15 C
Baku
Saturday, April 20, 2024

Azərbaycanda şirkətlərin hüquqi aspektdən zəif cəhətləri – Ekspert

Kapital Bank ASC-nin Hüquq departamentinin direktoru Emin Kərimov şirkətlərin hüquq şöbəsinin necə fəaliyyət göstərməli olduğunu haqqında öz təcrübəsini bölüşür

Korporativ fəaliyyətdə hüquqşünasların rolu çox vacibdir. Lakin bir çox hallarda şirkət hüquqşünaslarının həddindən artıq mühafizəkar (konservativ) yanaşmaları onların biznesdən təcrid olunmuş formada fəaliyyətə məcbur edir.

Bu yazımda əsasən şirkətlərin hüquq şöbələrinin öz müşahidələrimə əsasən zəif tərəfləri və şirkət üçün faydalı olan hüquq şöbəsinin (departamentinin) prinsipləri haqqında söz açacam. Qeyd etmək istərdim ki, bu yazıda “biznes” dedikdə hüquq şöbəsinə aid olmayan və şirkətin əsas gəlir mənbəyi olan şöbələr və fəaliyyət istiqamətlərini nəzərdə tuturam. Misal üçün zavodda bu istehsalat, satış və bəlkə marketing ola bilər.

Bankda müxtəlif növ kreditləşməni həyata keçirən istiqamətləri (departament, şöbələri) bu yazının məqsədləri üçün biznes hesab etmək olar. Hüquq şöbəsinin şirkətin digər (xüsusən də bizdes) şöbələri ilə münasibətlərinin bəzən gərgin olduğunu müşahidə etmək olar. Bir tərəfdən biznesə hüquq şöbəsinin dəstəyi çox lazımdır ancaq digər tərəfdən hüquqşünasların konservativ çərçivədə yanaşmaları biznesi narazı salır. Əlbəttə bir fakt danılmazdır ki, şirkət daxili (korporativ) hüquq şöbəsi dəstək (support) funksiyasıdır, zəruri və çox vacib dəstək fuksiyası. Şirkətin əsas fəaliyyəti hüquqi xidmətlərin göstəriliməsindən ibarət deyilsə o zaman hüquq fəaliyyətinin gəlir gətirən funksiya olduğunu gözləmək düzgün olmaz.emin_karimov_091215esas-866x428

Sovet dövründə kommersiya/biznes fəaliyyəti olmadığından o zamankı hüquqi şəxslərin də fəaliyyəti mənfəətə və keyfiyyətə istiqamətləndirilməmişdir. Azad rəqabətin olmadığı və hər şeyin monopoliya altında olduğu dövrdə uğurlu iqtisadiyatın formalaşması mümkün deyil idi və Sovet İttifaqının süquta uğraması bunun sübütüdür. Həmin mühitdə işləyən hüquqi şəxslərin (idarə və müəssisələrin) hüquqşünasları (hüquq şöbələri) də əksər hallarda nominal xarakter daşıyaraq daha çox kargüzarlıq, kard və katiblik funksiyaların elementlərini özündə əks edirdi.

Digər vacib amil təhsil idi – hüquqi təhsil. O vaxtkı hüquq fakultələri əsasən hüquq-mühafizə və məhkəmə işçilərinin hazırlanması istiqamətində çalışdığından hüquq təhsili əsasən qadağan etmə prinsipi əsasında qurulurdu. Müəyyən hallarda qanunvericiliyin əsasən qadağan edici normalarının tətbiq etməklə məsələni bağlamaq və missiyanın uğurla həll olunduğu tədris olunurdu. Həmçinin əksər hallarda qanunun hərfi tətbiqetmə prizmasından yanaşmaya üstünlük verilirdi. Nəticədə böyük əksəriyyətdə qanunvericiliyi hərfi olaraq tətbiq edən və əsasən nəyinsə qadağan olub-olmaması prinsipi ilə işləyən hüquqşünasları hazırlanırdı.

Sovet İttifaqının süquta uğramasına bağmayaraq, ölkəmizin hüquq təhsilində köhnəlmiş konservativ yanaşma hələ də davam etməkdədir. Təxmini 5-6 nəfər sözün əsl mənasinda fədakar müəllimləri saymaq olar ki, onlar yenilikçi, müasir yanaşma və metodları ilə hüquq təhsilinin səviyyəsini qaldırmağa çalışırlar. Həmin müəllimlərin bir çoxu özəl sektorda çalışan hüquqşünaslardır.

Bütün bu amillər hüquq təhsilinin müasir biznes tələblərindən geri qalmasına səbəb olur. Artıq beynəlxalq səviyyətə çıxmış və dinamik Azərbaycan biznesinə kreativ, çevik və problemi həll etmə (problem solving) düşüncə tərzinə sahib hüquqşünaslar lazımdır, lakin reallıqda əsasən konservativ və qadağan edici düşüncə tərzinə malik hüquqşünaslar üstünlük təşkil edir.Bu da öz növbəsində digər amillərlə yanaşı hüquq peşəkarların və biznes peşəkarların fikr ayrılığına səbəb olur. Hər iki tərəf qarşı tərəfə haqlı narazılığını bildirir. Hüquq şöbələri deyir ki, onlar öz “qadağaları” ilə biznesi bir çox risklərdən qoruyurlar. Biznes şöbələri deyir ki, bu yanaşma ilə hüquq şöbəsi biznesi “öldürür”. Həqiqət hardasa ortadadır. Biznes fəaliyyəti təbii ki özündə riski ehtiva edir. Ola bilsin burda vacib amillərdən biri konservativliyə üstünlük verən hüquqşünasların risk tolerantlığının aşağı olması və eyni zamanda biznes proseslərdən uzaq olmalarıdır. Müxtəlif sektorlarda biznesin inkişafını və dəyişməsini görmək mümkündür.

Fəqət, şəxsi müşahidələrimə görə, konsaltinq şirkətlərini və az sayda digər şirkət və bankları istisna olmaqla, şirkətlərin hüquqi şöbələrində zəruri yeniliklər çox ləng gedir. Yəni korporativ hüquq şöbələri hazırki biznesin tələbləri ilə ayaqlaşa bilmirlər. Əvvəllər əsasən biznes istiqamətlərinə aid olan strategiya, KPİ, illik, rublük fəaliyyət planı (operational plan), hərəkət planlaması (action planning), budgə idarəetmə (budgeting), layihə aparma (project management) və sair ifadələr artıq şirkətlərin hüquq şöbələrinə daxil olur. Şirkət menecmenti hüquq şöbələrindən qeyd edilən prosedur və sənədlərin hazırlanmasını, dəyişən biznes reallığına uyğunlaşmalarını tələb edirlər. Bəzən hüquq şöbələri tərəfindən bu tələblər və yeniliklər müəyyən etirazla qarşılanır. Lakin, bu qaçılmaz bir prosesdir. İrad və etirazlara baxmayaraq dəyişən biznes mühitə uyğunlaşmaq və müasir biznesin tələblərinə cavab vermək lazımdır.

Yekunda, şirkətin hüquq şöbələri biznesə dəstək funksiyasıdır və peşəkarlar arasında artan rəqabətli mühitdə əvəzedilməz kadrlar olmur. Ənənəvi olaraq, şirkət hüquqşünaslarının fəaliyyətinin bir qismi məhkəmələrdə şirkəti təmsil etməkdən ibarət idi. Digər qismi müəyyən kadr işinə dəstək və bəzi müqavilə işinin təşkilindən ibarət idi. Hazırda bu modelə tez-tez rast gəlmək olar. Şirkətlərin hüquq şöbələrinin qarşısında duran müasir tələblər artıq onların rollarına, funksiyalarına və alətlərinə yeni yanaşma tələb edir. Artıq şirkətlərə risklər baş verəndə onları həll etməyə çalışan yox, onları öncədən müəyyən edən və biznesə dəstək olan hüquq komandası lazımdır.Təcrübədə biznes şöbələrin konservativ hüquq şöbələri ilə hətta müəyyən münaqişələri də olur. Baxmayaraq ki hər iki tərəf öz rollarını düzgün icra etməyə çalışırlar. Bəzi hallarda şirkətlərin daha çöx biznes yönümlü rəhbərliyi də hüquq şöbələrini bir az məsafədə saxlamağa çalışırlar. Ənənəvi hüquq şöbəsi şirkətin bir “arxa ofisini” (back office) tərkib hissəsi olan daxili konsultasiya xidməti göstərən şöbəsidir. Hazırki dövrdə hüquq şöbələri şirkətlərdə öz ənənəvə funksiyaları ilə yanaşı həmçinin biznesin bir inteqral hissəsinə çevrilməlidirlər. Onların rolu əvvəlkindən daha çox kompleksli olur. Artıq problemlərin məhkəmə yolu ilə həll olunması prioritet hesab edilmir, xüsusi ilə şirkətlərin reputasiya riskini nəzərə alaraq. Bəzi hallarda həmin məsələlər “Pirr qələbəsi” ola bilər. Müasir hüquq şöbələri üzərinə artıq idarəetmə funksiyaları qoyulur, onlar digərləri ilə öhdəlik və məsuliyyəti bölüşməlidirlər. Korporativ hüquqşünaslar şirkətin bir çöx məsələlərinə və qərarlarında iştirak etməlidirlər, müxtəlif yeniliklərin hazırlanmasında iştirak etməlidirlər. Artıq tələb olunur ki, hüquqşünaslar mövcud hüquq və digər riskləri proses daxilində müəyyən etsinlər və qərar vermədə (və təbii ki məsuliyyətin bölüşməsində) iştirak etsinlər. Şirkətlərin hüquq şöbələrinin biznesdən təcrid qalmaları artıq qəbul edilməzdir. Gözlənir ki, hüquq şöbələri biznes inkişafı əməliyyatlarda daha aktiv iştirakçılarına çevriləcəklər. İstər-istəməz hüquq şöbələri (korporativ hüquqşünaslar) dəyişən mühitə və tələblərinə uyğunlaşmalıdırlar.

Getdikcə “biz sadəcə hüquqi məsələlərə baxırıq” ifadəsi biznesi qane etməyəcəkdir. Şirkətlərə artıq məcəllələrdən sitat gətirən hüquqşünaslar yox, şirkətin biznes proseslərini anlayan və iştirak edən biznes məsləhətçi düşüncəli hüquq şöbələri lazımdır. Mühitin bu təzyiqləri altında hüquq şöbəsinin iş prosesi də dəyişikliyə məruz qalır. Köhnə “katiblik” və “əlavə quş qoymaq” yanaşması artıq aktual deyil. Hazırki mühitin tələblərinə uyğun olan hüquq şöbəsinin formalaşdırmasının müxtəlif üsul və yolları vardır. Şirkətin fəaliyyət sahəsi, ölçüsü və strategiyasından asılı olaraq həmin üsullar fərqlənə bilər. Düşünürəm ki, müxtəlifliyindən asılı olmayaraq bütün bu üsullar bir sıra əsas prinsiplər əsasında qurulur və onlar bütün hüquq şöbələrinə tətbiq oluna bilər.

Müştəri düşüncəsi. Hüquqi xidmətlərin göstərilməsinin uğurlu nümusəsi kimi – hüquq firmalarını göstərmək olar. Məhz onlarda bazar iqtisadiyyatının tələblərinə uyğun hüquq və biznesin birgə tətbiqinin şahidi olmaq olar. Əlbəttə hüquq firması konsepsiyasını tam olaraq korporativ (in-house) hüquq şöbələrinə tətbiq etmək mümkün deyil. Lakin ən əsas bir prinsip var ki, onu uğurlu tətbiqi mümkündür. Bu da müştəri yönlü yanaşmanın qurulmasıdır. Hər bir şirkətin öz korporativ ənənələri (mədəniyyəti) mövcuddur. Həmin mədəniyyət əsasında şirkətdə işlərin görülməsinə yanaşma formalaşır. Bəzən həmin korporativ mədəniyyət şirkəti daxili işlərin və proseslərin uğurlu və ya uğursuz olmasının səbəbidir. Bundan irəli gələrək, korporativ hüquqşünasların fəaliyyəti müəyyən formal çərçivələrlə məhdudlaşır və onlara icraçı psixologiyası yeridilir. Müştəriyönlü düşüncə dedikdə, hüquq şöbələrinin şirkətlərinin daxilində müəyyən mənadə “hüquq firması” funksiyasını tətbiq etmək və digər şöbələri “firmanın” müştəriləri kimi qəbul edilməsi nəzərdə tutulur. Bir tərəfdən bu hüquq şöbəsinin biznesin önəmli dəstək fuksiyasının olması haqqında daimi xatırladıcıdır. Digər tərəfdən isə “müştərinin” məsələlərinin kompleks həllinə çalışaraq keyfiyyətli xidmət vasitəsilə onun yenidən “firmaya” gəlməsini təmin etməkdir. Korporativ hüquqşünasların əsas işi tək keyfiyyətli icradan ibarət olmamalıdır. Şirkəti daxili “müştərilərinin” biznes məsələlərinin həlli istiqamətində keyfiyyətli və səriştəli yanaşmanın qurulması hüquq şöbəsinin vacib missiyalarından biri olmalıdır. Korporativ hüquqşünaslar şirkətin biznes proseslərində proaktiv pozisiyadan çıxış etməlidirlər və öz düzəlişlərini həmin proses çərçivəsində həyata keçirməlidirlər.İstisna deyil ki, korporativ hüquqşünasları müstəqil intelektual qüvvə kimi deyil sadəcə qərarların icraçısı kimi qəbul edən bəzi şəxslər bu yanaşmanı şübhə ilə qarşılasın. Burda artıq hər hüquqşünas öz yolunu seçməlidir. Kiminsə üçün öyrənilmiş və komfortlu icraçı rolu daha rahat ola bilər.”Hüquqi rəsmiləşdirici” rolundan tam hüquqlu biznes məsləhətçisinə keçid prosesi müəyyən çətinliklərlə bağlıdır. Vaxt keçdikcə, şirkətlərin biznes istiqamətləri hüquq şöbəsini artıq suallara “məcəllədə/qanunda nəzərdə tutulmayıb” cavabını verən və başqa üsullarla “əqdi öldurən” (deal killer) şirkət mühafizəçisi kimi deyil, fikri yüksən dəyərləndirilən biznes müşaviri kimi qəbul edəcəklər.

İşdə layihə  standartlaşma metodu. Bizneslərdə beş verən dəyişikliklər və yenilənmələrin yanında hüquq şöbələrinin etibarnamələrin verilməsi və daxili rutin işlərdə “viza” qoymaqla davam etməsi məğbul deyil. Hüquq şöbələrinin öz rutin və gündəlik “axınında” olan işlərini analiz etmələri və mükün gədəri standartlaşdırıb digər şöbələrlə prosesi bölüşdürməlidirlər. Bununla yanaşı layihə metodunu təşkil etməklə korporativ hüquqşünası əqd prosesinin iştirakçısı etmək önəmlidir. Bu halda hüquqşünas layihənin içində olaraq, prosesin bütün zəruri detalları barədə məlumatlı olacaqdır və ilkin mərhələdə zəruri müdaxiləni və dəstəyi təmin etmək imkanına malik olacaqdır. Beləliklə, hüquq şöbəsinin fuksiyası sonda hər hansı işin məhsulunu formal “vizalamaqdan” çıxaraq daha məqsədəuyğun dəstəyə çevriləcəkdir.Belə olan halda hüquq şöbəsi gələcək əqdin, biznes prosesin ilkin mərhələlərindən təsir göstərə biləcəkdir və “müştəriyə” daha effektiv dəstək göstərəcəkdir. Əksər sualları məhz proses çərçivəsində həlli daha məqsədəuyğundur, nəyinki hüquq şöbəsi sonda düzəlişlərin olunmasını zəruri olduğunu söyləsin. Layihənin içində olmayan korporativ hüquqşünas onun zəruri detalları və xüsusiyyətlərindən xəbərsiz qalır və o tələb olunan “əlavə dəyəri” (qatma qəyəri) təqdim edə bilmirlər. Azərbaycan korporativ mühitində dərin oturuşmuş hüquqşünasın “müşahidəçi” psixologiyasını dəyişmək asan deyil. Lakin o dəyişikliksiz korporativ hüquqşünasların keyfiyyətini artırmaq mümkün deyil.

Hüquq işinin mərkəzləşdirilməsi. Şirkətlərin müxtəlif struktur bölmələrində, filiallarında və biznes şöbələrində öz hüquqşünaslarının olmasına tez-tez rast gəlmək olar. Filial şəbəkisə malik olan şirkətlərdə filial rəhbərlərinə tabe olan hüquqşünasların olması təcrübəsinə də rast gəlinir. Hesab edirəm ki, bu təcrübə ugurlu deyil. Korporativ hüquqşünasların “müştərilərin” tabeçiliyində olması onların obyektivliyini şübhə altına salır, maraqların konfliktinə səbəb olur. Beznes strukturlarına tabe olan korporativ hüquqşünas öz tərəfsizliyini itirir və risklərin obyektiv qiymətləndirə bilmir. Hüquqşünas layihənin (əqdin) tez bitməsində (bağlanmasında) marağı olan biznes menecerindən müstəqil və onun nəzarətindən azad olmalıdır. Həmçinin təcrübə göstərir ki, digər struktur və şöbələrdə işləyən korporativ hüquqşünasların işlərinin keyfiyyətini həmin şöbənin rəhbərləri və heyəti tərəfindən adekvat qiymətləndirilmir. Misal üçün “müştərinin” öz daxili korporativ hüquqşünasının ingilis dilini yaxşı bilməsi və müqaviləyə tez “viza” qoymasını yüksək qiymətləndirməsi, heçdə həmin hüquqşünasın peşəkarlığını ehtiva etmir. Bu təcrübədə həmçinin hüquqşünaslar arasında zəruri bilik və məlumatın bölüşmə prosesinə əlavə baryer yaradır. Bu da şirkətdə hüquq şöbəsinin vahid komandasının formalaşmasına mane olur. Bütün hüquqşünasların tək şöbə daxilində yığılması imkan verir ki, hüquq analizi və auditi həmişə obyektiv olsun. Hüquqi standartlar və resurslar vahid və mərkəzləşdirilmiş olsun və “müştərilərə” xidmətin keyfiyyəti obyektiv ölçülsün.

Keyfiyyət kəmiyətdən vacibdir. Hüquq şöbələrinin işə yanaşmalarının dəyişmələri, onların işlərinin keyfiyyətinə dair tələbləri də artırır. Texniki biliklərlə yanaşı (sənədlərlə iş, müqavilələr, xarici dil və s) korporativ hüquqşünaslar bir sıra digər bacarıqlara da sahib olmalıdırlar. Məsələn, danışıqlar aparmaq, stress və konflikt halları idarə etmək, təşkilatçılıq, təşəbbüslük və nəticəyə yönümlük (result oriented). Yuxarıda qeyd etdiyim ki, korporativ hüquqşünasların sadəcə digərlərin qərarları üzrə icraçılıq funksiyası artıq hazırki mühitə uyğun deyil. Hüquq şöbələrinə komandada işləyə bilən, müstəqil olaraq öz qarşısında məqsədləri qoyan və həll edə bilən, müxtəlif problemi onun mümkün həlli ilə birlikdə təqdim etmək bacarığına sahib olan (completed staff work konsepsiyası üzrə işləyə bilən) mütəxəssislər lazımdır.

Bilik mübadiləsi/ Şəxsi inkişaf (self development). Uğurlu hüquq şöbəsinin təməli bilikli (təcrübəli) və kreativ komandanın əsasında qurulur. Şirkətin hüquq şöbəsində fərqli təcrübəyə malik olan hüquqşünaslar olur. Bu müxtəliflikdən faydalaşmaq çox önəmlidir. Bilik mübadiləsi və daim öz üzərində işləmək şöbə daxilində hamının “bir dildə” danışmaq imkanını yaradır, eyni zamanda sağlam rəqabəti dəstəkləyir. Şirkətlərin rəhbərləri və hüquq şöbələrinin rəhbərləri korporativ hüquqşünasların inkişafına və biliklərinin artırılması zəruri diqqət yetirməlidirlər. Lakin bu işdə əsas yük korporativ hüquqşünasların öz üzərilərinə düşür. Şəxsi inkişaf və bilik artırması davamlı bir prosesdir və 3-5 günlük treninqlərlə yekunlaşmır, xüsusilə hüquq sahəsində. Biznesin bütün sahəsində olduğu kimi korporativ hüquqda da rəqabət artır.

Misal üçün, xarici dil biliyinə tələb artır və bu tələbə cavab verə bilməyən hüquqşünaslar müəyyən çətinliklərlə qarşılaşır. Bəzi hüquqşünasların buna etirazına baxmayaraq, hesab edirəm ki buna obyektiv səbəblər var. Hüquqşünas, xüsusilə biznesdə işləyən biri, müxtəlif məsələlər haqqında bilik və təcrübəni fərqli mənbələrdən əldə etməli və öyrənməlidir. Kommersiya hüququ sahəsində ədəbiyyatın vəziyyəti hamıya məlumdur. Tək qanun və digər normativ aktları oxumaqla iş bitmir. Müqayisəli hüquqi araşdırma aparmaq və öyrənmək üçün isə xarici dil obyektiv zəruriyyətə çevrilir. Bununla belə, bir müddət əvvəl müəyyən rəqabət üstünlüyünü verən hüquq üzrə magistr (LLM) dərəcəsi ilə artıq işəgötürənləri təəcübləndirmək çətindir. Çünki zaman keçdikcə obyektiv olaraq maqistatura təhsili alanların sayı çoxalır və tək LLM-in olması az təsir gücünə malikdir.

Artıq tələb olunur ki, korporativ hüquqşünas öz işinin keyfiyyətində sahib olduğu dərəcənin fərqliliyini nümayiş etsin. Bu həm hüquqi analizdə və xarici (beynəlxalq) təcrübənin öyrənilməsində özünü göstərə bilər. Eyni zamanda korporativ hüquqşünasların müxtəlif məsələlər üzrə praktiki və akademik məqalə və materialların yazılmasına tələb artır. İşəgötürənlər üçün bu ilk növbədə bilik və bacarığın nümayiş etmək və analiz bacarığının göstəricisidir. Həmçinin hüquqşünasın öz rəqabət üstünlüyünün nümayiş etdirilməsidir.Əksər hallarda hüquqşünaslar bu işləri vaxt çatışmamazlığından görə bilmədiklərini söyləyirlər. Qeyd etmək lazımdır ki, vaxt həmişə çatmır və gələcəkdə də hardansa əlavə vaxtın gəlməsini gözləmək sadəlövlük olardı.

Bu gün vaxt yoxdur, sabah isə artıq güc və imkan olmayacaqdır. Zaman isə bir yerdə durmur.

Son xəbərlər
Digər xəbərlər