15 C
Baku
Friday, March 29, 2024

Azərbaycanda daha 25 səhmdar cəmiyyət satışa çıxarıldı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün keçiriləcək hərracda 145 dövlət əmlakı özəlləşdirilməyə çıxarılacaq.

Qurumdan verilən məlumata görə, bunlardan 68-i kiçik dövlət müəssisə və obyekti, 49-u istifadəsiz qeyri-yaşayış sahəsi, 25-i səhmdar cəmiyyəti, 3-ü isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında quşçuluq, kənd-kimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Bərdə Tikinti Quraşdırma”, “Ağdaş Quşçuluq”, “İsmayıllı Təmir Tikinti”, “Yevlax Yük Avtonəqliyyat ”, “Sabirabad Təmir-tikinti ” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtla yanaşı İsmayıllı, Salyan, Neftçala, İmişli, Ağcabədi, Yevlax və digər rayonlarda yerləşir. Özəlləşdirilməyə çıxarılan əmlakların ümumi faydalı sahəsi 9 kv.m ilə 4 min 386 kv.m arasında dəyişir. Hərraca çıxarılan əmlaklardan ilkin satış qiyməti ən yüksək olanı Baləkən şəhərində yerləşən “Əmlak Kompleksi”- dir. Qeyd edilən obyektin torpaq sahəsi 89 min kv.m-dən çoxdur. Ümumi faydalı sahəsi 1 min 350 kv.m olan, paytaxtın Nizami rayonunda yerləşən “İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi” torpaq sahəsi ilə birlikdə hərraca çıxarılıb.

İnvestisiyalar hesabına belə müəssisə və obyektlərin maddi-texniki bazası yenidən qurulur, yeni sistemlər və texnologiyalar tətbiq olunur. Daha sonra fəaliyyətini genişləndirən bu kimi zavodlar, profil üzrə tələbatın ödənilməsində öz töhvəsini verir. Eyni zamanda gücləndirilmiş istehsal nəticəsində müəssisələr xarici bazarlara çıxış imkanı əldə edir. Bu isə ölkənin iqtisadi sahədə potensialının artmasına gətirib çıxarır.

Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən 36-sı paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Bu kateqoriyaya aid olanların ümumi faydalı sahəsi 14 kv.m ilə 547 kv.m arasında dəyişir. Obyektlərin sahələrinin müxtəlif olması investorların seçim imkanını artırır. Eyni zamanda alıcılar sərfəli qiymətə də əmlak sahibi ola bilərlər.

Son xəbərlər
Digər xəbərlər