21 C
Baku
Thursday, April 25, 2024

Azərbaycanda lisenziyaların verilməsi zamanı “bir pəncərə” prinsipi tətbiq ediləcək

Azərbaycanda lisenziyaların verilməsi zamanı “bir pəncərə” prinsipi tətbiq ediləcək. Bu barədə iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov cümə axşamı parlamentin İqtisadi Siyasət Komitəsinin iclasında “Lisenziyalar və icazələr haqqında” qanun layihəsini təqdim edərkən bildirib.

“Qanun layihəsi lisenziyaların verilməsi prosedurlarının sadələşdirilməsi və qaydalarının təkmilləşdirilməsini, lisenziyaların verilməsi zamanı “bir pəncərə” prinsipinin tətbiqini nəzərdə tutur”, – deyə o qeyd edib.

S.Məmmədovun sözlərinə görə, qanun layihəsində lisenziyalaşdırılmalı olan fəaliyyət növlərinin müəyyən edilməsi meyarları, lisenziya verən dövlət orqanlarının səlahiyyətləri və funksiyaları, lisenziyalar və icazələr sisteminin dövlət tənzimlənməsi prinsipləri, lisenziyalar və icazələrin verilməsi prosedurları öz əksini tapıb.

“Lisenziyalaşdırma sahəsində normativ-hüquqi baza mövcuddur, icazələrin tənzimlənməsi sahəsində isə baza natamamdır. Qanun layihəsi icazələr sahəsini də əhatə edəcək”, – deyə o qeyd edib.

Nazir müavini əlavə edib ki, qanun layihəsinə “susmaq razılıq əlamətidir” prinsipi daxil edilib, yəni lisenziyanın verilməsi ilə bağlı müraciətə baxılması üçün lazım olan müddətdə cavab gəlməsə, lisenziya avtomatik olaraq verilmiş hesab edilir. Qanun layihəsində həmçinin “müddətsiz lisenziya” anlayışı da nəzərdə tutulur.

Onun sözlərinə görə, qanun layihəsində lisenziya və icazələrin vahid reyestri, o cümlədən “Elektron lisenziya” portalının yaradılması nəzərdə tutulur.

S.Məmmədov qeyd edib ki, qanun layihəsinin hazırlanmasında Gürcüstan, Ukrayna, Moldova, Aİ ölkələrinin təcrübəsindən istifadə olunub.

Müzakirələrin sonunda komitə qanun layihəsini Milli Məclisin plenar iclasında birinci oxunuşa tövsiyə edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər