13 C
Baku
Friday, April 19, 2024

Azərbaycanda sahibkarlara 43 mln. manat güzəştli kredit verilib

Azərbaycanda yaradılan aqroparklarda fəaliyyət göstərmək istəyən sahibkarlara 43 mln. manat güzəştli kredit verilib. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

“Hazırda respublikada aqroparkların yaradılması istiqamətində işlər davam etdirilir. Bu məqsədlə aqroparklarda müasir istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına 43 mln. manat güzəştli kredit verilib”, – deyə məlumatda bildirilir.

Hazırda Şəmkir aqroparkında birinci mərhələ üzrə işlər yekunlaşmaq üzrədir. Aqroparkda 26 min ton tutumu olan logistika mərkəzinin yaradılması işləri tamamalanmaqdadır. Bundan başqa, müasir suvarma sistemlərinə əsaslanan iri fermer təsərrüfatı təşkil edilib. İkinci mərhələnin icrası üçün hazırlıq işləri davam etdirilir.

Nazirliyin məlumatına görə, digər regionlarda da aqroparklar yaradılır.

Xaçmaz rayonunda 523 hektar ərazidə yaradılmış Yalama Aqroparkında 3 min başlıq cins iri buynuzlu heyvandarlıq kompleksi, 385 hektar sahədə müasir suvarma sistemlərinin tətbiqi ilə iri fermer təsərrüfatı, gücü saatda 5 ton olan qüvvəli yem zavodu yaradılıb, tutumu 4,5 min ton olan taxıl anbarı və qurutma avadanlığı quraşdırılıb, su və elektrik enerjisi, qaz, eləcə də müasir texnika və avadanlıqla təmin olunub. Hazırda aqroparkda 1100 baş cins heyvan saxlanılır. Artıq bu heyvanlardan 471 baş bala alınıb. Təsərrüfatda gündəlik 10 tondan artıq süd emala göndərilir. Qısa müddətdə emala gedən südün həcminin gündəlik olaraq 25 tona çatdırılması gözlənilir. Heyvandarlıq kompleksinin yem bazasının formalaşdırılması üçün növbəli əkin sistemi tətbiq olunmaqla müxtəlif kənd təsərrüfatı bitkiləri – yonca, arpa və qarğıdalı əkilib.

“Bununla yanaşı, aqroparkda qabaqcıl texnologiyanın tətbiqi ilə gündəlik emal gücü 100 ton olan süd emalı zavodunun və 60 hektar ərazidə intensiv bağçılıq təsərrüfatının yaradılması nəzərdə tutulur. Hazırda Yalama aqroparkında 100 daimi iş açılıb”, – deyə məlumatda qeyd olunur.

İnterfaks-Azərbaycan

Son xəbərlər
Digər xəbərlər