Xronika kinoteatrı əlverişli biznes obyektidir. “Nəzərə alsaq ki, ölkəmizdə çəkilən kinoların və izləyicilərin sayı artmaqdadır investor həmin obyektə fəaliyyəti istiqaməti üzrə vəsait yatırmaqla yaxşı gəlir əldə edə bilər”, – deyə məlumatda vurğulanıb.

Bundan başqa, hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında 1 saylı yeməkxananı nümunə kimi göstərmək olar: “İmişlidə yerləşən həmin obyekt investorlar üçün iaşə sahəsində yaxşı qazanc deməkdir. Qiyməti isə əksər investorlar üçün münasibdir”.

İstifadəsiz qeyri-yaşayış sahələrinin isə biri Gəncədə, qalanları paytaxtda yerləşir. Bu kateqoriyaya aid edilən əmlakların ümumi faydalı sahəsi 7 kv.m-lə 295 kvadratmetr arasında dəyişir. Bu isə alıcıların seçim imkanını artıraraq onların fəaliyyətini əvvəlcədən planlaşdırmağa imkan verir.

Budəfəki hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye, aqrar, nəqliyyat, məişət, inşaat, istehsal, təmir və s. sahələrə aiddir. Hərraca çıxarılan iri müəssisələr sırasında “Salyan broyler”, “Qax Taxıl”, “Ağdaş Quşçuluq”, “Yevlax Yük Avtonəqliyyat”, “Salyan Aqrotexservis” kimi müəssisələr var. Bu kateqoriyaya aid edilən səhmdar cəmiyyətlərin nizamnamə kapitalı 8 min 274 manatla 1 milyon 1294 manat arasında dəyişir.

Hərraca çıxarılan 5 nəqliyyat vasitəsi müxtəlif dövlət qurumlarının balansında olan lakin xidməti istifadədən çıxarılmış nəqliyyat vasitələridir. Hər bir nəqliyyat vasitəsinin fotosu və müvafiq məlumatlar hərrac günündən 1 ay əvvəldən komitənin özəlləşdirmə portalında əks olunur.

Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür.

http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1973

Hərrac özündə şəffaflıq, rahatlıq, operativlik kimi prinsipləri cəmləşdirir. Belə ki,  istənilən şəxsin prosesdə iştirak etməsi şəffaflığı, iştirak etmək üçün prosesin olduqca az olması rahatlığı, qalib olan şəxsə əmlakları ilə bağlı çıxarışın verilməsi isə operativliyi təmin edir.

Xatırladaq ki, vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə prosedur kifayət edir. Bunun üçün privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır. Bundan əlavə, komitənin Özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır.

 

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər